Vüqar Əhməd: “16 il əvvəl - toyun səhəri “Oxu Məni” hər yana səs saldı ki, Vüqar Əhməd toyuna özü boyda pul gətirdi”
Sözün və fikrin geninə və boluna şaxələndiyi bir vaxtda çoxları şeir yazır, yaradıcılıqla məşğul olurlar. Hər bir insan öz taleyini qələmə alarsa bu ən gözəl şeir və əsər sayıla bilər. Bunlar isə o zaman baş verir ki, sözü əsl istedad sahibləri desinlər. Necə deyərlər, istedadlıların yazdıqları xalqa, gələcək nəslə qalır. İllər də vəfasızdır. Dayanmadan hey ötüb gedir insanlar kimi. Hər zaman özünü uşaqlıq xatirələri ilə yaşadan, hər səhərini ümidlərlə açan, ömrünün 51-ci baharını yaşayan Vüqar Əhməddir qonağımız.
- Vüqar müəllim, özünüz və yaradıcılığınız haqda nə deyə bilərsiniz?
- Mənim yaradıcılıq fəaliyyətim haqqında sosial şəbəkələrdə, mətbuatda çox yazılar dərc olunub. Yanvarın 31-i "Son nəfəsə tək Azərbaycan" romanım çıxıbdır. Təqdimatı da olub. Bundan sonra mart ayının 5-də Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətində anadan olmağımın 50 illik yubileyi münasibətilə şöhrətli alimimiz akademik Akif Əlizadə tərəfindən Fəxri Fərman və pul mükafatı mənə təqdim olundu. Akademiyanın rəyasət heyəti ictimai və humanitar bölməsi yubileyimin keçirilməsi haqqında qərar qəbul eləmişdi. Sonra Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası bu münasibətlə Rəyasət Heyətində mənə Fəxri Fərman təqdim elədi. Ədəbiyyat İnstitutunun rəhbəri tərəfindən "Fədakar alim" diplomuna layiq görüldüm. Yəni son vaxtlar dövlət tərəfindən 3 diplomla təltif olunmuşam. Bunlarla da bağlı çox müsahibələrim dərc olunub və Türkiyə mətbuatında "Əməl Ajans" saytında da mənim kitabım haqda lisenziya çıxıb. Hətta xarici mətbuatda da. Yaradıcılığım haqda bu qədər.
- Vüqar Əhməd bu gün həyatından razıdır?
- Əlbəttə razıyam. Mən həmişə şükür eləmişəm. Həyat enişli-yoxuşludur. Bunun qasırğası da var, tufanı da. Həyatın gözəlliyi elə ondadır. Hər şey asan başa gəlsə onda həyatın heç bir marağı olmaz. Səhhətimdə problemlər də olsa, haqsızlıqlarla da qarşılaşsam belə qələbə mənimlədir. Mən həmişə özümdən aşağı baxıram, yuxarı yox. Belə götürəndə həyatımdan çox razıyam, narazı olsam Allaha xoş getməz.
- Hər gecənin səhərini hansı ümidlərlə açırsınız?
- Nagüman şeytandır. Düz 6 yaşımdan nənəm mənə kəlmeyi-şəhadət öyrədib. Gecələr kəlmeyi-şəhadətimi oxuyub yatıram, səhəri də dualarla açıram. Hər qaranlığın sonunda bir işıqlı səhər var. Mən səhərlərimi ümidlə açıram.
- Deyirlər məhəbbət aşiqlərin həyat yolunu işıqlandıran bir qüvvədir. Siz bu anlama necə baxırsınız?
- Əlbəttə ki, məhəbbət işıqlandırır yolumuzu. Məhəbbət çoxşaxəlidir. Allaha məhəbbət, valideynlərə məhəbbət, övlada məhəbbət, ailəyə məhəbbət, Vətənə məhəbbət. Vahid demişkən:
"Sevgilim eşq olmasa, bütün varlıq əfsanədir,
Eşqdən məhrum olan insan insanlığa biganədir".
- Ötən günlərinizi qaytarsaydılar, gələn günlərinizi qurban verərdiniz?
- Heç bir zaman. O Allahın işidir. Gələn günlərim bəlkə ötən günlərimdən daha gözəl olacaq. Mən gələn günlərimi heç zaman qurban verməzdim. Düzdür, qocalığa getsəm belə.
