Onun menyusunu "kreslo" bəzəyir
ABŞ-da yaşayan 5 uşaq anası Adel Edvardsın inanılmaz asılılığı var: o, 21 ildir ki, kreslo "yeyir".
Floridada yaşayan Adel 21 ildir ki, kresloların içindəki süngərlərlə qidalanır: "10 yaşımda ilk dəfə olaraq süngəri daddım. Onun dadını çox bəyəndim. Elə o vaxtdan da onun "quluna" çevrildim. Məsələn, keçən il yeddi kreslo yemişəm. Əşyanın parçasını açıram, içindəki süngəri böyük iştaha ilə yeməyə başlayıram. Bir dəfə başlayanda artıq dayana bilmirəm. Amma həkimlər məni xəbərdar ediblər ki, bu adətimdən vaz keçməsəm, məni ölüm gözləyir", - deyə Adel etiraf edərək sözlərinə əlavə etdi: "Gündə 15 süngər yeyirəm. Bunu tərgitmək üçün hipnoza, müxtəlif müalicə kurslarına getmişəm. Ancaq vərdişimdən qurtula bilməmişəm. Həyati risklərimin olduğunu bilə-bilə süngər yeyirəm. Tibb işçiləri deyirlər ki, mədəmdə ciddi problemlər yarana, bağırsaqlarım partlaya bilər. Məni də bu qorxudur. Mən bundan qurtulmaq, normal insan kimi yaşamaq istəyirəm. Və bunun üçün də əlimdən gələni əsirgəmirəm".
Ötən il gecənin bir vaxtı Adel dəhşətli ağrı ilə oyanıb. Dərhal xəstəxanaya çatdırılıb. Məlum olub ki, bağırsaqlarında tıxac yaranıb. 6 gün boyunca o, inanılmaz ağrılara dözməli olub.
Həkimlər Adelin bu asılılığını orqanizmindəki dəmir çatışmazlığı ilə əlaqələndirilər. Çünki onun orqanizmindəki dəmir normal qadında olduğundan xeyli aşağı səviyyədədir. Bu səbəbdən dəmirin səviyyəsini yüksəltmək üçün müalicələr aparılır.
Ümumdünya iqtisadi böhranında ərzaq sürətlə bahalaşır. Belə getsə, insanlar daşdan yumşaq hər şeyi yeməyə başlayacaqlar...
Günel Həbib
O.M.