Nobel Komitəsi 2026-cı il Sülh üzrə Nobel mükafatının laureatını açıqlayıb

Nobel Komitəsi 2026-cı il Sülh üzrə Nobel mükafatının laureatını açıqlayıb

16:18
Bəyəndim (1) Bəyənmədim (0)

2026-cı il Sülh üzrə Nobel mükafatına BMT-nin insan hüquqları üzrə keçmiş ali komissarı Navanethem “Navi” Pillay layiq görülüb. Oxuməni.az xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsi Osloda məlumat verib.

Mükafat ona “sülhün və beynəlxalq hüququn təşviqinə yönəlmiş səylərinə görə” təqdim olunub.

Press-relizdə qeyd olunur ki, Pillay müharibə cinayətlərinə, insanlıq əleyhinə cinayətlərə və soyqırımına görə şəxslərin məhkəmə qarşısında cavab verməsinin təmin edilməsində mühüm rol oynayıb.

Bu il Sülh üzrə Nobel mükafatına 287 namizəd irəli sürülüb. Onlardan 208-i fiziki şəxs, 79-u isə təşkilatdır. Komitə namizədlərin adlarını açıqlamır. Namizədliklər və namizədlərin müzakirəsi ilə bağlı məlumatlar 50 il ərzində məxfi saxlanılır.

2025-ci ildə mükafata Venesuela müxalifətinin lideri Mariya Korina Maçado layiq görülüb. Komitə onun Venesuela sakinlərinin demokratik hüquqlarının təşviqi istiqamətindəki fəaliyyətini, eləcə də diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda mübarizəsini qeyd edib.

Laureatın seçilməsi Ağ Evin tənqidinə səbəb olub. ABŞ Prezidenti Donald Tramp da mükafata iddialı olsa da, onu qazana bilməyib. Prezidentin köməkçisi və Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunq bildirib ki, “Nobel Komitəsi siyasəti sülhdən üstün tutduğunu sübut edib”. O, həmçinin Trampın sülh sazişləri bağlamağa və müharibələri dayandırmağa davam edəcəyini vurğulayıb.

2026-cı ildə Nobel mükafatının təsis edilməsinin 125-ci ildönümü qeyd olunur. Yubiley ili münasibətilə Nobel Fondu mükafat fondunu 1 milyon kron artıraraq 12 milyon krona (təxminən 1,2 milyon dollar) çatdırıb.

Mükafatlar, diplomlar və Nobel medalları dekabrın 10-da Stokholm və Osloda keçiriləcək rəsmi mərasimlərdə təqdim olunacaq. Sülh üzrə Nobel mükafatı Norveçin paytaxtı Osloda, digər Nobel mükafatları isə Stokholmda təqdim edilir. Dekabrın 10-u Nobel mükafatının təsisçisi Alfred Nobelin vəfat etdiyi gündür.

Almaz Həsənli