"İndi rus olmaq rüsvayçılıq deməkdir, Putinin və onu dəstəkləyənlərin əlləri qana batıb..."

"İndi rus olmaq rüsvayçılıq deməkdir, Putinin və onu dəstəkləyənlərin əlləri qana batıb..."

7 Sentyabr 2022 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Rusofobiya. Bu, haradan qaynaqlanır?..

"Ruslar özlərini yüksəkdə tutub, hamıya hədə-qorxu gələndə, düzgün yaşamağı öyrədəndə, rusofobiya başlanır..."

"İndi rus olmaq rüsvayçılıq deməkdir. Putinin və onu dəstəkləyənlərin əlləri qana batıb..."

"Əgər Putin müharibə törədib, hərbi cinayətkara çevrilibsə, bu, o demək deyil ki, Rusiya xalqı cinayətkardır..."

"Rusofobiya rusların qürbətdə yaşamağı arzu etməsi üçün əlindən gələn hər şeyi etməkdir..."

Belə ifadə etmək mümkünsə, bu cür milli fobiya əhval ruhiyyəsi az istisnalarla müharibə zamanı bu və ya digər ölkənin təbliğat məkanının mütləq dominantına çevrilir.

Oxuməni.az xəbər verir ki, bu barədə "9-cu kanal" nəşrində dərc edilən müəllif məqaləsində deyilir.

"Məsələn, ikinci dünya savaşında bunu, demək olar ki, hamıdan parlaq şəkildə İlya Erenburq 1942-ci ildə "Krasnaya Zvezda" ("Qırmızı Ulduz") qəzetində "Öldür" adlı məqaləsində ifadə edib. Məqalənin bir hissəsində deyilir:

"Biz hər şeyi bilirik. Biz hər şeyi xatırlayırıq. Biz anlamışıq: almanlar insan deyil. Bu gündən "alman" sözü bizim üçün ən dəhşətli lənətdir. Danışmayacağıq. Qəzəblənməyəcəyik. Biz öldürəcəyik. Əgər sən bir gündə heç olmasa bir almanı öldürməmisənsə, sən o günü bada vermisən...Hədəfdən yayınma. Əldən vermə. Öldür".

Son zamanlar Putinin fevralın 24-də törətdiyi Rusiya-Ukrayna müharibəsi fonunda rusofobiya yüksək, emosional həddə çatıb. Başqa sözlə desək, ruslara qarşı qərəzli, düşmən münasibət getdikcə güclənir. Özü də təkcə Ukraynada deyil, onu dəstəkləyən Qərb ölkələrində də.

Sosial şəbəkələrdə Rusiya əleyhinə yazılan şərhlərdən bir neçəsi ilə tanış olaq:

"Ruslar qanlı, mənasız müharibə törədib. Yüz minlərlə olmasa da, on minlərlə öldürülən və yaralananlar onların vicdanındadır. İndi rus olmaq rüsvayçılıq deməkdir. Putinin və onu dəstəkləyənlərin əlləri qana batıb".

Nyu-Yorkdan bir tanışım, görün, nə yazır:

"Bizdə Putini müdafiə edə bilməzsən. Problemlər yarana bilər. Ukrayna bayraqları maşınlardan, evlərdən, bələdiyyələrdən asılıb. Amerika, demək olar ki, yekdilliklə Putinin əleyhinədir. Bugünkü Rusiyada olan cinayətkarlıqdan ağlar və qaralar, latın amerikalılar, asiyalılar, hətta müsəlmanlar da danışır. Dünən mən özüm Ukrayna kilsəsində ukraynalıların böyük toplantısını görmüşəm. Buraya gələnlərin hamısı onları dəstəkləyib. Bəzən açıq şəkildə cəfəngiyyat alınır.

Universitetdən rus pasportu olan, 28 (!) yaşından fizika-riyaziyyat elmləri doktoru, ailəsi ilə birlikdə (həyat yoldaşı və iki körpə uşağı) Sankt-Peterburqdan Almaniyaya gələn bir tanışım iki daşın arasında qalıb. O, Rusiyadan getməli olub, çünki tələbənin "Siz Rusiya-Ukrayna müharibəsinə necə münasibət göstərirsiniz?" sualına "Mənfi" cavabını verib. Kimsə donos verib, onu "xarici agent" damğası ilə işdən çıxarıblar. Almaniyada rus pasportu olduğuna görə onu müəllimlik işinə götürmürlər. Nəticədə istedadlı alim ailəsini dolandırmaq üçün inşaatçı işləməyə məcburdur.

Əmioğlumu xatırlayıram, o, 46 yaşlı gözəl həkimdir, 80-ci illərin sonlarında İsrailə repatriasiya edib və bir ildən artıq dalandar (küçə təmizləyən) işləyib. Amma orada o illər həkimlər çox olub, Almaniyada isə belə istedadlı alimlər qızıl qiymətinədir.

