Baş prokuror Rəşitjan Kodirovu qəbul edib

Baş prokuror Rəşitjan Kodirovu qəbul edib

4 May 2011 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Baş prokuror Zakir Qaralov Özbəkistanın baş prokuroru və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Z. Qaralov görüşdə, 2010-cu ilin sentyabr ayında "Özbəkistan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq və hüquqi yardım haqqında Saziş"in imzalanmasının ölkələrimizin prokurorluq orqanları arasında münasibətlərin məzmunca yeni müstəviyə qaldırılmasında mühüm rol oynadığını bildirib. Ermənistan-Azərbaycan münaqişəsinin həllində Özbəkistanın həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, 2008-ci ildə BMT Baş Məclisində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair məsələ ilə bağlı səsvermə zamanı Özbəkistanın obyektiv mövqeyinin əhəmiyyəti vurğulanıb. Baş prokuror Z.Qaralov son illər Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara məlumat verib.

Azərbaycanda həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərdiyini diqqətə çatdıran R. Kodirov hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulayıb, iki ölkənin müxtəlif sahələrdə əlaqələrinin sürətlə inkişaf etdiyini, xüsusilə prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsinin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Tofiq Əliyev

O.M