İrkutskda taun xəstəliyi xəbərlərindən sonra Tramp Rusiyaya yardım vəd edib

İrkutskda taun xəstəliyi xəbərlərindən sonra Tramp Rusiyaya yardım vəd edib

12:03
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp İrkutsk vilayətində mümkün taun xəstəliyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Bazar ertəsi jurnalistlərin suallarını cavablandıran Ağ Evin rəhbəri Rusiyanın belə bir xəstəliklə üzləşə biləcəyindən təəssüfləndiyini bildirib və zərurət yaranarsa, ölkəyə vəziyyətin öhdəsindən gəlməkdə kömək edəcəyinə söz verib. Bu barədə Oxuməni.az CNBC-yə istinadən məlumat yayıb.

"Biz baş verənləri çox diqqətlə izləyirik. Biz bu barədə yenicə eşitdik və onlar (Rusiya hakimiyyəti - red.) bunu sətəlcəm adlandırırlar. Əvvəllər sətəlcəmi müalicə etmək daha asan idi, lakin mikroblar və bakteriyalar qeyri-mütənasib şəkildə güclənib. Amma biz onlara (Rusiyaya - red.) kömək edəcəyik", - deyə Tramp Ağ Evin Rusiyadan gələn müvafiq xəbərlərə reaksiya verib-verməyəcəyi ilə bağlı jurnalistin sualını cavablandırarkən bildirib.

Başqa bir jurnalistin sualını cavablandıran Donald Tramp bu məsələ ilə bağlı Rusiya nümayəndələri ilə danışmadığını qeyd edib və ABŞ-ın "belə bir problemlə üzləşən hər kəsə" kömək etməyə hazır olduğunu bir daha təkrarlayıb.

İrkutsk vilayətində mümkün ağciyər taunu epidemiyası ilə bağlı xəbərlər İrkutsk Taun Əleyhinə İnstitutunda işləyən yerli sakin Darya Şipilovanın qəfil ölümü ilə əlaqədar ortaya çıxıb. 28 yaşlı qız sentyabrın sonunda xəstəxanaya yerləşdirilib və oktyabrın 2-də vəfat edib. Rospotrebnadzor onun ölüm səbəbini "etiologiyası məlum olmayan sətəlcəm" adlandırıb.

Yerli KİV-lərin məlumatına görə, bundan sonra İrkutsk vilayətində 200-ə yaxın insan karantinə alınıb. Lakin regionda təsdiqlənmiş ikincili sətəlcəm halları barədə məlumat daxil olmayıb. Şipilovanın vəfat etdiyi xəstəxanalardan birinin yerləşdiyi Şelıxov şəhərinin administrasiyası oktyabrın 3-də sosial şəbəkələrdə şəhərə səfərlərdən çəkinməyə çağıran bir elan yayıb, lakin qısa müddət sonra bu mesaj silinib.

Rusiyanın Sibir regionları ilə qonşu olan azı üç ölkə sərhədlərdə ehtiyat tədbirlərinin gücləndirildiyini bildirib. Qazaxıstan və Qırğızıstan sanitariya-karantin nəzarətini gücləndirib, Özbəkistan isə infeksiyaların ölkəyə keçməsinin qarşısını alan xidmətlərin yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.

Azərbaycan Səhiyyə Nazirliyindən bildirilib ki, qurum Rusiyadan gələn xəbərlərdən xəbərdardır, lakin gömrük nəzarətinin gücləndirilməsinə ehtiyac görmür. Bununla yanaşı, coğrafi cəhətdən İrkutsk vilayətinə ən yaxın ölkə Monqolustandır, lakin bu ölkə hələ əvvəllər də regionda taun törədiciləri aşkar edildiyi üçün belə xəstəliklərin yayılmasının qarşısının alınması məsələsində Rusiya ilə əməkdaşlıq edirdi.

Almaz Həsənli