ABŞ Tramp dövründə onlarla LGBT miqrantı eynicinsli münasibətlərin qanunla təqib edildiyi ölkələrə deportasiya edib
Donald Tramp administrasiyası onlarla LGBT miqrantı Afrikanın üçüncü ölkələrinə deportasiya edib. Bu ölkələrdə eynicinsli münasibətlər cinayət hesab olunur və ya ABŞ hakimiyyətinin məlumatlarına görə, LGBT nümayəndələri təqiblərlə üzləşirlər. Oxuməni az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Agentlik belə 40 hal müəyyən edib.
Söhbət ABŞ-da öz ölkələrində təqib olunmaq təhlükəsi səbəbindən müdafiə almış miqrantlardan gedir. Onlar mənşə ölkələrinə göndərilməyib, bunun əvəzinə LGBT insanlar üçün təhlükəli hesab olunan üçüncü ölkələrə deportasiya ediliblər.
Trampın Ağ Evə qayıtmasından sonra ABŞ hakimiyyəti şəxslərin vətəndaşı olmadıqları ölkələrə deportasiya edilməsi praktikasından daha geniş istifadə etməyə başlayıb. Reuters-in tanış olduğu ilkin hökumət məlumatlarına görə, bu yolla ümumilikdə 40 mindən çox insan ABŞ-dan çıxarılıb. Onlardan təxminən 900 nəfəri Afrika ölkələrinə göndərilib. Trampın ikinci prezidentlik müddətinə qədər üçüncü ölkələrə deportasiya halları nadir idi.
Reuters ABŞ-ın Afrika ölkələrinə göndərdiyi 40 LGBT miqrantın hamısının sonrakı taleyini araşdırıb. Onların arasında Afrika ölkələrindən, həmçinin İraq, Yamayka və Rusiyadan olan şəxslər də olub. 16 nəfər hələ də ABŞ-dan ilkin olaraq deportasiya edildikləri ölkələrdə qalır, onlardan bəziləri həbsdədir. Daha 16 nəfər sonradan həmin ölkələrin hakimiyyət orqanları tərəfindən öz iradələri əleyhinə vətənlərinə göndərilib. 9 nəfər isə başqa ölkələrdə gizlənir. Daha bir deportasiya edilən şəxslə bağlı onun qohumları və vəkilləri əlaqəni itirib.
Miqrantların bir qismi eynicinsli münasibətlərin cinayət hesab edildiyi Syerra-Leone, Kamerun və Esvatiniyə göndərilib. Digərləri isə Mərkəzi Afrika Respublikası, Ekvatorial Qvineya və Konqo Demokratik Respublikasına deportasiya edilib. Bu ölkələrdə eynicinsli münasibətlər qanunla qadağan edilməsə də, ABŞ Dövlət Departamenti daha əvvəl LGBT insanlara qarşı zorakılıq, o cümlədən “islah məqsədli zorlama” və konversiya terapiyası halları barədə məlumat verib.
Reuters-in həmsöhbətlərindən biri, Toqodan olan Abdu Latifu, kişi ilə münasibətdə olduğuna görə vətənində izdiham tərəfindən döyüldükdən və ölümlə hədələndikdən sonra ABŞ-a qaçıb. ABŞ məhkəməsi onun Toqoya deportasiya edilməsini qadağan edib. Lakin iyun ayında ABŞ hakimiyyəti Latifunu eynicinsli münasibətlərə görə kişilərin ömürlük həbs cəzası ala biləcəyi Syerra-Leoneyə göndərib. İki həftə sonra yerli hakimiyyət orqanları onu təyyarə ilə Toqoya göndərib. Latifu geri qayıtdıqdan sonra ölkəni yenidən tərk edib və nəticədə Kot-d’İvuara köçüb.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Reuters-ə bildirib ki, immiqrasiya xidməti deportasiya qərarlarını cinsi oriyentasiya əsasında qəbul etmir və üçüncü ölkələrə deportasiyanın “ictimai təhlükəsizliyin təmin edilməsində mühüm vasitə” olduğunu hesab edir.
Sentyabrın sonunda ABŞ Ali Məhkəməsi üçüncü ölkələrə deportasiyaları məhdudlaşdıran aşağı instansiya məhkəməsinin qərarını dayandırıb. Bu, Tramp administrasiyasına məhkəmənin işə mahiyyəti üzrə baxmasına qədər bu praktikadan davam etməyə imkan verib. Məhkəmə dinləmələri dekabr ayına təyin edilib.
Almaz Həsənli



























.jpg-2.jpg)


















.jpg)



































