İflasa uğramış həmsədrlərin “canlanma” cəhdləri

İflasa uğramış həmsədrlərin “canlanma” cəhdləri

13 Aprel 2021 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

30 ilə yaxın müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçilik missiyasını yerinə yetirmək funksiyası daşıyan ATƏT-in Minsk Qrupunun fəaliyyəti iflasla nəticələndi. Qurum konkret olaraq gözləntiləri doğrulda bilmədi. Lakin Minsk Qrupunun həmsədrləri məhz Azərbaycan öz milli gücü vasitəsilə münaqişəni həll edəndən sonra “dirilməyə” - “canlanmağa" başladı. Yaxud “siyasi reanimasiyadan çıxdığı” görüntüsünü yaratmağa çalışdı. Reallıq budur ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə və ya vasitəçilik missiyasını yerinə yetirməyə hər hansı bir ehtiyac yoxdur.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri politoloq Nurlan Qələndərli deyib.

Politoloq qeyd edib ki, bu gün həmsədrlər yenə də hər hansı bir funksiya yerinə yetirmək istəyində, özlərini missiya daşıyıcısı kimi göstərmək niyyətindədirlərsə, heç olmasa, postmünaqişə dövründə Ermənistanın üçtərəfli Bəyanatın icrası ilə bağlı öhdəliklərinin yerinə yetirilməsində israrlı olsunlar:

“Məsələn, minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən təqdim olunmaması mülki şəxslərin həlak olmasına səbəb olur ki, bu da müharibə cinayətidir. Və bu kimi digər neqativ halların qarşısını almaq üçün Ermənistanın beynəlxalq sanksiyalar, təzyiqlər vasitəsilə üçtərəfli Bəyanatın icra olunmasına məcbur edilməsi strateji zərurətdir. Bəlkə, postmünaqişə dövründə varlığını göstərmək istəyən ATƏT-in Minsk Qrupunun həmsədrləri məhz bu məsələlərlə bağlı fəallıq göstərsinlər?! Təbii ki, bunu etməyəcəklər, çünki hər zaman siyasi səmimiyyətdən uzaq olublar.

Ancaq məsələ budur ki, Azərbaycan 10 noyabr Bəyanatının icrası ilə bağlı beynəlxalq hüquqa uyğun güc tətbiqinə başlayanda və yaxud erməni silahlı birləşmələrinin öz ərazilərindən çıxmayacağı halda antiterror əməliyyatına başladıqda, Minsk Qrupu yenə “aktivləşəcək”. Belə görünür ki, bu təsisat münaqişəni həll etmək üçün yox, həllinə mane olmaq və problemi saxlamaq üçün çalışır”.

Politoloqun sözlərinə görə, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən Azərbaycanın bu təsisata ehtiyacı yoxdur:

“Ölkəmiz bütün hallarda təxribatçı hərəkətlərin qarşısını almaq iqtidarındadır və özünün yaratdığı yeni reallıqlar fonunda geostrateji hədəflərini addım-addım gerçəkləşdirir”.