- Bir zamanlar gecələri lal və hərdəmxəyal adlandıran Vüqar Əhməd gündüzlər nə düşünür?
- (Bir an susaraq köks ötürdü). Gecələr problemlərimi düşünürəm, gecələr yazıram, xəyallara dalıram. Gündüzlər isə yalnız xalqımın xoşbəxtliyini, Qarabağımı düşünürəm. Bir dərdimiz, bir problemimiz var, o da Qarabağdır. Şükür Allaha, acından ölmürük. Mənim oxucularım bilir ki, mən yalan danışmıram.
- Hərdən səbir kasanız dolanda nə edirsiniz?
- Gülümsəyərək bir az deyinib sonra da sakitləşirəm. Mən ailəmizdə sonbeşik olmuşam. Atam-anam sağ olanda bilirdim ki, nazımı çəkən var, indi kimə töküm hirsimi. Hərdən uşaqların üstünə qışqırıram, sonra da peşman oluram.
- Neçə övladınız var?
- İki övladım var - bir qızım, bir oğlum.
- Allah saxlasın, övladlarından hansısa yolunuzu davam etdirir?
- Qızım əvvəl şeir yazmışdı, oğlum da yazırdı. Oğlum indi başqa sahəni istəyir. Amma qızımın ilk şeiri belə olub:
Qarabağı çaldılar, əlimizdən aldılar
Onda hələ bağçaya gedirdi. İndi isə gözəl səsi var və diski də çıxıb. Bir çox saytlarda da onun haqda yazıblar, muğam ifaçısıdır.
- Deyəsən uşaqlıqda çox dəcəl olmusunuz?
- Elədir ki, var. Orta məktəbdə də, ali məktəbdə də çox dəcəl olmuşam. Özümdə professoram və neçə illərdir ki, ali məktəblərdə dərs deyirəm, yenə də dəcəlliyimdən qalmıram.
- Sizin necə, dəcəl tələbəniz olub və ona necə cəza vermisiniz?
- Bir dəcəl tələbəm var idi. Onu da hər zaman bağışlayırdım. Hər dəfə onu görəndə özüm yadıma düşürdüm. Çünki özüm kimi həm savadlı, həm də dəcəl. Əgər o tələbə ki savadlıdır, dəcəlliyini bağışlayıb ona təkan verirəm.
- Özünüzün ən yaddaqalan dəcəlliyiniz hansı olub?
- Çoxdur, hansı birini deyim. Yadımda ən çox o qalıb ki, Abşeron bağlarında bağımız vardı. Pirşağı, Fatmayı ərazisində. Bir dəfə bir hamilə gəlini necə qorxuzmuşdumsa təcili yardım gəldi, vaxtından qabaq doğuş baş verdi. Qayınanası həmişə mənə qarğış eləyirdi. Anam da deyirdi "utanmırsan uşağa belə qarğış edirsən?" O da "uşaq öz yerində otursun, gəlinim vaxtından qabaq uşaq dünyaya gətirdi" - deyirdi. Bir də gecə saat 3-də həyətdə yatmışdıq, şəhərdə baba mülkümüz vardı, yay vaxtı idi, yadımdadır, qardaşım getdi subaşına gecə saat 3-də. Məndə də oyuncaq tapança var idi, keçən kimi qəflətən əllər yuxarı dedim, pis qorxdu, məni o qədər döydü ki, rəhmətlik anam yuxudan qalxdı ki, uşağı niyə döyürsən. 51 yaşım var, hələ də dəcəllikdən əl çəkə bilmirəm. Dilim dayanmır da.
- Sevib evlənmisiniz?
- Bəli, sevib evlənmişəm və ailəmdən də çox razıyam.
- Heç olubmu ki, öz taleyinizi qələmə alasınız?
- "Qarabağ yuxusu" və ya "Yuxuda Qələbə" romanım var. 2012-ci ildə çap olunub. Bütünlüklə avtobioqrafiya romanıdır. Əcdadım, nəslim, köküm, anamdan-atamdan eşitdiklərim, ulu babalarım, nənələrim və ictimai siyasi proseslərin hamısını qələmə almışam.
- Vüqar müəllim, hərdən efirlərdə haqsızlıqla qarşılaşanda nə edirsən?
- Heç nə, mənə Xəzər TV-də qadağa qoyulub.
- Nə üçün, bilmək olarmı?
