"Moskva"dan sonra "Admiral Makarov"un batırılması Rusiyanın planlarını dəyişəcəkmi?

"Moskva"dan sonra "Admiral Makarov"un batırılması Rusiyanın planlarını dəyişəcəkmi?

7 May 2022 21:43
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna rəsmiləri Qara dənizdə Rusiyanın növbəti mühüm hərbi gəmisinin - "Admiral Makarov" freqatının vurularaq sıradan çıxarıldığını bildiriblər. Rusiyalı jurnalist Andrey Karaulov öz YouTube knalında bildirir ki, Kreml gəminin vurulması barədə məlumatı nə təsdiq, nə də təkzib edir. Şəxsi heyətinin sayı 180 nəfər olan gəmi 2017-ci ildə silahlanmaya qəbul olunub və müasir hücum silahları, o cümlədən də "Kalibr" qanadlı raketləri (ingliscə: cruise missile) ilə təhciz olunub.

Gəminin vurulmasından sonra qeydə alındığı iddia olunan videogörüntülərin Türkiyə HHQ-nin təyyarəsindən çəkildiyi deyilir.

Rusiyanın Ukraynaya hərbi təcavüzündə əsas hədəflərdən birinin (bəlkə də birincisinin) bu haqda açıq danışılmasa da, Ukraynanın Qara dənizdən təcrid olunması haqda demişdik. Bunun da məqsədi Qara dəniz hövzəsinin Rusiyanın tam nəzarətinə keçirilməsi planının bir hisssəsidir. Yəni, sonrakı hədəf Gürcüstan, ardınca da Türkiyədir.

Amma görünən budur ki, Rusiyanın niyyəti onun geosiyasi rəqibləri üçün də böyük sirr deyilmiş və elə ona görə də "Moskva" raket kreyserinin ardınca indi də Rusiya Qara dəniz Donanmasının ikinci önəmli gəmisi sıradan çıxarılır. Ümumiyyətlə isə bu donanmanın indiyədək 4 ya 5 gəmisinin sıradan çıxarıldığı bildirilir.

Geosiyasi mübarizənin indiki mərhələsində dəniz yolları və onların fəaliyyətini təmin edən infrastruktur (limanlar, kanallar, körfəzlər və s.) əsas hədəflərdəndir. Səbəb də budur ki, hələlik dəniz daşımaları qiymət, həcm və həm də təhlükəsizlik baxımından ən əlverişli sayılır. Deməli, üstünlük də onlara nəzarət edənlərdə olacaq.

2013-17 illərdə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin dağıdılması da həmin qlobal planın tərkib hissəsi idi. Təəssüf ki, bu haqda ölkə mediasında olduqca az danışılıq, halbuki, bizim üçün ən aktual məsələlərdəndir. Görünür, Xəzər dənizindəki mövqelərimizi Rusiyaya güzəştə gedənlər mövzunun gündəm olmasını alqışlamırlar.

Ərəstun Oruclu, Politoloq