2011-ci ildə Azərbaycanda baş vermiş 2890 yol-nəqliyyat hadisəsində 1016 nəfər həlak olub, 3031 vətəndaş yaralanıb
Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 2011-ci il ərzində respublika ərazisində 2890 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 1016 nəfər həlak olmuş, 3031 nəfər yaralanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 169 (6,2%), həlak olanların sayı 91 nəfər (9,8%), yaralananların sayı isə 160 nəfər (5,6%) artmışdır.
Hesabat dövründə Bakı
şəhəri ərazisində 1175 yol-nəqliyyat hadisəsi qeydə alınmış və bunların
nəticəsində 371 nəfər həlak olmuş, 1166 nəfər yaralanmışdır. 2010-cu il
ilə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların
sayı uyğun olaraq 56 fakt (5%), 29 nəfər (8,5%) və 51 nəfər (4,6%)
artmışdır.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 93,6%-i (2707)
sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 45%-i (1302)
nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,2%-i (671) ötmə və
qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,5%-i (246) yolayrıcılarını keçmə
qaydalarının pozulması, 3%-i (88) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə
idarə olunması səbəbindən baş vermişdir. Yol-nəqliyyat hadisələrinin 38,7%-ni
(1119) piyadaların vurulması təşkil etmiş, nəticədə 392 piyada həlak olmuş,
803-ü yaralanmışdır. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri
nəticəsində 97 nəfər uşaq və yeniyetmə həlak olmuş, 232 nəfər yaralanmışdır.
Həlak olanların 61-i, yaralananların isə 136-sı piyadalardır.
2011-ci il ərzində respublika ərazisində 26 nəfərin həlak olması və 93 nəfərin
yaralanması ilə nəticələnmiş 116 yol-nəqliyyat hadisəsi bağlı qalmışdır.
O.M.