"Bu nəzarətsiz yol iki il yarım ərzində bəlalarımızın mənbəyi rolunu oynayırdı..."

"Bu nəzarətsiz yol iki il yarım ərzində bəlalarımızın mənbəyi rolunu oynayırdı..."

24 Aprel 2023 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

44 günlük müharibədən sonra Laçın yolunun başlanğıcında sərhəd – nəzarət buraxılış məntəqəsinin yaradılmasının əhəmiyyətini az qala bütün yazılarımda, çıxışlarımda deyir, bu vacib addımın Qarabağ problemində yekun nöqtəni vurmağın açar rolu oynayacağını qeyd edirdim. Günorta saatlarında bitirdiyim yazımda da, artıq Rusiya qarşısında bu məsələnin sərt şəkildə qaldırılmasını bir daha vurğulayan fikirlərimi yazıb paylaşanda, açığı təsəvvür etməzdim ki, bir saatdan sonra Laçın yolunda nəzarət-buraxılış məntəqəmizin yaradılması haqqında Dövlət Sərhəd Xidmətinin, Azərbaycan XİN-in bəyanatlarını görəcəyəm.

Deyərdim ki, 8 noyabr 2020-dən sonra Qarabağla bağlı eşitdiyim ən sevindirici xəbər oldu. Müharibədən sonra Azərbaycan Fərrux dağında, Laçın rayon mərkəzində, Zabuxda, Susda, Sarıbabada, Qırxqızda və başqa yerlərdə uğurlar qazanmışdı, amma, strateji baxımdan sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasını ən uğurlu qələbəmiz hesab edirəm. Bu nəzarətsiz yol iki il yarım ərzində bəlalarımızın mənbəyi rolunu oynayırdı. Kimlər keçmədi burdan, nə sərvətlərimiz daşınmadı bu yoldan. Livan terrorçuları, katolikoslar, Fransa prezidentliyinə namizədlər, İran diversantları, Vardanyanlar, Ermənistandan gələn silahlar, hərbi çağırışçılar, daşınan sərvətlərimiz. Bu yolun nəzarətsizliyi erməni separatçılarını da, Ermənistan hakimiyyətini də Azərbaycandan torpaq qoparmaq iddialarında saxlayırdı. İndi bu nəzarətlə üzləşən hər bir erməni biləcək ki, Azərbaycan dövlətinin ərazisinə daxil olur və əlini-qolunu sallayıb istədiyini keçirə, istədiyini apara bilməz.

Bu yolda mövcud əməliyyat şəraiti DSX tərəfindən dəqiq qiymətləndirilməli, buna uyğun canlı qüvvə sayı, avadanlıq, texniki nəzarət aparatları, bir sözlə primitiv şlaqbaum deyil, beynəlxalq standartlara cavab verən sərhəd nəzarət keçid məntəqəsi yaradılmalıdır. Müdafiə Nazirliyi qüvvələrinin də yaxın məsafədə dayanması ilk vaxtlar üçün zəruridir, çünki qarşımızda təxribat törətməkdə peşəkar olan bir millət var.

Rusiya sülhməramlıları ilə hələlik birgə həyata keçirilən sərhəd yoxlamasında Qarabağ ermənilərinin giriş -çıxışı üçün konkret şərtlər müəyyənləşməlidir. Bütün Qarabağ erməniləri Ermənistan Respublikasının vətəndaşı pasportunu daşıyır. Onları İrəvan ermənilərindən fərqləndirən qeydiyyatlarıdır. Qarabağ qeydiyyatı olan ermənilərin giriş-çıxışı zamanı komyuter sistemində siyahısı yer almalı, filtrasiyadan keçirilməlidir. Bu şəxslərə Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olması barədə bizim sərhəd xidməti xüsusi sənəd verməlidir ki, giriş -çıxışda təqdim edilsin. Ermənistan qeydiyyatı ilə Azərbaycan Respublikasının ərazisinə daxil olma da nizamlanmalıdır. Bunu ən yaxşı variantı viza tətbiqi ola bilər, eyni zamanda məhdud giriş-çıxış və qalma müddəti də şərt kimi qəbul oluna bilər. Yəqin detallar Rusiya sülhməramlıları ilə müzakirə ediləcək. Bütün quru sərhədlərimizdə olduğu kimi avtomobillər üçün ayrı giriş-çıxış, piyadalar üçün də ayrı buraxılış yolu müəyyənləşməlidir. Relyef dağlıq və darısqal olsa da uyğun inşaat işləri aparmaq tamamilə mümkündür. İnanırıq ki, DSX nəzarət prosedurunu daha peşəkar şəkildə həyata keçirəcək.

Ermənilər artıq “genosid”, “ etnik təmizləmə” deyib haray salıblar. Bu, onların peşəsi, xislətidir. Heç kəs onların bu ...şüvəninə məhəl qoymayacaq. Əsas da ABŞ, Avropa İttifaqı, çünki hələ Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevin nəzarət buraxılış məntəqəsinin yaradılması ilə bağlı fikri ABŞ VƏ Aİ rəsmiləri tərəfindən normal qarşılanıb, məntiqli olduğunu təsdiqləmişdilər. Rusiyaya yalvarıb məntəqnin ləğv edilməsini istəyənlər bilsin ki, Rusiya tərəfinə nəzarət məntəqəsinin yaradılması ilə bağlı əvvəlcədən zəruri olan informasiya verilib və etiraz da yoxdur.

24 aprel qondarma “genosid” günü ərəfəsində Azərbaycan Respublikasının dövlət sərhədində çoxdan gözlənilən nəzarət buraxılış məntəqəsinin yaradılmasının da ayrı bir özəlliyi var. Bu sərhədə 31 illik nəzarətsizliyə son verildi. Bayrağımız Laçın yolunda, Həkəri körpüsü üstündə dalğalanır. Növbədə Xankəndidir.

İlham İsmayıl