Britaniya xarici iş adamlarının ölkəni tərk etməsi səbəbindən 2 ildə 160 milyard dollar itirib
Son iki ildə Böyük Britaniyanı tərk edən ən varlı sahibkarların ümumi sərvəti 160 milyard dollar təşkil edir. Ölkəni tərk edənlərin əksəriyyəti vergi güzəştlərini itirən əcnəbilərdir. Oxuməni.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Bloomberg Billionaires Index" (BBI) reytinqinə istinadən məlumat yayıb.
Agentlik qeyd edir: "Britaniyadan super varlıların kütləvi axını 160 milyard dollarlıq bir problemə çevrilib... Bu, təkcə son iki ildə Böyük Britaniya ilə əlaqələrini zəiflətmiş və ya tamamilə kəsmiş siyahıdakı şəxslərin ümumi sərvətidir".
Bildirilir ki, bu məbləğ indeksin Böyük Britaniyada yaşamağa davam edən iştirakçılarının ümumi sərvətindən çoxdur.
Nəşrin seçmə qrupuna daxil olanların yarısı ötən ilin aprelindəki vergi islahatı ərəfəsində Böyük Britaniyanı tamamilə tərk edərək Monako, İsveçrə və BƏƏ kimi ölkələrə köçüblər. Həmin vaxt ölkənin maliyyə naziri Reyçel Rivz varlı əcnəbilərə xaricdə əldə etdikləri gəlirləri ölkədəki vergilərdən qorumağa imkan verən qeyri-rezidentlər üçün xüsusi vergi rejimini ləğv etmişdi.
Agentliyin məlumatına görə, həmçinin miras qalan aktivlərə və özəl bazarlardakı əməliyyatlardan əldə olunan gəlirlərə tətbiq edilən vergilər artırılıb, gələcək dəyişikliklərlə bağlı davamlı söhbətlər isə ölkənin varlı sakinləri arasında narahatlığı daha da gücləndirib.
Ölkəni tərk edənlərin təhlili göstərir ki, onların arasında gözlənildiyi kimi, əcnəbilər üstünlük təşkil edir.
Almaz Həsənli















.jpg)



































































