"Dublayj sənətinin nəzəriyyəsi və praktiki əsasları" nəşr olundu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Bakı Bələdiyyə Teatrının sevilən aktrisası, Əməkdar artist və Əməkdar müəllim Mahirə Yaqubovanın “Dublyaj sənətinin nəzəriyyəsi və Praktiki əsasları” adlı ilk fundamental kitabı işıq üzü görüb.
Kitabda dublyaj sənətinin mahiyyəti, aktyor qarşısında dayanan yaradıcılıq tələbləri, səs və obraz münasibəti, intonasiya, nitq və digər mühüm məqamlar əhatəli şəkildə təqdim olunur. Mahirə Yaqubovanın peşəkar təcrübəsi və araşdırmaları əsasında ərsəyə gələn kitab dublyaj sənətinin incəliklərinə yeni baxış təqdim etməklə yanaşı, Azərbaycan dilinin ekran qarşısındakı imkanlarını da düşündürür. Kitabda dublyajın tarixi, nəzəri əsasları, nitq texnikası, rolların səsləndirilməsi prinsipləri və studiya işinin praktik incəlikləri ətraflı təhlil edilir. Biz filmlərə baxırıq, orada qəhrəman danışır, fəryad edir, pıçıldayır. Amma o sözlərin arxasında saatlarla studiya əməyi, nəfəs texnikası, psixoloji hazırlıq dayanır. Mahirə Yaqubova həmin bu “görünməyən” əməyi kağıza köçürdü. Filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Qulu Məhərrəmlinin “Dublyaj sənətini öyrədən kitab” ön sözü ilə müqəddəsləşən, aktrisa və dosent Mahirə Yaqubovanın ürəyi və elmi ilə yazılan bu kitab, bir məktəbdir.
Kitabın ən qiymətli tərəflərindən biri də budur: o dublyaj sənətinin pərdəarxası dünyasına işıq salır. Tamaşaçının bir neçə dəqiqəyə izlədiyi səhnənin arxasında nə qədər zəhmət, diqqət, peşəkarlıq və yaradıcılıq dayandığını xatırladır. Mikrofon qarşısında deyilən hər cümlə, hər pauza, hər intonasiya obrazın taleyinin bir parçasına çevrilir. Mahirə Yaqubovanın dublyaj sənətinə həsr olunan kitabı bu görünməyən qəhrəmanların əməyini görünən edir. Sözün səsə, səsin obraza, obrazın isə yaddaşa çevrilməsinin hekayəsini danışır.
Müəllif kitabda Azərbaycan dublyaj məktəbinin formalaşma tarixindən də bəhs edir. Sovet dövründən bu günə qədər gələn ənənəni, itirilən və qazanılan dəyərləri analiz edir. Eyni zamanda praktiki məşqlər, diksiya və nitq texnikası ilə bağlı tapşırıqlar verir.
“İllərdir mənə bu sənəti haradan öyrənək?” deyə soruşurdular. Cavabım budur: --Qoy bu kitabdan sonra mikrofon arxasına keçən hər bir gənc bilsin ki, dublyaj təkcə səs deyil, ürək işığıdır” –deyir Mahirə Yaqubova.
Dərs vəsaitində dublyaj sənətinin yaranma tarixi, inkişaf mərhələləri, nəzəri-metedoloji əsasları, müasir dublyaj texnologiyaları və peşəkar fəaliyyət prinsipləri sistemli şəkildə təqdim edilir. Dublyaj prosesinin əsas komponentləri-mətnin adaptasiyası, sinxronlaşma, obrazın səs vasitəsilə yaradılması, nitq texnikası, diksiya, intonasiya, emosional ifadəlilik və aktyor ustalığının dublyaj fəaliyyətində tətbiqi məsələləri də geniş şəkildə şərh olunur. Nəşrdə nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar, məşğələ nümunələri, təhlil sualları və metodik tövsiyələr də yer almışdır ki, bu da tələbələrin peşəkar dublyaj sahəsində təcrübi vərdişlərinin inkişafına xidmət edir.
Kitab ali məktəblərin bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələr, müəllimlər, dublyaj mütəxəssisləri, aktyorlar, rejissorlar və tərcüməçilər, televiziya və kino sahəsində çalışan peşəkarlar üçün faydalı mənbədir.
Aktrisa və dosent Mahirə Yaqubova illərin səhnə, mikrofon və studiya təcrübəsini bu səhifələrdə birləşdirir. Nəzəriyyədən praktikaya, səs texnikasından aktyor psixologiyasına qədər dublyajın bütün sirləri bu kitabda cəmlənib.
Kitabı vərələdikcə, bir həqiqət daha aydın görünür: dublyaj tərcümə deyil, yenidən yaratmaq sənətidir. İllərdir Azərbaycan dublyajı qaranlıqda idi. Hər kəs səs eşidirdi, amma əməyi görmürdü. Bu kitab o qaranlığa yandırılan ilk çıraqdır. İndi bu çırağın işığı ilə gənclər yol tapacaq, tələbələr dərs keçəcək, tarixçilər araşdırma yazacaq. Bu kitab bağlanmayacaq. Çünki hər səhifəsi gələcəyə açılan qapıdır. Eşidilən, amma görünməyən əmək artıq kağızdadır, tarixdədir, dərslikdədir.
Nisə Rafiqqızı:
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl Qələm” Media mükafatı laureatı






























































































