Dələduzluqla məşğul olan tikinti şirkətinin rəhbərlərindən biri tutuldu
Baş Prokurorluğun məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində "Kamran B.Ə" MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir. İş üzrə şirkətin vəzifəli şəxsləri Babayev Ələkbər Tofiq oğlu, Hüseynov Qerman İsmayıl oğlu, Nağıyev Rüfət Qarabala oğlu və Əliyev Süleyman Adil oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaqın hazırkı
mərhələsində təqsirləndirilən şəxslər tərəfindən tikintisi başa çatdırılmamış
binada 96 mənzilin ümumilikdə təxminən 300 vətəndaşa təkrar satılması, mənzil
satışından əldə olunmuş 4.623.331 manat məbləğində pulun isə dələduzluq yolu ilə
ələ keçirilməsi müəyyən olunub.
Binanın tikintisini
hazırda davam etdirən "Şaiq" MTK şirkəti ilə təxminən 100-dək zərərçəkmiş şəxslə
bağlanmış yeni müqavilələr əsasında sonuncuların pozulmuş hüquqları bərpa
edilib. Eyni zamanda, cinayət işi üzrə digər zərərçəkmiş şəxslərə vurulmuş zərərin
ödənilməsi və gələcəkdə qanunla nəzərdə tutulmuş əmlak müsadirəsinin təmin
edilməsi məqsədilə təqsirləndirilən şəxslərə məxsus daşınan və daşınmaz əmlaklar
müəyyən edilərək məhkəmə qərarı əsasında onların üzərinə həbs qoyulub. Həmçinin
"Şaiq" MTK və "Orxan" MMC-nin fəaliyyətində vergi qanunvericiliyinə əməl
olunması vəziyyətinin yoxlanılmasına dair məhkəmə qərarı icraya yönəldilib.
Göstərilənlərlə
yanaşı, cinayətin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin müəyyən
edilməsi istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq "Şaiq"
MTK-nın satış üzrə meneceri Bağırov Elçin Kərəm oğlu təqsirləndirilən şəxs
qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri
ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib. Hazırda da cinayətdə iştirakı ehtimal edilən şəxslərin və təqsirləndirilən
şəxslər tərəfindən cinayət yolu ilə əldə olunmuş əmlakın müəyyən edilməsi
istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
24 yanvar 2012-ci
ildə zərərçəkmiş şəxslərin bir qismi Korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbərliyi
tərəfindən qəbul edilərək şikayət və müraciətləri dinlənilib, istintaqın gedişi
və görülmüş işlər barədə onlara ətraflı məlumat verilib.
Hazırda cinayət işi
üzrə istintaq davam etdirilir və görülmüş tədbirlər barədə ictimaiyyətə əlavə məlumatın
verilməsi təmin ediləcək.
O.M.