Bir ağacın möcüzəsi
Baobab ağacları Afrikanın bir simvoludur. O, daha çox tropik ölkələrdə rastlaşan, çinar ağacına bənzəyən bitkidir. Budaqları ağac kökünə bənzəyən, kölgəsi belə olmayan bu ağac lay-lay olduğundan ağac sənayesi üçün uyğun deyil. Afrikada müqəddəs hesab edildiyi üçün toxunulmayan baobabın maraqlı hekayəsi də var.
Qara qitənin qərbində yerləşən
Seneqalda ölkə əhalisinin yalnız 1 %-ni təşkil edən Serer qəbiləsinin
mənsubları yaşamaqdadırlar. Onlar bir zamanlar qəbilənin ozanlarını baobab
ağacının dibində basdırırlarmış. Gələcək nəsillərə şifahi xalq ədəbiyyatından
bəhs edən ozanlar - yəni giriyotlar heç vaxt əkinçiliklə məşğul olmayıblar. Elə
bu səbəbdən torpağı haqq etmədikləri üçün onlar öldükləri zaman qəbilə camaatı
tərəfindən baobabın ətəyində basdırılırlarmış. Bu adət 1960-cı ilə qədər
davam etdikdən sonra rəsmi olaraq qadağan olunub. Elə həmin vaxtdan etibarən də
tədricən yaddaşlardan silinib. Baobabdan Afrikanın fərqli ölkələrində
fərqli halda istifadə edilib. Məsələn, Zimbabvedə bu ağac əksər hallarda
dayanacaq rolunu oynayıb. Nigeriyada isə baobab 19-cu əsrdə türmə olacaq
qədər böyük idi. Hətta bəzi insanlar bu bitkidən bir neçə mərtəbəli
"villa" belə düzəldərək, ora sığınırlarmış. Afrikanın bəzi yerlərində 5000 yaşı
olan baobab ağaclarına rast gəlmək mümkündür. Hətta onların bəzilərinin doğum
günü İsanın anadan olmasından əvvələ qədər uzanır. Seneqalın milli simvolu olan bu
möcüzəvi ağac özündə litrlərlə su saxlaya bilir. Ona görə də onların yanması
ehtimalı haradasa 0-a bərabərdir. Yarpaqlarından şəfalı qidalar və dərmanların
hazırlanmasında istifadə edilir. "Oda çörəyi" adı verilən meyvəsi isə
C vitamini ilə zəngindir. Eyni zamanda heyvanların da sığınacağı hesab edilən
baobab "Valt Disney" tərəfindən də unudulmayıb. "Kral
aslan" cizgi filmində o "həyat ağacı" olaraq təsvir olunub. Ağacın nemətləri kökündən ucuna kimi
sıralana bilər. Belə ki, onun kökündəki mayedən kosmetik vasitələrin ərsəyə
gətirilməsində istifadə olunur. Yarpaqlarından şorbalar, toxumlarından qəhvə,
meyvəsindən isə tort üçün krem düzəldilir. Onun uzunluğu 25-30 metr, eni isə
3-6 metr arasında dəyişə bilir. Bu parametrlərə baxmayaraq, baobabı ev
şəraitində də böyütmək mümkündür. İndi
başa düşülür ki, "Bakılı oğlanlar" KVN teatrı Hacıbala Abutalıbovun adından baobab
ağacını Bakının mərkəzində əkdirməklə düz iş görüblər... Günel
Həbib O.M.