FİFA-da islahat çağırışını UEFA üzvləri arasında yalnız Azərbaycan dəstəkləməyib

FİFA-da islahat çağırışını UEFA üzvləri arasında yalnız Azərbaycan dəstəkləməyib

11:32
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Beynəlxalq Futbol Federasiyasına (FİFA) islahatlar aparılması ilə bağlı çağırışları dəstəkləməyən yeganə UEFA üzvü olub. Oxuməni az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

Cümə axşamı Berlində UEFA prezidenti Aleksander Çeferin ilə qurumun 55 milli assosiasiyasının prezidentləri və baş katiblərinin görüşü keçirilib.

“Son aylarda köklü dəyişikliklər tələb edən UEFA və bütün milli assosiasiyalar (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası istisna olmaqla) FİFA-da islahatların aparılması üçün konkret istiqamət barədə razılığa gəliblər. Milli assosiasiyalar FİFA-nın hazırkı rəhbərliyinə etimadlarını itirdiklərini bir daha bəyan ediblər.

Yalnız institusional islahatlar kifayət etməyəcək. FİFA-ya həmçinin yeni rəhbərlik lazımdır: futbol aləmində hörmət qazanan, insanları birləşdirməyi bacaran, futbolla sıx bağlı olan, strateji baxışa və idarəetmə təcrübəsinə malik, müxtəlif regionlarda etimad qazana bilən, inkişaf, islahatlar, dürüstlük və müstəqillik prinsiplərinə birmənalı sadiq lider”, – deyə bəyanatda bildirilib.

UEFA-nın 55 milli assosiasiyasının növbəti görüşü noyabrın 17-dən gec olmayaraq keçiriləcək.

FİFA daha əvvəl qurumun kommersiya fəaliyyətini və turnirlərin təşkili ilə bağlı fəaliyyətini birləşdirməli olan FIFA Forward Enterprise şirkətinin yaradılması planını açıqlamışdı. Həmçinin özəl investorlara şirkətdə pay almaq təklif edilmişdi.

Bu təşəbbüs UEFA-nın mənfi reaksiyasına səbəb olub. UEFA təklif geri götürülməyəcəyi təqdirdə FİFA turnirlərini boykot edə biləcəyini bəyan edib. Daha sonra FİFA prezidenti Canni İnfantinonun açıqlaması dərc olunub. O, layihənin fikir ayrılıqlarına səbəb olduğunu etiraf edib və təklifin həyata keçirilməyəcəyini bildirib.

Canni İnfantino 2016-cı ildən FİFA-ya rəhbərlik edir. O, daha əvvəl gələn ilin yazında Mərakeşdə keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olduğunu açıqlayıb. Avqustda isə UEFA İnfantino namizədliyini irəli sürəcəyi təqdirdə alternativ namizəd axtaracağını bəyan edib.

Almaz Həsənli