İsraildə riyaziyyat professoru Nevo terror aktı planlaşdırmaqda ittiham olunur

İsraildə riyaziyyat professoru Nevo terror aktı planlaşdırmaqda ittiham olunur

14:11
Bəyəndim (0) Bəyənmədim (0)

İsraildə BarIlan Universitetinin riyaziyyat professoru Şahar Nevo terror aktı planlaşdırmaqda, təhdid yolu ilə pul tələb etməkdə və ədalət mühakiməsinə mane olmaqda ittiham olunur. İttihamnamə Lod Mərkəzi Rayon Məhkəməsinə təqdim edilib və prokurorluq təqsirləndirilən şəxsin işin nəticəsi çıxana qədər həbsdə saxlanılmasını tələb edir.

Oxuməni.az xəbər verir ki, bu barədə Jerusalem Post nəşri məlumat yayıb. Məlumata görə, prokurorluq Nevonun üç ildən çoxdur ki, ideoloji motivli hücum planlaşdırdığını iddia edir. Prokurorluğun hadisələrlə bağlı versiyası budur ki, plan eyni vaxtda bir neçə terror aktının törədilməsini və yüzlərlə İsrail ərəb vətəndaşının, o cümlədən bədəvilərin, eləcə də Şərqi Qüdsdə və Qərb Sahilində yaşayan ərəblərin qətlini əhatə edirdi.

İttihamnaməyə görə, Nevo planı "Xalq Transferi Həyata Keçirəcək" mənasını verən "Am Yaase Transfer" qısaltması kimi təsvir edib. Prokurorlar hesab edirlər ki, plan insanları qaçmağa məcbur etmək və onları İordaniya, Livan və Qəzza zolağına daimi olaraq deportasiya etmək məqsədi daşıyırdı.
Bar-Ilan Universiteti professora qarşı irəli sürülən hərəkətləri pislədiyini və şoka düşdüyünü bildirib. Universitet istintaqın nəticəsinə qədər Nevonun dərhal işdən çıxarıldığını elan edib və onun adı fakültə səhifəsindən silinib.

Nevo doktorluq dissertasiyasını müdafiə etdikdən sonra 1999-cu ildən bəri Bar-Ilan Universitetində çalışıb. O, kompleks analiz, operatorlar nəzəriyyəsi və rasional funksiyaların matrisləri üzrə ixtisaslaşıb, onlarla elmi məqalə dərc edib və riyaziyyat və sonsuz kiçik hesablamalar üzrə kurslar tədris edib.

Əziz MUSTAFA