BBC genişmiqyaslı xərclərin azaldılması çərçivəsində BBC Three, BBC Scotland və Radio 4 Extra-nın efir yayımını dayandıracaq
Böyük Britaniyanın BBC teleradioyayım korporasiyası yaz aylarında BBC Three və BBC Scotland televiziya kanallarının, eləcə də Radio 4 Extra radiostansiyasının efir yayımını dayandıracaq. Oxuməni.az BBC-yə istinadla xəbər verir ki, hər iki televiziya kanalı onlayn formata keçəcək. Bu qərar korporasiyanın iki il ərzində 500 milyon funt sterlinqə qənaət etməsini nəzərdə tutan proqramın bir hissəsidir.
BBC-nin baş direktoru Mett Brittin bildirib:“Hazırkı xərc təzyiqlərinin öhdəsindən gəldiyimiz və dəyişən dünyaya uyğunlaşmaq üçün BBC-ni yenidən qurduğumuz bir vaxtda xərclənən hər funt sterlinqin auditoriyaya daha çox fayda gətirməsinə nail olmalıyıq. Hamımız başa düşürük ki, bu, çətin qərarların qəbul edilməsi deməkdir”.
BBC Scotland iPlayer striminq platformasında kanal kimi fəaliyyətini davam etdirəcək, onun bəzi verilişləri isə Şotlandiyada BBC One və BBC Two kanallarında yayımlanacaq. Gənclər auditoriyası üçün nəzərdə tutulan BBC Three kanalının yeni proqramları iPlayer və YouTube platformalarında yayımlanacaq. Kanal 2016-cı ildə artıq onlayn formata keçmiş, lakin 2022-ci ildə yenidən efirə qayıtmışdı. Əsasən arxiv proqramlarını yayımlayan Radio 4 Extra-nın verilişləri isə BBC Sounds tətbiqinə köçürüləcək.
BBC 1,8 min ilə 2 min arasında iş yerini ixtisar etməyi planlaşdırır. Bu, işçilərin demək olar ki, hər on nəfərindən birinin işini itirməsi deməkdir. Artıq xəbər xidmətində təxminən 550, idman bölməsində isə 30-dan çox iş yerinin ixtisar ediləcəyi elan olunub. Bundan əlavə, korporasiya “RuPaul’s Drag Race UK” və “Live at the Apollo” da daxil olmaqla bir sıra populyar şouların yayımını dayandırıb. Əyləncə sənayesi işçilərinin həmkarlar ittifaqı Equity bu qərarın “BBC-nin çiçəkləndiyini göstərmədiyini” bəyan edib.
“Google” şirkətinin keçmiş top-meneceri olan Brittin 2026-cı il mayın 18-də BBC-yə rəhbərlik etməyə başlayıb. Onun sələfi Tim Deyvi 2025-ci ilin noyabrında “Panorama” proqramı ətrafında yaranan qalmaqaldan sonra istefa verib. Həmin proqramda Donald Trampın çıxışı elə montaj edilmişdi ki, guya o, tərəfdarlarını birbaşa Kapitoliyə hücum etməyə çağırırdı.
Korporasiya Trampdan üzr istəyib, lakin ona kompensasiya ödəməkdən imtina edib. Tramp BBC-yə qarşı 10 milyard dollar məbləğində böhtan iddiası qaldırıb. İşə baxılması hələ də davam edir.
Almaz Həsənli




















































































