GigaChat “Ölü canlar”ın ikinci cildini yazıb
“Sber” bankının GigaChat neyroşəbəkəsi rus yazıçısı Nikolay Qoqolun “Ölü canlar” əsərinin ikinci cildini tamamlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə bankın mətbuat xidməti RBC-yə məlumat verib.
“Ölü canlar. İkinci cild. Dirçəliş” romanı üzərində “Sber” mütəxəssisləri tarixçilər, ədəbiyyatşünaslar, dilçilər və mühəndislərlə birlikdə bir ildən çox çalışıblar. Bankın bildirdiyinə görə, süni intellekt modelinin təlimində Qoqolun əsərlərinin tam külliyyatından, onun məktublarından, qaralamalarından və qeyd dəftərlərindən, həmçinin yazıçının müasirlərinin əsərlərindən və Bibliya mətnlərindən istifadə olunub.
Yaranan mətn leksika, sintaksis, qrotesk, dialoqların quruluşu və müəllif-nəqledicinin mövcudluğu da daxil olmaqla 11 parametr üzrə qiymətləndirilib. Süni intellekt tərəfindən yaradılan hər epizodun unikallığı da yoxlanılıb.
“Ortaya çıxan mətn, şübhəsiz ki, Qoqol deyil. Lakin bu, Qoqolun təhkiyə qanunları əsasında yaradılmış mətndir və buna insanla süni intellektin sinerjisi sayəsində nail olmaq mümkün olub”, - deyə press-relizdə bildirilib.
Kitabı internet mağazalarından almaq mümkündür.
Xatırladaq ki, “Ölü canlar”ın birinci cildi 1842-ci ildə nəşr olunub. Yazıçı ikinci cild üzərində uzun illər ərzində işləyib, lakin ölümündən az əvvəl, 1852-ci ilin fevralında əsərin əsas əlyazmasını yandırıb. Bu günə qədər əsərin tamamlanmamış və müxtəlif redaksiyalarda olan beş fəsli qorunub saxlanılıb.
Almaz Həsənli















.jpg)



































































