İsrail Zelenskiyə dəstək olmur

İsrail Zelenskiyə dəstək olmur

5 Oktyabr 2022 10:33
Bəyəndim (4) Bəyənmədim (0)

Dünyanın ən nüfuzlu 50 yəhudisi siyahısına Zelenski başçılıq edir. Çoxlarını, Rusiyanın Ukraynaya təcavüzü fonunda İsrailin Şərqi Avropada passiv tutumu maraqlandırır və təəccübləndirir.

BƏS İSRAİLİN MÖVQEYİ NƏDİR?

İsrail hakimiyyəti Zelenskinin yəhudi olduğunu ön plana çıxararaq, beynəlxalq ictimaiyyətdə ajiotaja səbəb olmaq və öz üzərinə diqqət çəkmək istəmir. Bu, çox təbii və gözlənilən idi. Belə bir ajiotaj və Ukraynaya populist bəyanatlarla dəstək vermək eyni zamanda antisemitizmi alovlandıraraq, siyasi divident qazanmaq istəyən (xüsusilə orta şərqdə) qüvvələrin də əlinə oynamaq olardı. Digər bir tərəfdən, Rusiya-İsrail əlaqələrini tamamilə qoparmaq və Rusiyaya rəsmi olaraq, “təcavüzçüsən” mesajı vermək İsrail dövlətçiliyinin maraqları ilə ziddiyyət təşkil etməkdədir. “Soyuq müharibə” dövründə əks qütblərdə olan bu iki dövlət arasında münasibətlər yalnız Rusiyada Vladimir Putinin və İsraildə isə Ariel Şaronun hakimiyyətə gəlməsindən sonra normallaşmışdı. Təkcə Moskvada 80.000 İsrail vətəndaşı yaşayır. İsraildə isə rus dilini ana dili olaraq danışan insan sayısı 1 milyona yaxındır. Hər şeyə rəğmən, bu iki dövlət, xüsusilə orta şərq regionunda başda Suriya məsələsi olmaqla bir sıra məsələlərdə əks qütblərdədirlər. Arqumentləri çoxalda bilərik, lakin qısa onu qeyd edək ki, ümumi olaraq, İsrail hökümətinin Ukraynaya dəstək məsələsində populist bəyanatlara əl atması və Rusiyaya qarşı sərt tədbirlər görməsi, mahiyyət etibarı ilə, səriştəsizlik və irrasionallıq olardı.

Zelenskinin İsraili tənqid etməsi isə, elə sözügedən mövqenin icmalı olmaqla bərabər Ukrayna ictimaiyyətinin mövcud vəziyyətinə və qavrayışına hesablanmış siyasi ritorikadan ibarətdir. Yəni, bir növ, “Baxın, mənim dərdim Ukraynadır, yəhudiçilik deyil” mesajı vermək. Əslində, həqiqətən də, Zelenskinin mübarizəsi “yəhudiçilik” uğrunda deyil. O, xalqın 73 faizi tərəfindən seçilən və daxili müxalifət daxil bu müharibədə tam dəstəklənən bir Ukrayna milliyyətçisidir. Yəni, irqə dayalı yox, əksinə, praqmatik milliyyətçilik və vətənpərvərlik. Şübhəsiz ki, əsrlərdir, xüsusilə son 30 ildə Ukraynanın rus işğalına qarşı dirənişi və qərbyönümlü mübarizəsi fonunda xalqın tələb etdiklərini yerinə yetirmək məsuliyyətini öz üzərinə götürüb. Nəzərə almaq lazımdır ki, Rusiyanın Krımı işğalı və Donbasdakı separatizmi dəstəkləməsi Zelenski hakimiyyətə gəlməzdən nə az, nə çox, düz 5 il öncə başlamışdı. Bu kontekstdə, Zelenski başda olmaqla Ukraynanın mövqeyini, milliyyətçiliyini və işğala qarşı mübarizəsini “faşizm”, “sionizm” və ya “qərb oyunu” adlandırmaq sadəcə sadəlövhlükdür. Aydındır ki, əksərən ruslar və rus dilini aktiv (ana dili kimi) istifadə edən bu şəxslər Rusiya dövlətinin imperial maraqları uğrunda apardığı siyasi təbliğata məruz qalıblar.

Hesab edirəm ki, ABŞ-dan gələn böyük dəstək və MOSSAD-CİA əməkdaşlığı özlüyündə İsraildən gələn dəstək kimi qələmə verilə bilər. Hər halda ABŞ-İsrail münasibətlərinin hansı səviyyədə olduğu heç kimə sirr deyil.Cavanşir Hakimoğlu