Bakı ilə razılaşan Paşinyana Moskvadan SƏRT ETİRAZ - Silah səsləri eşidildi

Bakı ilə razılaşan Paşinyana Moskvadan SƏRT ETİRAZ - Silah səsləri eşidildi

7 Aprel 2022 16:51
Bəyəndim (0) Bəyənmədim (0)

Brüssel görüşü ətrafında sanki hansısa özünü bilinməz, görünməz hesab edən qüvvələr bir iş çevriməyə çalışırlar. Bu görüşdən bir gün əvvəl və bir gün sonra Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozma faktı təbii ki, sıradan, hansısa bir sərxoş erməninin beyninin məhsulu deyil.

Nəzərə alsaq ki, Brüssel görüşünün ikinci raundunda tərəflər sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiya-demarkasiya məsələsində komissiyaların yaradılması ilə bağlı XİN-lərə tapşırıqlar veriblər ki, bu da Ermənistanın Azərbaycanın təklifini qəbul etdiyi anlamına gəlir, o zaman Qərbin vasitəçi olduğu bu danışıqlara xələl gətirmək, danışıqlar prosesini pozmaq istəyən qüvvələrin haradan, hansı mərkəzdən təlimat aldığı məlumdur.

Görünür atəşkəsin pozulması Paşinyan Avropaya kritik səfər öncəsi 24 saat ərzində Kreml rəhbərinin ona 3 zəngindən "nəticə çıxarmayıb", verilən tapşırıqları yerinə yetirməyib, Avropa İttifaqının sülh danışıqları üçün əsas vasitəçi qismində əlini gücləndirəcək qərara "hə" dediyindən qaynaqlanır. Bu səbəbdən də Rusiya prosesin onun maraqlarına zidd cərəyan etməsindən narahatdır və sülh danışıqlarının pozulması, başlamadan bitməsi üçün bütün imkanlarını səfərbər edəcək. Bu ehtimalın özü yaxın gələcəkdə Ermənistan-Azərbaycan sərhəddində yeni gərginliklərin olacağı iddialarını da artırır. Vəziyyət hətta o həddə çata bilər ki, Moskva özünü "sülh quşu" kimi təqdim edərək, Azərbaycan və Ermənistan liderlərini yenidən bir araya gətirərək güya ki, aranı sakitləşdirmək, sülhü təşviq edirmiş kimi özünü göstərərək yenidən prosesi nəzarətə götürmək məqsədilə belə bir plan qura bilər.

Təbii ki, bunun üçün Rusiyanın forpostu olan Ermənistanda yetəri qədər imkanı, gücü qalmaqdadır. Bu da Ermənistan tərəfindən proseslərin ləngidilməsi, danışıqların bilinməyən zamana kimi təxirə salınması üçün Moskvaya imkan yaradır.

Bu prizmadan məsələyə yanaşsaq başqa bir fakta nəzər yetirmək yerinə düşər: Vaxtı ilə Serj Sarkisyanın günah keçisi olmuş Ermənistan ordusunun keçmiş baş qərargah rəisi Yuri Xaçaturyanın (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi- red.) həbsindən sonra 3-cü Ordu Korpusunun komandiri məhz onun oğlu general-mayor Qeorqi Xaçaturov təyin edildi. Atasının həbsinin Paşinyanın sifarışı olduğunu, və Xaçaturovların Kremlə yaxınlıqları ilə tanındıqlarını nəzərə alaraq yola çıxsaq, o zaman Tovuz istiqamətində fəaliyyət göstərən Ermənistan silahlı qüvvələrinin 3-cü Ordu Korpusunun nə işlə məşğul olduğunu, kim(lər)in sifarişini icra etdiyini anlamaq çətin deyil. Bu fakt özü-özlüyündə bir məsələni də məlum edir ki, Paşinyan hakimiyyətə gəldiyi gündən bu vaxta kimi silahı qüvvələri ələ ala bilməkdə çətinlik çəkir və orduda ona qarşı itaətsizlik hökm sürür.

Təbii ki, belə bir şəraitdə regionda sülh, sabitlik yaratmaq biraz müşgül görünür, amma həlli məsələsi də mümkünsüz deyil. Bunu Azərbaycan Ordusu törədilən təxribatlara cavab tədbirləri nəticəsində keçirdiyi əks-hücum planına uyğun olaraq 44 günlük müharibə ilə bütün Ermənistana, onun havadarlarına göstərdi. Göstərdi ki, artıq nə Azərbaycan 15, 20, 30 ilin Azərbaycanıdır, nə də ordusu. Bu gün Ermənistanın arxasında kimlərin, hansı qüvvələrin dayanması məsəsləsi artıq rəsmi Bakı üçün heç bir əhəmiyyət kəsb etmir. Bizə bizim dostumuzun kimliyi önəmlidir. Belə olan təqdirdə biz daha bölgədə hansısa qüvvələrin oyununa şahidlik etməyi yox, bu oyunu pozmaq üçün nəyi necə etməyi yaxşı bilirik.

Hətta Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdəki qondarma rejim qalıqlarının son bəyanatları belə Azərbaycanın gözünü qorxuda bilməz. Əslində Brüssel görüşündən öncə Qarabağ separatçıları Paşinyanı hədələyərək "Əliyevin şərtlərini qəbul etsən, biz Rusiyanı seçəcəyik" deməklə eyni zamanda Bakıya meydan oxumağa çalışıblar. Amma meydan oxumaq necə olur, bunu Azərbaycan Ordusu Vətən müharibəsində, elə ən son olaraq Fərrux kəndini və yüksəkliyi nəzarətə götüməklə nümayiş etdirdi.

Daha bilmirlər ki, Azərbaycanın təqdim etdiyi 5 bəndlik sülh paketi ilə Ermənistan rəhbərinin Brüssel görüşünün ikinci raundunda razılaşması eyni zamanda o deməkdir ki, bu da "Arsaxın" son ümidinin üstündən xətt çəkilməsi, qondarma rejim qalıqlarının ərazidən çıxarılması, beynəlxalq hüquqla tanınan torpaqlarımızın yenidən Azərbaycanın yuridiksayasına keçməsidir. Başqa cür mümkün də deyil. Bunun sadəcə üsulunu Ermənistan tərəfi seçə bilər: sülhün dünənki görüş kimi danışıq masası arxasında, yaxud döyüş meydanında həllini.

General-polkovnik Zakir Həsənovun Kəlbəcər səfəri də deməyə əsas verir ki, Azərbaycan işğaldan azad edilən ərazilərdə və sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasındakı yerlərdə nəzarəti gücləndirib və bu istiqamətdə hazırlıqlar sürətlə davam etdirilir. Prosesin bundan sonra hansı üsulla həllini seçmək səlahiyyətini isə Azərbaycan hələlik Ermənistana verib, amma çox az bir müddətlik...Milli.Az