Azərbaycan Rusiyanın istəyi ilə  KTMT-yə və AİB-ə üzv olacaqmı?

Azərbaycan Rusiyanın istəyi ilə KTMT-yə və AİB-ə üzv olacaqmı?

16 Aprel 2021 16:19
Bəyəndim (0) Bəyənmədim (0)

“Rusiyada Azərbaycan üçün yeni mövzu tapıblar: Dağlıq Qarabağ münaqişəsi bitdiyindən Azərbaycan Avrasiya İqtisadi Birliyinin (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsun!”.

Oxuməni.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil:

“Çünki Rusiya müharibədən əvvəl və müharibə zamanı Ermənistanı istənilən qədər silahla təhciz etdi və bu proses indi də davam edir. Həmçinin Rusiya bu günə qədər Azərbaycan ərazisinə atılan “İsgəndər-M” raketlərinə aydınlıq gətirməyib. Bunun qarşılığında Azərbaycanın Türkiyə ilə hərbi ittifaqı güclənib və bu ittifaq getdikcə güclənəcək. İki il öncə “Azərbaycanın KTMT-yə üzvlüyü mümkündür”,- fikrini səsləndirən millət vəkillərindən biri ilə qiyabi polemikamız oldu. O fikrini belə əsaslandırırdı ki, Azərbaycan KTMT-yə üzv olsa, Rusiyadan daha münasib qiymətə hərbi texnika alacaq. Həqiqətən, Azərbaycan bir neçə il ərzində Rusiyadan hərbi texnika alıb, ancaq sonra bu sahədə əsas tərəfdaşlarımız Türkiyə, İsrail və Belarus olub. Misal üçün Azərbaycan ötən il Rusiyadan hərbi texnika almayıb. Bu, bizə artıq lazım deyil. Rusiyanın hərbi texnikasıyla Hərbi Qənimətlər Parkında tanış olmaq mümkündür. Ona görə “KTMT-yə üzv olaq və Rusiyadan ucuz qiymətə hərbi texnika alaq”, - bəhanəsi artıq işləmir”.

AİB-ə gəldikdə isə E.Şahinoğlu vurğulayıb ki, bu quruma üzv olan ölkələr belə, təşkilatdan narazıdır:

“Türkiyə və Azərbaycan Türk Şurasını gücləndirməyə qərar verib. AİB-in üzvü olan Qazaxıstan və Özbəkistan da bunda maraqlıdır. Ancaq əgər Zəngəzur dəhlizi işə düşərsə və bununla regional layihələrin reallaşması sürətlənərsə, AİB-ə maraq arta bilər. Bu məsələdə Bakı ilə Ankaranın koordinasiyası vacibdir”.