- Çünki mənim üçün sünni şiə fərqi yoxdur. Mən Həzrət Əliylə bağlı çox şeirlər paylaşmışam. Bunlar da Əhli-beytdir də, dini xadimləridir. Onlar da buna görə mənə qadağa qoyublar, məndə iki ildir ki, səsimi çıxarmıram. Yəni dini baxışıma görə Xəzər TV-də mənə qadağa qoyulub, bunu da yazın, mən heç kimdən qorxmuram və sözümün arxasında da dururam.
- Sizcə yazarlar yalnız tənhalığa qapılanda yazırlar?
- Düzdür, tənhalığa qapılanda başqa aləmdə, öz dünyanda olursan.
- Qələminizin tükənən vaxtı olub?
- Xeyr, əsla. Amma mən yayda yaza bilmirəm. Yazarlar var ki, deyirlər səhərə qədər yazırıq, elə bil sifarişlə işləyirlər. Mən belələrinə həsəd aparıram ki, gör onlarda nə qədər ilham var, mən də isə yox. Ola bilər 6 ay heç nə yazmayım. Amma beynimdə nələrsə yetişdirirəm. Birdən-birə isə qələmi əlimə alanda 3 romanı ardıcıl yazıram.
- Muğam, lirika, klassik musiqilərin hansını daha çox sevirsiniz?
- Əlbəttə muğamı. Muğam bizim möhtəşəm mədəniyyət abidəmizdir. Uzun illər mən muğam verilişi aparmışam. Muğama çox bağlıyam.
- Hansı muğam ustalarını daha çox sevirsiniz?
- Allah rəhmət eləsin Yaqub Məmmədova, Qulu Əsgərova daha çox qulaq asmışam. İndi isə Tələt Qasımov, Arif Babayev, Ağaxan Abdullayev, Alim Qasımov, Canəli Əkbərov, Mənsum İbrahimov, Elnarə Abdullayeva, Babək Niftəliyev və başqalarını dinləyirəm.
- Olubmu ki, hərdən bulud kimi dolursunuz, o anda nə edirsiniz?
- Olub, o anda oxuyuram, oturub royalda ifa edirəm, ya da qəmli şeirlər yazıram. Bulud kimi dolanda belə boşalıram.
- Öz hisslərinizə qapılanda nə edirsiz?
- Əruzi-billahi, şeytani rəcim deyib depressiyadan çıxıram, bunu ilk olaraq sizə deyirəm. Mən şeytana lənət oxuyub çıxıram depressiyadan.
- Ən yaxşı dostunuz kimdir?
- Ən yaxşı dostum anamdır.
- Biz sizə və ailənizə uğurlar və xoşbəxtlik arzulayırıq, sizə də son olaraq deyirəm ki, sağ olun bizə vaxt ayırdınız. "Oxu Məni"yə nə arzulardınız?
- "Oxu Məni" mənim ən çox sevdiyim qəzetdir. Adam haqqı itirməz. Mən təzə ailə quranda - 16 il bundan öncə toyumu "Oxu Məni" işıqlandırıb, özü də könüllü, indi dəb düşüb sənət adamlarına bir çox maqazin proqramlarına üz tuturlar. O vaxtlar yalnız "Oxu Məni" işıqlandırırdı bizləri. Toyun səhəri "Oxu Məni" hər yana səs saldı ki, Vüqar Əhməd toyuna özü boyda pul gətirdi. O zaman "gül" əvəzinə çapda "pul" getmişdi. Həmin vaxtdan bizim ailənin ən sevimli qəzetidir. 16 il öncə çap olunan həmin o qəzeti qoruyub saxlayırıq və bizim üçün müqəddəs sevilən bir mətbuat orqanı oldu bu qəzet. İndi uşaqlara deyəndə "Oxu Məni"yə müsahibə verirəm, sevincək dedilər sizin toyunuzu yayan qəzetə... 16 ildən sonra mən yenə "Oxu Məni"nin qonağı oldum, bir də inşallah, 16 ildən sonra görüşərik. Hər birinizə uğurlar arzulayıram
Mehriban Bəylərqızı













































.jpg)
.jpg)
.jpg)
























.jpg)
















