Qarabağ siyasətində U dönüşü - Ermənistanla danışıqları dayandırmaq və...

Qarabağ siyasətində U dönüşü - Ermənistanla danışıqları dayandırmaq və...

25 İyul 2022 10:40
Bəyəndim (0) Bəyənmədim (0)

Siyasətdə kəskin dönüş olurmu? Əlbəttə. Bəs, bu kəskin dönüşün zərəri daha çox olur, yoxsa xeyri? Əlbəttə, kəskin dönüşlər adətən strateji siyasi hədəflərdən yayınmaqla deyil, bu hədəflərə çatmaq üçün taktiki gedişlərdə müşayət olunur və tez-tez rastlanan deyil. Biz bu kəskin dönüşün xeyrini görmüşük.

20 aydan çoxdur ki, İkinci Qarabağ müharibəsi bitib, amma ortada real sülh yoxdur və aparılan danışıqlar da nəticə vermir. Azərbaycan qalib ölkə kimi tezliklə sülh müqaviləsinin imzalanmasına çalışır, Ermənistan və Rusiya isə prosesi uzadır və aparılan üçtərəfli, ikitərəfli danışıqlar sanki sonsuza kimi davam edəcəyi görüntüsü təsiri bağışlayır. Qarabağ münaqişəsinin 1994-cü il atəşkəsindən sonra hansı beynəlxalq proseslərdən keçdiyini bilirik. Lissabon sammiti, Madrid prinsipləri, yeniləşən Madrid prinsipləri, Kazan görüşü, Aprel döyüşləri və sonradan imzalanan yeni atəşkəs müqaviləsi və Minsk Qrupu vasitəçilərinin saysız -hesabsız görüşləri.., daha nələr.., amma məsələni U dönüşü həll etdi. Hamı 26 il sülhdən danışıb həll edə bilmədiyi məsələni Azərbaycan silahlı qüvvələri 44 gün ərzində nəinki Qarabağ münaqişəsində, hətta Cənubi Qafqazda tam yeni siyasi mənzərə, dövr yaratdı. Geosiyasi qlobal güclər də bu müharibənin nəticələri ilə hesablaşıb, siyasətlərinə ciddi korrektələr etdi. 26 illik sülh danışıqları dayandı və 44 günlük savaş Qarabağ siyasətində kəskin dönüş yaratdı.

İndi 20 aydır ki, sərhədlərin müəyyənləşməsi üçün delimitasiya və demarkasiya danışıqları aparılır, hətta konkret razılaşmalar var, amma praktik olaraq heç bir nəticə yoxdur və yaxın zamanlara da reallaşacaq bir proses görsənmir. İkinci tərəfdən Zəngəzur dəhlizi, yolu, nəqliyyat kommunikasiya maneələrinin aradan qaldırılmasına xüsusi fokuslanmaya baxmayaraq, burada da çoxlu söhbətlər, nikbin proqnozlar verilsə də, yenə həyata keçən bir razılaşma, verilən vədə əməl etmə yoxdur. Azərbaycan da Moskva, Brüssel görüşlərindən sonra bir müddət nikbin notlrara köklənir, amma qarşı tərəfin süründürmə siyasətindən başqa hələ ki, heç nə görmür. Faktiki olaraq Ermənistan siyasiləri də, cəmiyyəti də Zəngəzur dəhlizini xüsusi mataha mindirir, birmənalı fikir söyləmir, hətta şantaj vasitəsi kimi istifadə edir. Erməni siyasiləri kommunikasiyalarda mövcud maneələrin aradan qaldırılmasına etiraz etmənin perspektivi olmadığını, bölgəni “əbədi blokada da saxlamağın mümkün olmaycağını” etiraf etsələr də, əvəzində bərabər hüquqlu kommunikasiyalar əldə etmək şərtlərini irəli sürürlər-yəni Laçın yoluna əbədi dəhliz statusu istəyirlər. Erməni siyasətçilər fəxrlə Zəngəzurdan keçən yolun Ermənistanın əlində “vacib və qiymətli kozır” olduğunu açıq deyirlər.

