
Narkotacirin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitəni əldə etmədə və satmaqda təqsirləndirilən Azər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Azər Quliyev polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərindən 1 qram narkotik vasitə olan kakos aşkarlanıb. O, daha sonra könüllü şəkildə evdə olan 400 qram kakosu da polis əməkdaşlarına təhvil verib.
Azər Quliyev özünü qismən təqsirli bildiyini deyib, narkotik istifadəçisi olduğunu söyləyib. Hakimin suallarını cavablandıran Azər Quliyev bildirib ki, əlbəyaxa döyüşlə məşğul olub, nəticələri var və həbs edilənə qədər şəxsi mühafizəçi işləyib.
Növbəti məhkəmə prosesi mayın 31-də keçiriləcək.
Qeyd edək ki, A.Quliyev Hövsan qəsəbəsində Suraxanı Rayon Polis İdarəsinin əməldaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən ittiham olunur.
Mediainfo.az