“Starlink”-in öz mobil rabitə xidmətini işə salmaq planları ABŞ-ın telekommunikasiya nəhənglərinin bazar dəyərini 62 milyard dollar azaldıb
SpaceX şirkəti aşağı tezlikli radio spektrindən istifadə lisenziyalarını almaq barədə qərarını açıqlamaqla ABŞ istehlakçıları üçün Starlink mobil rabitə xidmətlərinin işə salınması istiqamətində mühüm addım atıb. Bu qərar ölkənin ən iri telekommunikasiya operatorlarının ümumi bazar kapitallaşmasının təxminən 62 milyard dollar azalmasına səbəb olub.
Oxuməni.az bu barədə Financial Times nəşrinin məlumatlarına istinadən xəbər verir.
Cümə axşamı günün ikinci yarısında yayılan açıqlamada şirkət 800 MHz diapazonunda 14 MHz-dək qoşalaşdırılmış radio spektrindən istifadə lisenziyalarını satın aldığını bildirib. Bu açıqlamadan sonra cümə günü ABŞ-ın mobil rabitə operatorlarının səhmlərinin ucuzlaşması sürətlənib:
- Ölkədə ən çox abunəçisi olan Verizon Communications şirkətinin səhmləri ticarət sessiyasını 8,7% ucuzlaşma ilə başa vurub;
- AT&T-nin səhmləri 9,8% dəyər itirib;
- T-Mobile US şirkətinin səhmləri isə 13,3% ucuzlaşıb.
Bununla yanaşı, mobil şəbəkə infrastrukturunu idarə edən şirkətlərin səhmləri, əksinə, bahalaşıb. Crown Castle-ın səhmləri 15,6%, American Tower-in səhmləri 9,3%, SBA Communications-ın səhmləri isə 7,3% artıb.
SpaceX-in baş icraçı direktoru İlon Mask sosial şəbəkə X-də bu hadisəni “çox böyük razılaşma” adlandırıb. Süni intellektdən raket istehsalına qədər müxtəlif sahələrdə fəaliyyət göstərən layihələri birləşdirən şirkətlər qrupunun səhmləri cümə günü ticarətin yekunlarına əsasən 1,2% bahalaşıb. Bu, şirkətin bazar dəyərini 27 milyard dollar artırıb. Gün ərzində isə səhmlərin bahalaşması 3,6%-ə çatıb.
Pərakəndə müştərilər üçün mobil rabitə tarifləri bazarına daxil olmaq Starlink-in fəaliyyətə başlamasından bəri biznesinin ən böyük kommersiya genişlənmələrindən biri olacaq. Hazırda Starlink 160-dan çox ölkədə yüksək sürətli internet xidməti göstərir.
İyun ayında keçirilməsi gözlənilən rekord həcmli ilkin kütləvi səhm təklifi (IPO) ərəfəsində şirkət rəhbərliyi investorlara Starlink-in pərakəndə müştərilər üçün nəzərdə tutulmuş məhsulunu bazara çıxarmaq niyyətində olduğunu bildirib. Bunun üçün əsaslar hələ ötən il qoyulub. Həmin vaxt SpaceX EchoStar şirkətindən lisenziyaları almaq üçün 17 milyard dollar ödəməyə razılaşıb.
SpaceX əvvəllər də ABŞ-da məhdud həcmdə xidmətlər təklif edib. Şirkət, xüsusilə T-Mobile kimi mobil operatorlara kənd yerlərində əhatə dairəsini genişləndirmək üçün peyklərindən istifadə imkanı verib. Lakin aşağı tezlikli radio spektrinin alınması və mobil rabitə xidmətlərinin birbaşa pərakəndə bazara çıxarılması SpaceX-ə peyk internetindən daha böyük bazara daxil olmaq və tərəfdaş telekommunikasiya şirkətlərindən asılılığını azaltmaq imkanı yaradır.
SpaceX bildirib ki, ABŞ Federal Rabitə Komissiyasının (FCC) yekun təsdiqindən sonra peyk xidmətləri yerüstü şəbəkə ilə birləşdiriləcək. Bu sistem istənilən yerdə cihazların şəbəkəyə qoşulmasını təmin edə biləcək.
Aşağı tezlikli radio spektri Starlink Mobile xidmətinə daha geniş əhatə dairəsi qazandıracaq. Bu tezliklər siqnalların müxtəlif maneələri, o cümlədən divarları keçməsinə imkan verəcək və müştərilər binaların daxilində də mobil rabitədən istifadə edə biləcəklər.
Bernstein analitikləri hesabatlarında qeyd ediblər ki, radio spektrinin alınması SpaceX-in ölkə üzrə vahid mobil şəbəkə qurmaq öhdəliyi götürdüyü anlamına gəlmir. Bununla belə, məhz bu tezlik diapazonunun əldə edilməsi belə bir addımı şirkət üçün daha real və daha az xərcli edir.
Xatırladaq ki, daha əvvəl SpaceX-in ABŞ-da mobil rabitəni baza stansiyaları olmadan təmin etmək üçün 8 milyard dollara radio tezlikləri aldığı barədə məlumat yayılmışdı. Aerokosmik şirkət ölkə üzrə aşağı tezlikli radio spektri portfelini almaq barədə razılaşma imzalayaraq peyk layihəsini ABŞ-ın mobil rabitə nəhəngləri ilə birbaşa rəqabətə daha da yaxınlaşdırıb.
Almaz Həsənli

.jpg)

























.jpg)













































.jpg)









