2026-cı il üzrə fizika sahəsində Nobel mükafatı laureatı məlum olub
2026-cı ildə fizika üzrə Nobel mükafatı neytrinoların tədqiqinə verdiyi töhfəyə və IceCube neytrino rəsədxanasının yaradılmasına görə amerikalı astrofizik Fransis Halsenə təqdim edilib. Oxuməni. az xəbər verir ki, bu barədə Nobel Komitəsinin nümayəndələri mərasim zamanı məlumat veriblər.
Neytrinolar yarımtam spinə malik, yalnız zəif və qravitasiya qarşılıqlı təsirlərində iştirak edən və leptonlar sinfinə aid neytral elementar hissəciklərdir. Adı italyan dilindəki “neutrino” — “kiçik neytron” sözündən gəlir. Bu söz “neutrone” (neytron) sözünün kiçiltmə formasıdır.
IceCube (IceCube Neutrino Observatory) dünyanın ən böyük neytrino rəsədxanasıdır. O, Cənub qütbündə yerləşən ABŞ-ın Amundsen-Skott Antarktika stansiyasında fəaliyyət göstərir. Rəsədxana Antarktida buzunun dərinliklərində yerləşdirilmiş nəhəng neytrino detektorundan ibarətdir. Qurğunun işçi həcmi təxminən bir kub kilometr olduğu üçün ona IceCube adı verilib.
Neytrinoların elektrik yükü yoxdur və maddə ilə qarşılıqlı təsir ehtimalı olduqca aşağıdır. Hər saniyə insan bədənindən trilyonlarla neytrino keçir və onların demək olar ki, heç biri atomlarla toqquşmur. Bu “şəffaflıq” sayəsində neytrinolar Yerə demək olar ki, təhrif olunmadan çatır və mənbələri — Günəşin mərkəzi, fövqəlnova partlayışları, qalaktikaların aktiv nüvələri və hətta Böyük Partlayışdan sonrakı ilk saniyələr haqqında birbaşa məlumat daşıyırlar.
Neytrinolar alimlərə ulduzların necə fəaliyyət göstərdiyini anlamağa, erkən Kainatın sirlərini araşdırmağa və Standart Modelin hüdudlarından kənara çıxmağa imkan verir. Uzun müddət neytrinoların kütləsiz olduğu hesab edilirdi. Lakin neytrino osillasiyalarının — neytrinoların “növünü” (elektron, müon və tau-neytrino) dəyişmək qabiliyyətinin — aşkar edilməsi onların kütləsinin olduğunu göstərdi. Bu, Standart Modeldən kənara çıxan təsdiqlənmiş hadisələrdən biridir.
Hazırda alimlər, məsələn, steril neytrinoları və maddə ilə antimaddə arasındakı simmetriyanın pozulmasını araşdırırlar. Bu cür tədqiqatlar Kainatda niyə maddənin üstünlük təşkil etdiyini izah etməyə kömək edə bilər.
Xatırladaq ki, 2025-ci ildə Nobel mükafatı kvant mexanikası sahəsində tədqiqatlara görə amerikalı alimlər Con Klark, Mişel H. Devore və Con M. Martinisə təqdim edilib. Onlar elektrik dövrəsində makroskopik kvant-mexaniki tunelləşməni və enerjinin kvantlaşmasını kəşf etdiklərinə görə mükafata layiq görülüblər.
Almaz Həsənli









































.jpg-2.jpg)
















.jpg)






























