Yaqub Mahmudovun “Dünya tarixində Azərbaycan dövlətçiliyi” kitabı çapdan çıxdı
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Elmi Şurasının 2025-ci il 26 dekabr tarixli qərarı ilə “Dünya tarixində Azərbaycan dövlətçiliyi” adlı kitab nəşr olunub.
Oxuməni.az xəbər verir ki, əsərin müəllifi AMEA-nın müşaviri, BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudovdur.
Oxuculara təqdim olunan bu kitabda Azərbaycanın qədim və zəngin dövlətçilik tarixinə ümumdünya tarixi fonunda nəzər salınır və ilk dəfə olaraq dövlətçilik tariximiz aşağıdakı kimi dövrləşdirilir:
1) Ən qədim zamanlardan İslama qədərki dövrdə Azərbaycan dövlətçiliyi;
2) İslam dininin qəbulundan sonrakı dövrdə Azərbaycan dövlətçiliyi (VII-XVIII əsrin II yarısı);
3) Rusiya işğalları və Azərbaycan dövlətçiliyinin aradan qaldırılması;
4) Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdə Azərbaycan dövlətçiliyinin dirçəlişi: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) və Cənubi Azərbaycan Milli Hökuməti (1920);
5) Şimali Azərbaycanda kommunist rejimi;
6) Azərbaycan dövlətçiliyinin Heydər Əliyev dövrü;
7) Dövlətçilik tariximizin İlham Əliyev dövrü.

Əsərdə Azərbaycanın ən qədim dövlət qurumlarından, Manna dövlətindən, İskit və Massaget şahlıqlarından, Atropatenadan, Albaniyadan, Azərbaycan-türk sülalələrinin idarə etdiyi geniş ərazili dövlətlərdən (Sacilər dövləti, Azərbaycan Atabəylər dövləti, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları) və Azərbaycan Xalq Cümhuriyyətindən ayrı-ayrılıqda bəhs olunur. Əsərin “Şimali Azərbaycanda dövlətçiliyin dirçəlişi: Azərbaycan Xalq Cümhuriyyəti (1918-ci il may - 1920-ci il aprel)” yarımbölməsində Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etməsi xüsusi qeyd edilir, bu məsələ kitabdakı illüstrativ materiallarda da öz əksini tapıb.Kitabda Ulu Öndər Heydər Əliyevin ağır kommunist rejimi şəraitində Azərbaycanın dövlətçilik ənənələrini uğurla davam etdirməsi xüsusi vurğulanır. Kitabın “Dövlətçilik tariximizin İlham Əliyev dövrü” bölməsində Azərbaycan Respublikasının tarixi uğurlarından, xüsusilə Qarabağ Zəfəri və suverenliyimizin tam təmin olunmasından ayrıca bəhs edilir. “Əlavələr” bölməsində verilən materiallar (xəritələr, bayraqlar və sikkələr) əsərin ümumi məzmununu tamamlayır. Əsərə, həmçinin tarixi şəxsiyyətlərimizin şəkilləri də daxil edilib.
Akademik Yaqub Mahmudovun yeni əsərində qeyd olunur ki, Azərbaycanın dövlətçilik tarixi 5 min ildən artıq bir tarixi dövrü əhatə edir. Şərqdə ən qədim sivilizasiyaların ayaq açıb yeriməyə başladığı ərazilərdən birində – Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və İran körfəzi arasındakı regionda geniş və münbit torpaqları əhatə edən Azərbaycan ərazisi Babilistan, Misir, Hindistan və Çinlə yanaşı qədim Şərqin ən qədim dövlətlərinin yarandığı tarixi məkanlardan biridir. Bu diyarda – tarixi Azərbaycan ərazisində ilk tayfa birliyindən başlamış ən müasir demokratik, hüquqi və dünyəvi respublikaya qədər dövlət idarəçiliyi mədəniyyətinin bütün mərhələləri tarixi ardıcıllıqla bir-birini əvəz edib. Bu baxımdan Azərbaycan xalqının dövlətçilik mədəniyyəti Yer kürəsində dövlətçilik tarixinin nadir faktlarından biridir.
Akademik Yaqub Mahmudov bildirir ki, hələ VI-VII əsrlərdə Azərbaycan formalaşmaqda olan ilk Oğuz dövlətinin tərkibinə daxil idi. Elmə “Albaniya” adı ilə daxil edilən Şimali Azərbaycanın bütün geniş əraziləri, xristianlığın yayılmış olduğu bəzi dağlıq qərb bölgələri istisna olmaqla, Oğuz türkləri tərəfindən idarə olunurdu. Oğuz qəhrəmanları Azərbaycanda İslam dininin yayılmasında fəal iştirak edirdilər.
Yeni nəşrdə, həmçinin yazılır ki, bu diyarı Əhəməni və Sasani İran imperiyaları, Ərəb Xilafəti, Osmanlı dövləti, çar Rusiyası kimi böyük dövlətlər, II Kir, Makedoniyalı İskəndər, Əmir Teymur və I Pyotr kimi cahangirlər ələ keçirməyə çalışsalar da, onların bu niyyəti baş tutmadı. Əhəmənilərin, Sasanilərin, Xilafətin, İran-fars şovinistlərinin yeritdikləri assimilyasiya siyasəti, çar Rusiyası və Sovet-bolşevik rejiminin həyata keçirdiyi repressiyalar, soyqırımları və sürgünlər də Azərbaycan xalqını sarsıda bilmədi və onun qədim dövlətçilik ənənələrini məhv etməyi bacarmadı. Azərbaycan xalqının dövlətçilik mədəniyyəti bu baxımdan da dünya dövlətçilik tarixinin ən nadir nümunələrindən biridir.
Qeyd edək ki, “Dünya tarixində Azərbaycan dövlətçiliyi” kitabının baş elmi məsləhətçisi AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, elmi məsləhətçiləri BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov və AMEA-nın Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, dosent Güntəkin Nəcəfli, rəyçiləri tarix üzrə fəlsəfə doktorları Mehman Abdullayev və Sayad Mehdizadə, elmi redaktorları tarix üzrə fəlsəfə doktoru Sevinc Məlikzadə, tədqiqatçı Nazim Xəlilov və tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev, dizayner və texniki redaktoru riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayeva, korrektoru isə Alidə Quliyevadır.
Oxuməni.az
































































































