“Onun yarısı”nda evləndi, amma xoşbəxt ola bilmədi!

“Onun yarısı”nda evləndi, amma xoşbəxt ola bilmədi!

25 Yanvar 2013 14:53
Bəyəndim (0) Bəyənmədim (0)
ATV tərəfindən aldadıldığını, borca salındığını deyən 26 yaşlı Amil Verdiyev maddi problemlər ucbatından hamilə arvadı ilə ayrı yaşayır

Deyirlər, televiziya cəmiyyəti əks etdirən sehrli bir güzgüdür. İndi həyatda görmədiklərini asanlıqla mavi ekranda görmək olur. Məsləhətsiz adamlar məsləhət verir, həkimə ehtiyacı olanlar həkimlik edir, əsgərlikdə olmayanlar qəhrəmanlıqdan danışır, evlənməyənlər evləndirir, itirənlər axtarır, kimlərsə namusdan danışır və sair. Bu baxımdan televiziyanı sehrli adlandırmaq olar. Ona güzgü də demək olar, çünki güzgü reallığı tərs göstərir.

"Pərdə arxası" rubrikasının bugünkü qonağı da mavi ekranın qurbanı olub. Onu siz də tanıyırsınız. Tanımayanlar üçün qeyd etmək istəyirəm ki, böyük yük altına girən balaca boylu qəhrəmanım kiçik istəklər uğruna böyük yalanların qurbanı olub.

- Xoş gördük, Amil, "Oxu məni"yə xoş gəldin və gəlişinin səbəbini nə ilə izah edə bilərsən?

- Xoş gününüz olsun. "Oxu məni"yə gəlişimin səbəbi odur ki, mən bir az tanınmışam, sadəcə bir müddətdir efirlərdən kənarda qalmışam. Əvvəllər heç kim məni tanımırdı. Kompleks edirdim ki, məni tanımırlar, insanlar mənə qarşı qeyri-səmimi, aqressiv davranırlar. Evdə oturub çox fikirləşirdim. Bu anlarda telekanalların birindən yayımlanan proqramların birindən mənə dəvət gəldi. Mən o verilişə çıxdım. Bir az da olsa tanındım. Mənim o zamanlar problemlərim var idi. Verilişdən sonra kimlərinsə mənəvi və maddi dayağı oldu. Və düşündüm ki, yaşamaq lazımdır, həyat maraqlıdır. Həmin verilişdən bir müddət keçəndən sonra mən dedim ki, əgər tanınmışamsa, gündəmdə qalmalıyam. Maraqlı insan olduğum üçün bəzi insanlar mənimlə ünsiyyət qurur, xoş rəftar edirdilər, bəziləri isə mənə qeyri-səmimi baxırdılar. Mən belə şeylərin fərqinə varmırdım. Bir müddət keçdi, ANS kanalında "Toy olsun" verilişi başlayanda ora getməyi qərara aldım. Fikirləşdim ki, yenə də tanınaram, həm də ailə quraram. Real həyatda ailə qurmaq mənim üçün müşkül məsələ idi. Verilişə üz tutdum. Əvvəlcə bir az çək-çevir oldu. Yəni asan olmadı mənim üçün. Elə insanlar var idi ki, məni qəbul edirdi, elələri də vardı, tənələr vururdu.

- Televiziya kanalına gəldikdə çətinliklə üzləşmədin ki?

- Problem olmadı, efirə çıxdım. Bir müddət ANS-də qaldım. Çətinliyim o oldu ki, burada mənə uyğun bir xanım tapılmadı. Sadəcə, zənglər gəlirdi, gələn zənglər isə aldadıcı zənglər idi. Sanki məni barmaqlarına dolayırdılar. Mən bilirdim ki, bu zənglərin hamısı yalandır. Gördüm ki, ailə qura bilmirəm, burdan getmək qərarına gəldim.

- Səbəb nə idi?

