İtaliyanın bank sektoru mafiyanın əlindədir
Mütəşəkkil cinayətkarlıq İtaliya iqtisadiyyatını tamamilə ələ alaraq xırda şirkətləri sıradan çıxarmaqdadır. Bunun fəsadları ümumdünya iqtisadi böhranı ilə daha da ağırlaşıb. Reuters-in məlumatına görə, "SOS Impresa" araşdırma qrupunun hesabatı vəziyyətin acınacaqlı olduğundan xəbər verir. Mafiya tərəfindən kütləvi kreditləşmə "milli təhlükə" səviyyəsinə qədər gəlib çatıb. Artıq İtaliyada mafiyanın illik dövriyyəsi 140 milyard, gəliri isə 100 milyarddan çox avro məbləğinədək yüksəlib.
Sisiliyanın Koza nostra, Neapolitanın
Kamorra və ya Kalabrianın Ndrangeta qrupları çoxdan bəri ölkə iqtisadiyyatına nəzarət
edərək Ümumi Daxili Məhsulun 7%-i qədər mənfəət
əldə edirlər.
Qeyri qanuni işlərlə bərabər artıq mafiya maliyyə əməliyyatları da aparır və
ölkə iqtisadiyyatına sərmayə qoyur. Hesabatda o da qeyd olunur ki, fərdi
qaydada faizə vermək ənənəsi artıq mafiyanın rəsmi maliyyə qurumları tərəfindən
həyata keçirilir.
"SOS Impresa" qrupunun məlumatına görə, 200 000 kiçik şirkət mafiyaya
borcludur ki, bunun müqabilində on minlərlə insan işini itirib. Hesabatda o da
bildirilir ki, mafiya artıq əvvəlki kimi restoranlarda və ya bilyard
salonlarında kimisə faizə "oturtmur", sadə bir bank kimi qanunlarla danışır. Lakin
bir şey dəyişməz olaraq qalır ki, mafiyanın banklarında faizlər yüksək, tələblər
ağırdır. Hesabatda sonuncu 3 ayda şərtlərin daha da ağırlaşdığı bildirilir.
Bizdəki bankların faizinə nə deyəsən? Mafiya onlardan insaflıdır...
Murad Şahməmmədov
O.M.