Bakıda Beynəlxalq konfrans keçiriləcək
Azərbaycan
Müəllif Hüquqları Agentliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Bakıda "İT-İP: yeni biliklərin ötürülməsi və qorunması" mövzusunda beynəlxalq
konfrans təşkil edəcək.
Nazirlikdən verilən məlumata görə, 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət gününə
həsr olunan tədbirdə əqli mülkiyyətin qorunması, mənimsənilməsi və əqli
mülkiyyətin qorunma üsulları haqqında maarifləndirmə səviyyəsinin artırılması
və bu kimi digər məsələlərin müzakirə olunacağı gözlənilir.
Beynəlxalq Əqli Mülkiyyət gününün builki mövzusu "Gələcəyi planlaşdırarkən"
adlanır. Sənaye nümunələri, dizayn, onların cəmiyyətdə və gələcəyin
innovasiyalarında rolu kimi istiqamətlərə xüsusi diqqət yetirilir. Bu məsələ
Bakı konfransında da müzakirə olunacaq.
Sözügedən tədbirdə millət vəkilləri, dövlət strukturlarının və qeyri-hökumət
təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir. Tədbir internet
vasitəsilə yayımlanacaq.
Əqli mülkiyyəti qorumaq üçün ağlın özünü qorumaq lazımdır. Gələcəyi planlaşdırmanın yolu budur...
Hafiz Əhmədov
O.M.