- Səbəb o idi ki, orda iştirakçılar arasında rəqabət gedirdi. Nə bilim ey, oturmaq üstündə də qalmaqal olurdu. Mənim fikrim o idi ki, gündəmdə qalım və ailə qurum. Yəni gələcəkdə həyatda tək qalmayım, mənim də ömür-gün yoldaşım olsun. İnsan nə qədər ata-anasının yanında qalar. İstəyirdim mənim də nəslimin davamçısı olsun. Gördüm burda heç nə alınmır, daha verilişə çıxmadım, çəkildim kənara. Bir xeyli keçəndən sonra üz tutdum ATV kanalına, "Onun yarısı" verilişinə. Düşündüm ki, orada ailə qura bilərəm. Məni ATV kanalı çox yaxşı qarşıladı və verilişə çıxdım. Orada da iki-üç ay mənimlə rəqabət aparan iştirakçılar oldu. Orada bir oğlan var idi, internatda böyümüşdü. Mənim meyxana demək qabiliyyətimə görə mənə paxıllıq edirdi. Çünki o özü də meyxana deyən idi. Mənə tez-tez gizli zənglər gəlirdi, sataşırdılar, bayıra çıxanda üstümə adamlar gəlirdi. Buna baxmayaraq, bütün hədləri aşdım və heç nəyə reaksiya vermədim.

- Orada necə, ailə qura bildinmi?

- Bəli, mən öz yarımı tapdım. Amma ailə quranda toyumda bəzi problemlər baş verdi.

- Hansı problemlər idi? Açıqlaya bilərsən?

- Mənim toyumda tanımadığım insanlar gəldilər və məni böyük problemə saldılar.

- Yeri gəlmişkən, o toylar real toylar idi?

- Bəli, real toylar idi. Sadəcə, orada limit söhbəti var idi. Tamaşaçılarda belə bir fikir formalaşmışdı ki, toyun bütün xərclərini tele-kanal öz öhdəsinə götürüb. Ancaq ATV kanalı tərəfindən bizə cəmi altmış yer ayrılmışdı. Əgər limitdən artıq adam olardısa, onun pulunu mən ödəməliydim. Danışdıq və mən dəvətnamələrimi payladım. Toyum Azadlıq prospektində yerləşən "Oğuzxan" şadlıq sarayında oldu. Məclisə tanımadığım xeyli insanlar gəldilər və məni ziyana saldılar. ATV kanalının işçiləri, onların dəvət etdikləri qonaqlar, verilişin iştirakçıları mənə ayrılan yerlərdə oturdular. Öz qonaqlarımı öz hesabıma oturtmalı oldum. Dəvətnamə verdiyim insanların bəzisi heç toya gəlmədi. Neyləyək, canları sağ olsun. Onların da qabiliyyəti, mədəniyyəti, insanlığı elə ora qədər imiş. Toyda camaat gəldi, əyləşdi, yedilər-içdilər, toy qurtardı və mənə bildirdilər ki, sən restorana borclu qalmısan. Mən çox pərt oldum. Kimlərinsə qarşısında sınmaq istəmədim. Toyun səhəri dostdan, tanışdan faizlə pul tapıb, borcun bir hissəsini ödədim. Amma hələ də borcu tam üzə bilməmişəm.

- Nə qədər borca düşdün?

- Min beş yüz manat. Əvvəlcə beş yüz manat verdim, sonra da faizlə min manat ödədim. Çünki mənə restorandan dedilər ki, pulu verirsən ver, vermirsən toy kasetini vermirik. Mən hal-hazıra qədər də restorana verdiyim pulun faizini ödəyirəm. Dövlətdən otuz doqquz manat pensiya alıram. Ailəmin yanında utanıram, hələ də məni ata-anam dolandırır. Mən öz ayağım üstündə durmalıyam. Bəzi insanların, belə gülməli çıxmasın, loru dildə desək, day-dayları var, sponsoru var. Mənasız, boş insanlara sponsorluq edirlər. Amma inanmırlar ki, mənim də meyxana demək bacarığım var. Ona görə populyar olmaq istəyirəm ki, mən də hansısa bir restoranda işləyim, evimə çörək aparım. Nə olsun ki, boyum balacadır. Allahın verdiyi payam da. Axı mən də yetərincə tanınmışam. Əgər boş-boşuna gündəmdə qalıramsa, qazanc qazana bilmirəmsə, bu, mənim nəyimə lazımdır. İstəyirsən əlli dəfə çıx, kukla kimi otur efirdə. Nə mənası var. Mənə indi yaşayışım lazımdır. Mən də gündə əlli-atmış manat qazanc qazanmaq istəyirəm ki, ailəmi dolandırım. İndi müəyyən restoranlar var ki, müğənniləri çağırırlar, onlar da yarım saat fonoqrama qoyub oxuyurlar, yalandan ağızlarını tərpədirlər. Az-çox məni də tanıyan var. Müəyyən məclislərdə olmuşam. Bilirlər ki, özüm yazmıram, amma canlı musiqili meyxanalar deyirəm. Mən də yazmaq istəyirəm, lakin oturub yazmaq istəyəndə başım çox ağrıyır, çünki fikir çəkirəm.