Deyirlər ki, bu geosiyasi məkanda qərarları Azərbaycan və Ermənistan deyil, qlobal mərkəzlər həll edir. 44 günlük müharibəyə qədər də belə düşünülürdü. Nəticə göz qabağındadır. Bəs, indi hansı kəskin siyasi dönüş etməklə Qarabağ münaqişəsində son nöqtəni qoymaq olar? Erməniləri “kozırından” məhrum etmək üçün hansı gedişləri etmək variantları var?

Birincisi, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı danışıqları dayandırdığı haqqında rəsmi mövqeyini bildirməli və yeni Laçın yolunda sərhəd-nəzarət məntəqəsi yaradacağını elan etməlidir. İkincisi, Azərbaycan özünün beynəlxalq hüquqa əsasən, BMT -nin qəbul etdiyi sərhədlərində birtərəfli olaraq sərhəd qurğularını, hətta bəzi yerlərdə hasar çəkməklə sərhəd-mühəndis sistemini yaratmalıdır. İşğal altında qalan eksklav kəndlərin boşaldılması ultimatumunu verməli, əks təqdirdə hərbi güclə ərazi bütövlüyünü bərpa edəcəyini həm Ermənistana, həm də BMT-yə çatdırmalıdır. Biz sərhədimizi tanıyırıq, bilirik. Ermənistanın günahı ucbatından işlərin dalana dirəndiyini elan edib, sərhədlərin delimitasiya və demarkasiyasına ehtiyac olmadığını xüsusi vurğulayıb, sərhədimizi tam bərpa etməliyik. Qoy, Ermənistan özü üçün həşir salsın, biz beynəlxalq hüquqla tanınan sərhədlərimizi bərpa etmişik, bizi qınayan olmayacaq.

Əlbəttə, ermənilər əvvəlcə dünyaya səs salacaq, hay-küy qaldıracaqlar ki, Azərbaycan sülh istəmir. Bizm o zaman deməyə xeyli əsaslı arqumentlərimiz var və ermənilərlə danışıqadan imtina etməyin baiskarının Ermənistan olduğunu dünyaya çatdırmağı bacarmalıyıq. Ukrayna da Rusiya ilə danışıqlardan imtina edir və dünya da onun bu mövqeyi ilə hesablaşır. Biz də Ukrayna kimi ərazi bütövlüyümüzə xələl gətirən mənasız danışıqlardan imtina etdiyimizi, erməni silahlı qüvvələrin ərazidən son nəfərinədək tərksilah edilib çıxarılmayınca danışıqlar aparılmayacağını sərt şəkildə bildirməliyik. Və ardınca Xankəndi probleminin üzərinə getməli, tezliklə Rusiya hərbi kontingentinin nəzarət etdiyi ərazilərdə dövlət suverenliyimizin bərpa edilməsinin yol xəritəsini tərəflərə və dünyaya çatdırmalıyıq.

Ermənistanla danışıqlardan imtina etdiyimizi əsaslı şəkildə təqdim edəndən sonra Ermənistan özü danışıqların bərpa olunmasına yalvaracaq, Zəngəzur dəhlizinin açılmasını, sərhədlərin delimitasiya və demarkasiyasının sürətləndirilməsini xahiş edəcək. Əksi ola bilərmi? Ola bilər. Havadarı Rusiya önə çıxacaq, Lavrov danışıqları bərpa etməyin zəruriliyindən danışacaq. 44 günlük müharibədə də Rusiya müharibəni dayandırmaq üçün çox addımlar atdı, yalnız Şuşanın azad olunmasından sonra qoşununu Xankəndinə yeritdi. Deməli, növbəti gücümüzü göstərməliyik ki, Rusiya bizimlə hesablaşmağa məcbur olsun. Müharibəyə başlamadan da Azərbaycan sərt diplomatik addımlarla düşməni də, havadarını da çox məsələlərə məcbur edə bilər. O məsələnin həlli yollarından biri, elə Zəngəzur dəhlizi və sərhədlərin ikitərəfli müəyyənləşməsi danışıqlarını dayandırıb Xankəndidə dövlət nəzarətimizin bərpa olunması istiqamətində zəruri olan siyasi-diplomatik, yeri gəlsə hərbi addımlarımızı atmaqdan keçir. Əks halda, düşmən yenə zamanı uzadıb əlavə risklər yaradacaq.

İlham İsmayıl