İranın “ipli kuklası”: “Azərbaycan deyə bir yer yoxdur”

İranın “ipli kuklası”: “Azərbaycan deyə bir yer yoxdur”

27 Avqust 2022 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

İranla Ermənistan arasında münasibətlər günü-gündən inkişaf edir. Bu artıq heç kəsə sirr deyil. Maraqlısı isə budur ki, İranın molla rejimi Ermənistanla münasibətləri inkişaf etdirdikcə, paralel olaraq Azərbaycana yönəlik siyasətini daha da aqressivləşdirir.

Ermənilərə “qardaş” deyib bağrına basan İran hakimiyyəti Azərbaycanı açıq şəkildə hədələməkdən çəkinmir. Fars rejimi bu cür əməllərini əvvəllər gizlin edirdisə, indi açıq-aydın edir. Türkiyənin “Yeni şəfəq” qəzetinə müsahibə verən Əbülfəz Zöhrəvəndin fikirləri bunun növbəti təsdiqidir.

Zöhrəvənd deyir ki, "Azərbaycan deyə bir yer yoxdur. Onlar İran azəriləridir. Onlar bu ərazini tərk edib getməlidirlər. Azərbaycan yenidən İrana birləşdirilməlidir!". O, həddini daha da aşaraq “Azərbaycan İran üçün qorxunc fenomen və potensial təhdidddir”, “Naxçıvan və bütövlükdə Azərbaycan İrana ilhaq edilməlidir” kimi fikirlər də söyləyib.

Ə.Zöhrəvənd kimdir?

Ə.Zöhrəvənd İranın nüvə danışıqları heyətinin keçmiş üzvü, Əfqanıstan və İtaliyadakı keçmiş səfir olub. Hazırda isə bu şəxs daha çox İran xüsusi xidmət orqanlarına, daha dəqiq desək SEPAH-a çalışan ekspert kimi tanınır.

Zöhrəvənd ona təqdim edilən konkret tezislər üzrə danışan ipli kukladan başqa bir şey deyil. Onun səsləndirdiyi fikirləri isə birbaşa İranın molla rejiminin mövqeyi kimi qiymətləndirmək olar. İran bununla bir daha Azərbaycana qarşı siyasətinin mahiyyətini bütün çılpaqlığı ilə elan etmiş oldu.

Molla rejiminin şizofrenik paranoyası!

Reallıq ondan ibarətdir ki, molla rejimi bizim təxmin etdiyimizdən də çox narahatdır. Rəsmi Tehranın mövcud narahatlığını iki reallıq fonunda izah etmək olar:

Birincisi, tarixi reallıqdır. Ə.Zöhrəvənd deyir ki, "Azərbaycan yenidən İrana birləşdirilməlidir!". Əslində onun bu ifadəsinin pərdə arxasında İranın Cənubi Azərbaycan qorxusu yatmaqdadır. Rəsmi Tehran dərk edir ki, Seyid Cəfər Pişəvəri, Məhəmməd Xiyabani, Səttarxan, Bağırxan hərəkatları İranın gələcəkdə parçalanmasının tarixi bazasıdır.

18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi regionda hər kəsdən çox İranı təşvişə salıb. İranın narahatlığına səbəb heç də şimal sərhədlərində yeni bir ölkə yaranması deyildi. Bu ölkənin adının Azərbaycan olması idi. Rəsmi Tehran yaxşı bilir ki, gec-tez şimalda olduğu kimi, cənubda da bir Azərbaycan yaranacaq və qısa müddət sonra cənub şimalla birləşmək üçün referendum elan edəcək.

İkincisi, geosiyasi reallıqdır. İranın nüvə silahı ətrafındakı problemlərin böyüməsi və Tehranla beynəlxalq birlik arasında gərginliyin artması fonunda Azərbaycan da 44 günlük müharibə ilə regionda reallıqları əsaslı surətdə dəyişdi.

Rəsmi Tehran başa düşür ki, hazırda Cənubi Azərbaycan böyük güclər tərəfindən fars şovinizmi və eksponsionizmini cilovlaya biləcək alternativ vasitə kimi nəzərdən keçirilir.

Azərbaycanın əsas stateji müttəfiqlərindən olan İsrail ilə münasibətlərinin son illərdə inkişaf etməsinə fars rejimi aqressiv şəkildə reaksiya bildirir. İran ehtiyat edir ki, Qərb və İsrail İranın zəifləməsi üçün Cənubi Azərbaycanın müstəqilliyinə dəstək verəcək.

Cənubi Azərbaycan öz müqəddəratını təyin etməlidir!

Geosiyasi baxımdan Cənubi Azərbaycanın müstəqilliyi real görünür. Təəssüf ki, Qərb uzun müddətdir ki, Cənubi Azərbaycan məsələsinə ehtiyatla yanaşıb. Tarixə nəzər salsaq görərik ki, İranın parçalanması, yaxud Cənubi Azərbaycanın müstəqilliyi qlobal güclərin strateji planlarında olmayıb. Əksinə, hər dəfə Cənubi Azərbaycanda müstəqil dövlət qurulanda Tehran rejiminə dəstək verilib. Şeyx Məhəmməd Xiyabani hərəkatının, Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan “21 Azər hərəkatı”nın süqut etməsi Tehran rejiminə ciddi xarici dəstəyin verilməsi ilə mümkün olub. Həmçinin, Müsəddiq hökumətininin devrilməsi də xarici qüvvələrin birbaşa iştirakı və müdaxiləsi ilə həyata keçirilib.

Lakin nəzərə almaq lazımdır ki, zaman dəyişib və buna paralel olaraq böyük güclərin geosiyasi maraqları da dəyişib. Hazırda İranda rejim dəyişikliyi ilə bağlı məsələlərin müzakirəsi zamanı Cənubi Azərbaycan amili də nəzərdən keçirilir. Xüsusilə də İranla dünya birliyi arasında münasibətlər gərginləşdikcə və Tehran rejiminə təzyiqlər artdıqca Cənubi Azərbaycanın müstəqil olması perspektivləri daha fəal müzakirə edilir. Hətta analitik mərkəzlər, kəşfiyyat qurumları müxtəlif variantlar sırasında Cənubi Azərbaycanın müstəqllik əldə etməsini, İranın parçalanmasını ciddi şəkildə götür-qoy edirlər.

Yaxın illərdə İrandakı molla rejimin sonu gələcək və bu son məhz Cənubi Azərbaycanın ayağa qalxması ilə olacaq. Gec-tez Cənubi Azərbaycan öz müqəddəratını təyin edəcək!

Politoloq Turan Rzayev