- Ailədə neçə uşaqsınız?

- Bir bacım, bir qardaşım var. Hər ikisi məndən balacadır. Bacım ailəlidir. Onu da vurğulayım ki, mən Azərbaycan Respublikasının gözəl yerlərindən olan Laçın rayonundanam. Əvvəllər məcburi köçkün kimi Nərimanov rayonu, Təbriz 51 ünvanında yerləşən Dəmiryol texnikumunun yataqxanasında yaşayırdıq. Sonra məcburi köçkünləri oradan köçürdülər, ev verdilər. Mən özüm üçün ayrı ev istədim, vermədilər, dedilər ki, ailəli deyilsən.

- Bəs indi necə? Evləndin, sənə ev verdilər?

- Hə, verdikləri ev çox bərbaddır. Evin damından içəriyə su damır, şəraiti çox pisdir.

- Harada verdilər evi sənə?

- Mehdiabad qəsəbəsində yerləşən Gənclik şəhərciyində, Qaçqınkom tərəfindən. Mən daha həyatda heç nədən çəkinməyəcəyəm. Məcburi köçkünlərə harada ev verərlər ki. Yalnız sıradan çıxmış kitabxanaların, məktəblərin köhnə binalarında.

- Amil ailə qurduğu xanımı ilə xoşbəxtdirmi?

- Xeyr. Qurduğun ailə ilə o vaxt xoşbəxt ola bilərsən ki, heç bir problemin olmasın. Yoldaşımı indi atasıgilə göndərmişəm, özü də hamilədir. İşləmirəm, utanıram, hara gedirəmsə, iş tapa bilmirəm.

- Amil, müsahibədən öncə vurğuladın ki, adıçəkilən kanalların aparıcıları sənə rişxənd edib gülürdülər. Səbəb nə idi?

- Tək aparıcılar deyil, elə mənə çoxları gülüşlə baxırlar. Amma mən bu kompleksi özümdə hiss eləmirəm. O insanlar əvvəlcə özlərinə baxsınlar, öz eyiblərini görsünlər, sonra mənə rişxənd edərlər.

- Bir vaxtlar filmlərdə epizodik rollar oynayırdın. İndi necə, dəvət eləmirlər?

- Xeyri yoxdur, hara gedirəmsə, deyillər, ali təhsilin olmalıdır, aktyorluğu qurtarmalısan. Əslində belə deyil. Mən kanalların birində yayımlanan "Bu da bu" serialında çəkilmişəm. Toyum ərəfəsində mənə zəng elədilər növbəti çəkiliş üçün. Dedim, hələlik məni üzrlü hesab edin. Telefonum suya düşüb xarab olandan sonra əlaqəm kəsildi. Hal-hazırda qonşudan telefonu alıram, işim olanda danışıram.

- Neçə yaşın var?

- İyirmi altı yaşım var, iyirmi yeddinin içindəyəm. Həyatda çətinlik məndən uzaq olmur. Yenə də min şükür! Bəlkə bunun da bir kəraməti, hikməti var. Moskva birdən-birə qurulmayıb ki. Yəqin ki, gələcəkdə hər şey yaxşı olar. Hələ ki səbir edirəm. Bir şeylə barışmıram, hansısa başqa bir kanala gedəndə mənə deyirlər, sən ATV-də ailə qurmusan, get oradan nə istəyirsən istə. ATV-yə də üz tuturam, gah deyirlər, rəhbərlik icazə vermir, gah da nə isə. Axı hamımız azərbaycanlıyıq. Başqa Avropa ölkələrində bir kanalda bir mövzu qoyurlar, başqa kanalda da ona oxşar mövzu olur. Lakin iştirakçılar eyni kanallara dəvət alırlar. Ancaq bizdə belə deyil. Sanki bir-birlərinə düşməndirlər, paxıllıq edirlər. Fikirləşmirlər ki, hər kanalın öz tamaşaçısı, hər iştirakçının öz pərəstişkarı var. Məni də dəstəkləyən insanlar var, sağ olsunlar. Mən ATV kanalında "22-ci saat" verilişində də olmuşam. Mövzu boy ilə bağlı idi. Mən həvəslə verilişə getdim ki, bəlkə yenə mənim üçün bir ipucu olar. Kimsə çağırar, işim olar.

