İlk “neyroşəbəkə filmi” kinoprokatına çıxır və hətta “Oskar” mükafatına namizəd olmağı planlaşdırır
Gossip Goblin (“Qeybətçi qoblin”) layihəsi “Gods Don't Give Gifts” (“Tanrılar hədiyyə vermir” və ya “Tanrılar heç nəyi havayı vermir”) filminin kinoprokatına çıxarıldığını elan edib. Oxuməni az xəbər verir ki, bu barədə İsrailin 9-cu telekanalının “9tv.co.il” veb-saytı məlumat yayıb.
Gossip Goblin elmi-fantastika janrında qısametrajlı bədii videolarını “YouTube” platformasında yayımlayan tanınmış amerikalı rejissor və vizioner Zak Londonun təxəllüsüdür.
İndi Zak London San-Fransiskoda yerləşən, süni intellekt, virtual reallıq və kinematoqrafiyanın kəsişməsində fəaliyyət göstərən Fable studiyası ilə birlikdə tammetrajlı film çəkməyə girişib.
Onların ərsəyə gətirdiyi film vahid bir “kainatda” cərəyan edən dörd novelladan ibarətdir. Niro-Kreyld planetində şüur alqı-satqı predmetinə çevrilib, insan bədənini isə silisium və poladdan hazırlanmış konstruksiya ilə əvəz etmək mümkündür. NiiroCore korporasiyası şüur bazarının 97%-nə nəzarət edir. Texnoloji tərəqqi fonunda bir neçə qəhrəmanın taleyi kəsişir: onlardan bəziləri itirilmiş xatirələrini geri qaytarmağa çalışır, digərləri isə insanları sərfiyyat materialına çevirən sistemə qarşı mübarizə aparır.
Filmin yaradıcıları vizual baxımdan olduqca təsirli videoanons yayımlayıblar. Bununla belə, son onillikdə kompüter qrafikası tamaşaçılara çoxsaylı möhtəşəm fantastik səhnələr təqdim edib. Animasiya filmlərini də nəzərə alsaq, bu cür vizual effektlər artıq yenilik sayılmır.
Qeyd edək ki, bu layihədə neyroşəbəkədən yalnız video yaratmaq üçün istifadə olunur. Ssenari, rejissorluq və montaj insanlara məxsusdur. Personajları da real aktyorlar səsləndirirlər.
Buna görə də söhbət ciddi texnoloji sıçrayışdan getmir. Əslində, neyroşəbəkələr daha təkmil qrafik aləti kimi istifadə olunur. Bununla belə, digər sahələrdə olduğu kimi, süni intellekt də rejissor ideyalarını daha az resursla və işə başlamaq üçün daha aşağı texniki və maliyyə həddi ilə həyata keçirməyə imkan verir. Hərçənd kinematoqrafiya sahəsi yenə də məhdud imkanlarla təkbaşına fəaliyyət göstərən yaradıcılar üçün asan deyil.
Hər halda, film “animasiya filmi” kateqoriyasına aid edilir və müəlliflər artıq onu məhz bu kateqoriya üzrə “Oskar” mükafatına namizəd göstərmək niyyətində olduqlarını bildiriblər. “Tanrılar” filminin yaradıcıları hesab edirlər ki, tammetrajlı animasiyada generativ süni intellektdən istifadə və bu cür layihələrdə insanın rolu kimi aktual mövzu da onlara bu istiqamətdə kömək edə bilər.
Filmin rəsmi treylerini bu linkdən izləyə bilərsiniz: https://youtu.be/1G5LArU7tmE?
Almaz Həsənli



















.jpg)






















.jpg)





















































