Alim elmi araşdırmalar naminə gündə 500-ə qədər ağcaqanad dişləməsinə dözür

Alim elmi araşdırmalar naminə gündə 500-ə qədər ağcaqanad dişləməsinə dözür

12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliyanın Melburn Universitetinin entomoloqu Veronik Paris hər həftə ağcaqanadlar tərəfindən 250–500 dəfə dişlənir. Bu, adətən, bir gün ərzində baş verir. Oxuməni.az xəbər verir ki, tədqiqatçı bu barədə People nəşrinə danışıb.

Paris ağcaqanadları, onların xəstəlik törədicilərini necə əldə etdiklərini və yaydıqlarını araşdırır. O, laboratoriyasında həyat dövrünü başa çatdırmaq və yumurta qoymaq üçün “qan qidası”na ehtiyacı olan ağcaqanad koloniyaları saxlayır. Alimin sözlərinə görə, “bunun ən sadə, sürətli və ucuz yolu ağcaqanadları öz qanı ilə qidalandırmaqdır”.

Onun sözlərinə görə, laboratoriyada əməkdaşların qanı ilə qidalandırılan bir neçə ağcaqanad koloniyası var. Bu həşəratlar laboratoriyada yetişdirilir və alimin araşdırdığı xəstəliklərin törədicilərini daşımırlar. Könüllülərin qanı ilə qidalandırılması təhlükəli hesab edilən bəzi koloniyalar isə insanın iştirakı olmadan, xüsusi membran sistemi vasitəsilə qidalandırılır.

Qidalandırma prosesi təxminən üç həftə ərzində həftədə bir dəfə həyata keçirilir. Paris hər qəfəsdəki təxminən 250 ağcaqanada qolunu uzadır və nəticədə bir gün ərzində 250–500 dişləmə alır. Təcrübələr üçün daha çox həşərat lazım olduqda isə o, ağcaqanadları həftədə dörd dəfəyə qədər qidalandıra bilər.

“Dişləmələrin izləri adətən bir gün ərzində yox olur. Artıq buna uyğunlaşmışam, immun sistemim tez reaksiya verir. Bir saatdan sonra yalnız qırmızı nöqtələr qalır, dörd saat keçdikdən sonra isə onlar, adətən, tamamilə yox olur”, — deyə alim bildirib.

Onun iş prosesini əks etdirən videolar sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilər təəccüblərini gizlətmirlər: “Bundan sonra qolunun vəziyyəti necə olur? Mən olsaydım, dərimi qaşımaqdan özümü saxlaya bilməzdim”; “Bunun daha yaxşı bir yolu olmalıdır”. Bəzi insanlar hətta öz qanlarını təklif edirlər: “Bu peşəyə necə yiyələnmək olar? Məni ağcaqanad dişləyəndə heç bir reaksiya vermirəm”.

Paris ağcaqanadların ekologiyasını öyrənərək onların hansı şəraitdə yaşaya və xəstəlikləri yaya bildiklərini müəyyənləşdirməyə çalışır. O, həmçinin Avstraliyadakı müxtəlif ağcaqanad populyasiyalarını müqayisə edərək genişmiqyaslı genom tədqiqatı aparıb.

“Bir-birindən kifayət qədər təcrid olunmuş bir neçə populyasiya aşkar etdim. İndi onların, məsələn, yumurta sayına, temperatur dəyişikliklərinə və suyun keyfiyyətinə davamlılıq baxımından fərqlənib-fərqlənmədiyini yoxlayıram”, — deyə tədqiqatçı izah edib.

Paris alimlərin əslində nə işlə məşğul olduqlarını göstərmək üçün sosial şəbəkələrdə gündəlik fəaliyyətinin pərdəarxası görüntülərini paylaşmağa başlayıb. “Alimlərin işi təkcə qanla qidalandırmadan ibarət deyil. Amma insanların diqqətini məhz bu cəlb etdi”, — deyə o bildirib. Tədqiqatçı insanları sosial şəbəkələrdə elmi məlumatlar yayan şəxsləri izləməyə çağırır: “Sosial şəbəkə lentimi elmi icmaya çevirməkdən böyük zövq almışam. Bu, nəsə satmağa və ya insanları qorxutmağa çalışanların yaratdığı məzmundan fərqli olaraq, sosial şəbəkələrin xoş tərəfidir”.

Almaz Həsənli