Azad Rəhimov yunanıstanlı gəncləri qəbul edib
Gənclər və İdman Nazirliyində "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda esse müsabiqəsində qalib gələn yunanıstanlı gənclərlə görüş keçirilib.
Yunanıstanlı gəncləri qəbul edən Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, müsabiqə rəhbərlik etdiyi qurum və Azərbaycanın Yunanıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Müsabiqədə
Yunanıstanın İndianapolis Universitetinin Afina filialının, Afina
Universitetinin, İoannina Universitetinin və Salonikinin Aristotel
Universitetinin tələbələri iştirak ediblər. Yunanıstanlı tələbələr Azərbaycanın
tarixi, mədəniyyəti, iqtisadi inkişafı, adət-ənənələri, Qarabağ münaqişəsi,
Azərbaycan-Yunanıstan əlaqələri haqqında fikirlərini bölüşüblər.
A. Rəhimov deyib ki, Avstriya, Qazaxıstan, Özbəkistan və Malayziyada da belə
müsabiqələr keçirilib, lakin yunan gəncləri müsabiqə çərçivəsində Azərbaycanda
qonaq olan ilk xarici ölkə gəncləridir.