Cənubi Afrikanın ilk açıq gey-imamı öldürülüb

Cənubi Afrikanın ilk açıq gey-imamı öldürülüb

17 Fevral 14:02
Bəyəndim (4) Bəyənmədim (0)

İlk açıq gey-imam Muhsin Hendriks Cənubi Afrikada güllələnib. Bu barədə yerli “SABC” telekanalı polisə istinadən məlumat yayıb.

İnsident fevralın 15-də Şərqi -Keypdə Gebeha şəhəri ətrafında baş verib. Polis kapitanı Sandra fon Rensburq bildirib ki, Hendriks sürücü ilə avtomobildə gedərkən başqa bir avtomobil yolu bağlayıb və oradan silahlı iki nəfər çıxıb.

Silahlı şəxslər imamın olduğu avtomobilə yaxınlaşaraq ona atəş açıblar. Hendriks aldığı xəsarətlərdən hadisə yerində ölüb.

“SABC”-nin məlumatına görə, cinayətin motivi hələlik məlum deyil. Dini lider toy etmək üçün Gebehaya gedirmiş.

Jurnalistlər əlavə edirlər ki, sosial mediada Hendriksi güllələyən silahlı şəxslərdən birinin yenidən avtomobilinə minərək başqa bir şübhəli ilə birlikdə getdiyini əks etdirən video yayılıb.

Muhsin Hendriks 1996-cı ildə dünyada gey olduğunu açıq elan edən ilk imam olub. O, Keyptaundakı məsciddə yerləşən Əl- Gurba Fondu vasitəsilə gey-müsəlmanlarla fəal işləyib.

Almaz Həsənli