Azərbaycan Dövlət Neft Fondunun vəsaiti pul şəklində saxlanılmayacaq

Azərbaycan Dövlət Neft Fondunun vəsaiti pul şəklində saxlanılmayacaq

31 Oktyabr 2011 20:33
Bəyəndim (0) Bəyənmədim (0)
ARDNF qızıl, daşınmaz əmlak və səhmlərə investisiya yatıracaq

Dövlət başçısının fərmanı ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaları"na edilən dəyişikliklərdən sonra fondun vəsaitləri digər aktivlərə, o cümlədən səhmlərə, daşınmaz əmlaka və qızıla yatırıla bilər. İndən belə ARDNF-in vəsaitlərinin 95%-nin dollar, avro və funt sterlinqində yerləşdirilməsi ilə bağlı tələb ləğv edilir. Qeyd edək ki, əvvəlki qaydaya əsasən, fondun vəsaitlərinin 95%-i adı çəkilən valyutalarda, qalan hissə isə digər valyutalarda saxlana bilərdi.

Bundan başqa, Dövlət Neft Fondunun vəsaitlərinin valyutalarında yerləşdirilə bilən ölkələrin siyahısı da dəyişib. Əvvəlki qaydalara görə, Fondun vəsaitləri G7 (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, həmçinin "A" ("Standard and Poors" və "Fitch") və ya "A2" ("Moody's") kredit reytinqindən aşağı olmayan uzunmüddətli ölkə (suveren borc) reytinqinə malik olan dövlətlərin valyutalarında ifadə olunmuş aktivlərə (vəsaitlərin 95%-nin dollar, avro və funt sterlinqdə olması şərti ilə) yerləşdirilə bilərdi. Dəyişikliklərdən sonra Neft Fondunun vəsaitləri sadalanan ölkələrdən əlavə, Rusiya və Türkiyə valyutalarına da yatırıla bilər, özü də 95%-lik hədd olmadan. Maraqlıdır ki, Rusiya və Türkiyə milli valyutaları etibarlılıq dərəcəsinə görə yuxarıda sadalanan ölkələrə bərabər tutulub - yeni qaydalarda bu ölkələrin valyutalarına vəsaitlərin yatırılması üçün onların kredit reytinqi ilə bağlı tələblər yoxdur. Fondun valyuta vəsaitlərinin yerləşdirilməsinə (investisiya istiqamətlərinə) də ciddi dəyişikliklər edilib. Belə ki, indi ARDNF-in vəsaitləri, əvvəllər nəzərdə tutulan istiqamətlərdən başqa, daşınmaz əmlaka, qızıl külçələrə (London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələr) də yatırıla bilər. Qeyd edək ki, qaydaların əvvəlki variantında Fondun vəsaitlərinin qiymətli metallar və daşlara, eləcə də daşınmaz əmlaka yatırılması qadağan edilirdi. Amma son vaxtlar dünyanın maliyyə və fond bazarlarındakı qeyri-sabitlik fonunda qızılın investisiya aləti kimi populyarlaşması və qiymətinin kəskin artması müşahidə edilir. Bununla əlaqədar olaraq, artıq bir neçə aydır ki, Azərbaycanda ekspertlər səviyyəsində Neft Fondunun vəsaitlərinin bir hissəsinin qızıl aktivlərində saxlanması ideyası müzakirə olunur. Ekspertlər, o cümlədən, Azərbaycanda qızılı hasilatı ilə məşğul olan şirkətlərin rəhbərləri vəsaitlərin bir hissəsinin qızılda saxlanmasının məqsədəuyğun olduğunu bildirirlər.
Fondun investisiya istiqamətlərinə daşınmaz əmlakın əlavə edilməsi isə son illər dünyada, xüsusilə Avropada daşınmaz əmlakın kəskin ucuzlaşması və artım potensialının olması ilə əlaqədardır.
Xatırladaq ki, bir neçə gün əvvəl prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 9 aylıq yekunlarına həsr olunmuş iclasında dövlət başçısı Azərbaycanın Avropa ölkələrinə investisiya yatırması ilə bağlı ilkin planlarını açıqlayaraq ölkənin valyuta ehtiyatlarının bir hissəsinin daşınmaz əmlaka yönəldiləcəyini bildirib: "Avropa İttifaqı məkanında investisiya imkanları araşdırılır və artıq ilkin addımlar atılır. Biz maliyyə resurslarımızın şaxələndirilməsi üçün gərək valyuta ehtiyatlarımızın bir hissəsini daşınmaz əmlaka yönəldək. Dünya miqyasında indi belə araşdırmalar aparılır, ilkin addımlar atılıb".
Dəyişikliklərə əsasən, ARDNF-in vəsaitləri beynəlxalq nüfuzlu səhm bazarı indekslərinə daxil olan səhmlərə də yatırıla bilər.
Şübhə yoxdur ki, bu addımın atılması dünya iqtisadiyyatında baş verən proseslər, ABŞ-ın kredit reytinqinin aşağı salınması, ABŞ-ın defolt təhlükəsinin aradan qaldırılması üçün bazara külli miqdarda dollar kütləsinin çıxarılması, eləcə də maliyyə sistemində dolların mövqeyinin zəifləməsi, eləcə də Avrozonaya daxil olan bəzi ölkələrin müflisləşmə təhlükəsi ilə üzləşməsi və bunun qarşısının alınması üçün maliyyə sisteminə əlavə vəsaitlərin buraxılması və s. amillərlə bağlıdır.

Xatırladaq ki, 2011-ci il oktyabrın 1-ə Fondun aktivləri 2011-ci ilin əvvəlinə nisbətən 41,6% artaraq 32 242,5 milyon ABŞ dollarına çatıb.

O.M.