Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adı açıqlanıb
2026-cı il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına Karl Deyserot, Peter Heqemann və Georg Nagel «işığa həssas ion kanalları və optogenetika sahəsində kəşflərinə görə» layiq görülüblər. Oxuməni.az xəbər verir ki, bu barədə Nobel Komitəsinin yaydığı press-relizdə bildirilib.
Beynin xatirələri, hissləri və davranış modellərini necə formalaşdırdığını anlamaq uzun müddətdir tədqiqatçıların arzusu olub. Karl Deyserot, Peter Heqemann və Georg Nagel optogenetikanın yaranmasına gətirib çıxaran kəşflərinə görə Nobel mükafatına layiq görülüblər. Bu üsul canlı beyində ayrı-ayrı sinir hüceyrələrinin fəaliyyətini işə salmağa və ya söndürməyə imkan verir. Hazırda bu metod dünyanın müxtəlif ölkələrindəki laboratoriyalarda beynin sirlərini araşdırmaq üçün istifadə olunur.
Heqemann və Nagel kanalrodopsin adlı unikal xüsusiyyətlərə malik zülalı kəşf ediblər. Onlar müəyyən ediblər ki, bu zülal hansı hüceyrəyə daxil edilməsindən asılı olmayaraq, həmin hüceyrələr işığa həssas olur. Deyserot kanalrodopsin genini siçovulların sinir hüceyrələrinə daxil edib. Hüceyrələri mavi işıqla işıqlandıraraq sinir siqnalı yaratmağa nail olub. Daha sonra o, işıqla idarə olunan bu «keçidi» canlı siçanların beynindəki sinir hüceyrələrində işlətməyə nail olub.
Sinir siqnallarını işıq vasitəsilə idarə etməyə imkan verən bu üsul hazırda optogenetika adlanır və qısa müddətdə dünya əhəmiyyəti qazanıb.
Ötən il fiziologiya və tibb sahəsində Nobel mükafatı amerikalılar Meri E. Brankou və Fred Ramsdellə, eləcə də yaponiyalı Şimon Sakauçiyə «periferik immun tolerantlıq sahəsində kəşflərinə görə» verilib.
Fiziologiya və tibb üzrə Nobel mükafatının laureatını 1810-cu ildə əsası qoyulmuş Stokholm Karolinska İnstitutu müəyyən edir. Nobel Komitəsinin üzvləri məsləhətləşmələr üçün mütəxəssisləri də dəvət edə bilərlər.
Qeyd edək ki, fiziologiya və tibb üzrə mükafatın təqdim edilməsi ilə «Nobel həftəsi» başlayıb. Sabah, oktyabrın 6-da fizika üzrə, oktyabrın 7-də isə kimya üzrə Nobel mükafatının laureatı açıqlanacaq. Ədəbiyyat üzrə laureat oktyabrın 8-də elan ediləcək. Sülh üzrə Nobel mükafatının sahibi oktyabrın 9-da Osloda açıqlanacaq. Alfred Nobelin xatirəsinə iqtisadi elmlər üzrə Nobel mükafatı isə 1969-cu ildən İsveç Bankı tərəfindən təsis edildiyindən, oktyabrın 12-də təqdim olunacaq.
Almaz Həsənli


















.jpg)










































































