Abdel Hamid Dbeyba Nəcla Manquşu  tutduğu vəzifədən uzaqlaşdırıb

Abdel Hamid Dbeyba Nəcla Manquşu tutduğu vəzifədən uzaqlaşdırıb

28 Avqust 2023 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyanın Milli Birlik Hökumətinin (GNU) baş naziri Abdel Hamid Dbeyba, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nəcla Manquşu israilli həmkarı Eli Koenlə görüşünə görə tutduğu vəzifədən uzaqlaşdırıb. Bu barədə Reuters agentliyi istinadən xəbər verib.

Qeyd olunur ki, Manquş barəsində istintaq başladılıb.

Xatırladaq ki, İsrailin xarici işlər naziri Eli Koen Romada Liviyanın xarici işlər naziri Nəclə əl-Manquş ilə danışıqlar aparıb. İtaliyanın xarici işlər naziri Antonio Tajaninin vasitəçiliyi ilə keçirilən görüş avqustun ortalarında Romada ciddi məxfilik şəraitində baş tutub. Vurğulanır ki, bu, İsrail və Liviyanın xarici əlaqələr idarələrinin rəhbərləri arasında tarixdə ilk danışıqlardır.

İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levinin də iştirak etdiyi danışıqlarda liviyalılarla yəhudilər arasında tarixi əlaqələr, Liviya yəhudi icmasının irsi və humanitar sahədə ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub.

Son 10 ildə İsrail və Liviya Mossad və Xarici İşlər Nazirliyinin kanalları ilə gizli əlaqələr saxlasalar da, indiyədək belə yüksək səviyyədə görüşlər keçirilməyib.

Nəclə Məhəmməd əl-Manquş Liviyanın ilk qadın xarici işlər naziridir. Təhsil üzrə hüquqşünas, Benqazi Universitetinin Hüquq fakültəsinin dosenti, 2021-ci ildə Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

Əziz MUSTAFA.