Braziliyanın keçmiş prezidentinin oğlu Flavio Bolsonaro və hazırkı dövlət başçısı Lula da Silva seçkilərin ikinci turuna çıxıblar
Braziliyada keçirilən prezident seçkilərində namizədlərdən heç biri səslərin 50 faizini toplaya bilməyib. Oxuməni. az xəbər verir ki, bunu Braziliyanın Mərkəzi Seçki Komissiyasının məlumatları göstərir.
Bülletenlərin 99 faizinin hesablanmasından sonra 47,03 faiz səslə ilk pillədə keçmiş prezident Jair Bolsonaronun oğlu, sağçı senator Flavio Bolsonaro qərarlaşıb. Jair Bolsonaro dövlət çevrilişinə cəhd ittihamı ilə 27 il müddətinə azadlıqdan məhrum edilib. Flavio Bolsonaro ilə birlikdə oktyabrın 25-nə planlaşdırılan ikinci turda hazırkı dövlət başçısı, solçu siyasətçi Lula da Silva da iştirak edəcək. O, səslərin 45,16 faizini toplayıb.
The Guardian qəzetinin yazdığına görə, 45 yaşlı Flavio Bolsonaro 56,1 milyon, 80 yaşlı Lula isə 53,8 milyon səs alıb. Nəşr vurğulayır ki, Bolsonaro ikinci tura favorit kimi çıxır, çünki digər sağçı namizədlər — 2,1 faiz səs toplayan Ronaldo Kayado və 2,2 faiz nəticə göstərən Renan Santosun tərəfdarlarının onun namizədliyini dəstəkləməsi ehtimalı yüksəkdir. Bu iki namizədə ümumilikdə 5 milyondan çox seçici səs verib.
The Guardian qeyd edir ki, prezidentlə yanaşı Milli Konqresin üzvlərinin, qubernatorların və ölkənin regionlarının qanunverici orqanlarına deputatların seçildiyi ümumi seçkilərdə sağçı qüvvələr gözləniləndən daha yüksək nəticələr göstərib. Xüsusilə Bolsonaro ailəsi üçün nəticələr uğurlu olub.
Keçmiş prezident Jair Bolsonaronun ikinci oğlu Karlus Bolsonaro və keçmiş dövlət başçısının həyat yoldaşı Mişel Bolsonaro Senatda yer qazanıblar. Bolsonaronun kiçik oğlu Jair Renan Konqresin aşağı palatasına seçilib. Bundan başqa, Bolsonaro dövründə infrastruktur naziri olmuş Tarsizio de Freytas Braziliyanın ən sıx məskunlaşmış və iqtisadi baxımdan ən inkişaf etmiş ştatı olan San-Paulunun qubernatoru vəzifəsinə yenidən seçilib.
Oktyabrın 4-də seçilən 54 senatorun 34-ü sağçı və ya ifrat sağçı baxışları ilə seçilən namizədlər olub. Ümumilikdə Senatda 81 yer var. Bolsonaro tərəfdarları Senat seçkilərini həlledici hesab edirdilər, çünki məhz senatorlar keçmiş prezidentə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs cəzası verən Ali Məhkəmənin hakimlərini vəzifədən kənarlaşdıra bilərlər.
Flavio Bolsonaro seçkilərin nəticələrinin Lula da Silvanın rəhbərlik etdiyi “Əməkçilər Partiyası” üçün bir dövrün başa çatdığını göstərdiyini bildirib. O deyib:
“Lula yeddi prezident seçkisində iştirak edib. O, hakimiyyət üçün narahatdır. Mən isə Braziliyanın gələcəyi üçün narahatam”.
Hazırkı prezident isə öz növbəsində vurğulayıb:
“Biz indicə Braziliya demokratiyasından dərs aldıq. Nəticə çox vaxt gözlənilməz olur. Biz hər zaman istədiyimizi əldə edə bilmərik. Etiraf edirəm ki, seçkilərin birinci turunda qalib gələcəyimə əmin idim. Lakin bizi ikinci tur gözləyir. Yeni kampaniyaya başlayırıq”.
Lula ilk dəfə 2002-ci ildə prezident seçilib, daha sonra 2006 və 2022-ci illərdə dövlət başçısı vəzifəsinə yenidən seçilib. 2022-ci ildə o, həmin nəticələri tanımayan və ləğv etməyə çalışan Jair Bolsonaroya qalib gəlib.
Hazırkı seçki kampaniyasının əsas mövzularından biri Braziliyanın və Latın Amerikası ölkələrinin ABŞ-la münasibətləri olub. Lula ABŞ prezidenti Donald Trampı seçiciləri Bolsonaro lehinə yönəltməyə və bununla da Braziliyanı “müstəmləkələşdirməyə” cəhd etməkdə ittiham edib. Bolsonaro isə Vaşinqtonla daha sıx münasibətlər quracağına söz verib.
Almaz Həsənli













.jpg)





































































