Kreml Ermənistana Azərbaycanla sülh anlaşması imzalamağa imkan verməyəcək

Kreml Ermənistana Azərbaycanla sülh anlaşması imzalamağa imkan verməyəcək

6 Aprel 2022 14:40
Bəyəndim (1) Bəyənmədim (0)

Hələ keçən il dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüşəcəyi məlum olanda Kreml sahibi tələsik Soçidə üçtərəfli görüş təşkil etdi və guya iki ölkə arasında münasibətləri normallaşdırmağın tərəfdarı kimi çıxış edərək bir sıra razılaşmalar əldə etdilər. Soçidə sərhədləri müəyyənləşdirmək üçün ikitərəfli komissiya yaradılması razılaşdırıldı.., amma dörd ay keçib, komissiyadan xəbər yoxdu, çünki məqsəd təşəbbüsün Kremlin əlində olduğunu tərəflərə sübut etmək idi. Zatən, müharibədən sonra imzalanmış heç bir razılaşmaya əməl edilməyib. Bu gün də Brüsseldə eyni formatda görüş olacaq. Bu görüş haqqında informasiya yayılan kimi Moskva yenə təzyiq vasitələrini işə saldı. Bu dəfə Vladimir Putini təbii ki, Ukraynada başlatdığı müharibə məşğul etdiyi səbəbindən, hətta öz komandası ilə görüşlərini belə videoformat şəklində apardığından, harada oturduğu da məxvi saxlandığından Soçiyə bənzər görüş olmadı. Amma, digər təsir və təzyiq imkanlarını işə salmaqdan da vaz keçmədi. Rusiya Qarabağ probleminin nizamlanmasının, Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının Brüsselin çətiri altında baş tutmasını qətiyyən qəbul etmir və mane olmaq üçün təzyiq imkanlarından istifadə etməyə başlayıb. Təzyiqin əsas hədəfi Ermənistan siyasi rəhbərliyidir. Brüsseldə hər hansı bir razılaşmanın və nəticədə sənədin imzalanmasının qarşısını almaq məqsədilə idarə etdiyi Ermənistan siyasi müxalifətinə və separatçı rejim liderlərinə xüsusi göstəriş verildi. Moskvanın idarə etdiyi Koçaryan və Sarkisyanın tərəfdarları dünən İrəvanın mərkəzində iki saat yarım etiraz mitinqi keçirdilər. Mitinq “Dağlıq Qarabağın heç bir statusla Azərbaycanın tərkibində olmayacağı və Qarabağ xalqının müqəddaratını təyin etməyə mane olan heç bir sənədin Azərbaycanla imzalanmayacağı” tələbi ilə bəyanat qəbul etdi. Bəyanatın son cümləsini isə birbaşa Rusiyanın diqtəsi hesab etmək olar. Mitinq iştirakçıları Paşinyan hakimiyyətini faktiki hədələyib: ” Bu tələblərdən imtina bütün mümkün metod və vasitələrlə qanuni ümummilli müqavimətə gətirib çıxaracaq”, - deyə müxalifət xəbərdarlıq edib.

Təzyiqin ikinci həmləsi separatçı rejim tərəfindən gəlib. Xankəndidə qondarma parlamentin növbədənkənar iclası keçirilib və burada da Paşinyan iqtidarına xəbərdarlıq edilib. Qəbul etdikləri bəyanatda Azərbaycanı “düşmən”, Ermənistanı “Dağıq Qarabağın təhlükəsizliyinin təminatçısı” kimi gördüklərini bildirib, sonadək mübarizə aparacaqlarını, “erməni dövlətçiliyinin açarının Artsaxda olduğunu” vurğulayıblar.

Bu detallar ona görə qeyd olunur ki, Kremlin Ermənistanda mövcud kövrək sabitliyi necə qarışdıracağına zəmin hazırladığı daha aydın şəkildə bilinsin. Yəni, Ermənistanın baş naziri Avropa paytaxtında hansısa razılaşma ilə bağlı konkret sənəd imzalaya bilməz, ümumi sülh söhbətləri aparıb, uzaqbaşı Brüssel görüşünü sülhə doğru növbəti addım kimi dəyərləndirə bilər. Görünür, Paşinyan da buna əməl edəcəyinə söz verdiyindən, əvvəllər aprelin 9-na təyin olunmuş Moskva görüşü də təxirə salınmışdır.

Təbii, Azərbaycan da, Brüssel də belə bir təzyiqlərin olacağını, Moskvanın daha çox Ermənistanı hədəf alacağını bilirdi və təsadüfi deyil ki, dünən Brüsselin özündə də görüş əleyhinə erməni diasporası mitinq keçirdi. Ermənilərin bütün etiraz mitinqlərin bir leytmotivi var- Azərbaycanla sülh müqaviləsi bağlanmasın. İki ölkə arasında sülh müqaviləsinin Azərbaycanın təqdim etdiyi beş baza prinsipi əsasında bağlanması ilk növbədə Moskvanın təzyiq perspektivini tam aradan qaldırmasa da, xeyli məhdudlaşdırır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, heç bir ərazi iddiasında olmadığını imzaladığı təqdirdə Azərbaycanın Qarabağda qarşı tərəfi Rusiya olacaq. O zaman Gürcüstanda, Ukraynada, Moldovada olduğu kimi Azərbaycanda da tərəf olaraq Rusiya tanınacaq və separatizmi yaradan, müdafiə edən kimi beynəlxalq qınağın hədəfinə çevriləcək. Rusiya belə bir situasiyanın yaranmasını istəmir və Brüssel görüşü ərəfəsində Nikol Paşinyana mitinqlərlə təzyiq edir.

ABŞ dövlət katibi Entoni Blinkenin görüş ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevlə və Ermənistan baş naziri Nikol Paşinyanla dünən telefon danışıqları aparması bu görüşün əhəmiyyətindən xəbər verir. Azərbaycan bu görüş ərəfəsində təqdim etdiyi beş baza prinsipi ilə üstün durumda olduğunu və bölgədə sülhün yaranmasına çalışdığını bütün dünyaya nümayiş etdirib. Brüssel görüşünün yekunlarından qarşı tərəfin də mövqeyi bəlli olacaq. Əvvəllər olduğu kimi müxtəlif bəhanələrlə sülh müqaviləsini bağlamaqdan imtina yolu tutarsa Qərbin dəstəyindən məhrum olacağını, dünya tərəfindən təcrid olunan Rusiyadan asılılığının bu ölkəni iqtisadi və siyasi cəhətdən daha ağır vəziyyətə salacağını ən yaxşı bilən Nikol Paşinyanın özüdür.

Moskvanın Brüssel görüşünə hücumlarının təsiri ola bilər, amma keçici olacaq. Azərbaycanın beynəlxalq səviyyədə siyasi dəstəyi ortadadır və hazırkı beynəlxalq şəraitdə çevik siyasi addımlar atıb uğur qazanması çox realdır. İlham İsmayıl