- Verilişə çıxmağının nəyəsə təsiri oldumu?

- Yox, heç bir təsiri olmadı. Hələ indiyə kimi bekaram. Heç kim də məni işlə təmin etmək istəmir.

- Belə çıxır ki, sənin telekanallarda görünməyin yalnız verilişlərin reytinqi xatirinə idi?

- Elədir, Mehriban xanım. Kanallar yalnız reytinq xatirinə veriliş edirlər. Mən bunu təhqir olaraq demirəm. Düz əyrini kəsər. İnsanları efirə çıxardıb, onların taleyi ilə oynamasınlar. Getsinlər bir qəbiristanlığa, uzaqdan qəbirləri seyr eləsinlər və fikirləşsinlər ki, hamımızın yeri oradır. Niyə bu insanlar həyatlarının sonunu fikirləşmirlər, bir-birlərinə ləkə yaxırlar, böhtan atırlar? Yaxşılıqdansa, pislik edirlər.

- Amil, dediyinə görə, subay olanda işlərin yaxşı gedirdi, gəlirin olurdu. Bəs nə oldu? Gəlinin ayağı sənə düşmədi?

- Doğrudur, toydan qabaq mənəvi və maddi cəhətdən mənə dayaq duran dostlarım var idi. Hər gün restoranlarda yemək-içməkdə idik. Toyumdan sonra hamısı məndən uzaqlaşıb. Mən onlardan heç nə ummuram. Sağ olsunlar. Mənə həmişə mənəvi və maddi dayaq olublar. Toydan qabaq bir restoranda işləyirdim. Gündəlik gəlirim az-çox yenə də olurdu. İndi heç bir restoran da məni qəbul eləmir. Hamı elə bilir ki, toy eləyib küllü miqdarda pul yığmışam və varlanmışam. Heç də belə deyil, əslində müflis oldum, hər şey alt-üst oldu.

- Amil evlənmək verilişlərinə getdiyinə peşmandırmı?

- Verilişə çıxmağımın yalnız bir xeyri oldu ki, özümə ömür-gün yoldaşı tapdım. Başqa işlər üçün peşmanam. Çünki hamıya reytinq üçün lazımam.

- Boşanmaq fikrin var?

- Xeyir, əsla, biz mehribanıq. Ata olmağa hazırlaşıram. Mənim canımda nə qədər can varsa, mübarizə aparacağam. Sənətimi hamıya tanıtdıracağam. Xoruz banı qədər səsi olanlar iş tapa bilirlər, mən yox. Qoy bilsinlər ki, mən də varam.

- "Oxu məni"yə son sözünüz nədir?

- "Oxu məni"yə mənə dəstək olduqları üçün minnətdarlığımı bildirirəm və icazə versəydiniz, bir neçə sətir yazdığım ürək sözlərimi söyləyərdim.

- Buyur.

- Onu da vurğulayım ki, bu, dini bir qəzəldir. Bəlkə də müəyyən bir insanlar bunu eşidərlərsə, ibrət götürərlər.

Elə Allaha ibadət,

Qazanarsan savabın.

Oxu haqqın kitabın,

Çünki, verərsən cavabın.

Kim bu dünyada çirkin əməl,

Günahla yaşayır,

Əlbəttə o dünyada

Sorarlar hesabın.

Oxu haqqın kitabın,

Çünki, sorarlar hesabın.

Elə Allaha ibadət,

Qazanarsan savabın.

Son söz əvəzi:

Peşəkarlar bilirlər ki, mavi ekran insanı olduğu kimi göstərmir. Ən azı 6-7 kq kök görünürsən. Məsələnin pərdə arxası məqamlarına nəzər saldıqda, bunun təsadüf olmadığını anlayırsan...

Mehriban Bəylərqızı

O.M.