"Rus" damğası bəzən sağlam düşüncəni üstələyir və sovet illərinin "yəhudi" damğasına bənzəyir. O zaman Avraam nəslindən olanları nüfuzlu institutlara işə götürmürdülər.

Moskva Dövlət Universitetinin psixologiya fakultəsini bitirmiş tanışım o illər danışıb: "Elmi-Tədqiqat ümumi və pedaqoji psixologiya İnstitutuna işə düzəlmək istəyirdim. Karl Marksın portreti altında əyləşən elmi katibin yanına gəldim. O, sənədlərimə baxıb, açıq mətnlə, heç bir diplomatik reverans etmədən dedi: "Siz bizə uyğun gəlmirsiniz, çünki Siz...əlverişsiz genetik informasiyaya maliksiniz". Mən qızardım və soruşdum: "Bəs portretinin altında əyləşdiyiniz iki ravvinin nəvəsinin genetik informasiyası barədə nə deyə bilərsiniz?". Bu dəfə antisemit katib qızarmalı oldu".

Rusofobiyanın da təxminən belə səviyyəsi fevralın 24-dən sonra Avropa və Amerikada başlayıb.

Berlində simfonik orkestrin konsertində Çaykovskinin musiqisi proqramdan çıxarılıb.

Almaniyada az olmayan rusdilli nəşrlərdə belə başlıqlı məqalələr üzə çıxıb: "Putin XXI əsrin ən qanlı müharibəsini törədib", "Rusiya elitası cılız və iradəsizmiş", "Vladimir Putin aciz diktator və paranoikə çevrilib", "Rusiya bütün dünyanı təhdid edir" və s.

Bu başlıqlar məqalələrin özü kimi o anlama gəlmir ki, orada yazılanların hamısı həqiqətdir.

Həqiqətən, Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsi dünyanı uçurumun kənarına yuvarladıb. Üçüncü dünya savaşı təhlükəsi yaradıb.

Amma söhbət başqa şeydən gedir. Hər şeyin əndazəsi olmalıdır. Hər şeyi qara rəngdə görmək, istisnasız olaraq neqativ, azacıq işıq yeri olmayan informasiya hər zaman arzu edilməyən emosiyaları artırır, bütün xalqa şamil edilir və rusofobiyaya çevrilir.

Yəhudilərə belə basqıların hansı ağır nəticələrə gətirib çıxardığı yaxşı bəllidir.

Ukraynaya hərbi müdaxilə, dağıdılmış şəhərlər, minlərlə qətlə yetirilən və yaralananlar bir məsələdir. Rus təbliğatı ilə zombiləşdirilmiş, amma əksəriyyətinin bu müharibədə əli olmayan ruslara nifrət tamam başqa məsələdir.

Rusdilli ikinci sinif şagirdi danışıb ki, bir masa arxasında əyləşən rəfiqəsi başqa masaya keçib. Şagird gözlərindən yaş axıdaraq deyib: "Rəfiqəm dedi ki, daha mənimlə dost olmayacaq, çünki mən rusam və Putin mənim prezidentimdir". "Mən bilmirəm Putin kimdir. Mən rus deyiləm, almanam. Mən rus olmaq istəmirəm".

Təbii ki, başqa masaya keçən yeddi yaşlı Putinin əleyhdarı qəzet oxumur və siyasi proqramlara baxmır, valideynlərinin sözlərini təkrarlayır. Elə öz emosional monoloqunun sonunda şagird məni də pis vəziyyətə salaraq soruşub: "Putin yaxşıdır, yoxsa pisdir?" "Bəs sənin valideynlərin bu barədə nə deyir?". O şagirdin anası rusdur, atası yerli almandır. "Mən atamdan soruşmuşam. O, deyib: "Mən bilmirəm, kimin üçünsə yaxşı, kimin üçünsə pisdir. Amma mən Ukraynada müharibənin əleyhinəyəm".

Hər şey düzdür. Putin bir məsələ, xalq başqa məsələ. Ən populyar alman jurnalı olan "Şpiqel"in redaktoru jurnalın üz qabığında Putinin göy rəngli şəklinin altında "Mən xalqam" yazanda nəyi nəzərdə tutduğu tam aydın deyil.

Əgər Putin müharibə törədib, hərbi cinayətkara çevrilibsə, bu heç də o demək deyil ki, bütün Rusiya xalqı cinayətkardır. Bu, rusofobiya üçün əsas ola bilməz.

Rusofobiyanın səbəbləri haqqında bu yaxınıarda qapanan "Exo Moskvı" nəşrinin verilişində tarixçi Nikita Sokolov yaxşı deyib: "Ruslar özlərini yüksəkdə tutub, hamıya hədə-qorxu gələndə, düzgün yaşamağı öyrədəndə, bax, bu zaman rusofobiya başlanır".

Fevralın 24-dən, Ukraynaya hərbi müdaxilə başlanandan sonra məhz belə olub".

Müəllif: Lev Madorski