“XALQIN SƏSİ”NDƏ NÖVBƏTİ QALİBİYYƏT

“XALQIN SƏSİ”NDƏ NÖVBƏTİ QALİBİYYƏT

29 Noyabr 2023 10:31
Bəyəndim (2) Bəyənmədim (0)

Dünya televiziyasının efirində yeni yayımlanan “Xalqın səsi” musiqi yarışması az bir müddət ərzində böyük tamaşaçı auditoriyası toplaya bilib. Layihəyə tamaşaçı marağı, baxışı getdikcə dinamik surətdə günbəgün artmaqdadır. You Tube-də olan bir verilişə baxış sayı (41.000-dən çox baxış), teleməkanlarda gedən verilişləri baxımlılıq cəhətdən alt-üst etməsi sözün həqiqi mənasında böyük uğurdur.

Bu, təbii ki, ilk növbədə yaradıcı heyətin gərgin əməyinin nəticəsidir. Verilişin aparıcısı, Əməkdar artist – Əliağa Ağayev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Ağasadıq Gəraybəyli və. s kimi böyük sənətkarların teatr məktəbinin parlaq davamçısı Çingiz Əhmədovun dinamikası, plastika və xoreoqrafiyası, aparıcı mizan və traktovkaları, peşəkarlığı, ünsiyyət mədəniyyəti onun kamilliyinin nəticəsidir. Verilişin bu həftəki yarışma buraxılışı d yadda qalan anlarla hafizələrə yazıldı. Bu həftə-27 noyabr 2023-cü il tarixində olan canlı verilişdə iki iştirakçı – müğənni Zaman Hacıyev və müğənni Səyyad Ağsulu arasında keçən gərgin yarışmada yüksək səs faizi ilə Zaman Hacıyev qalib oldu

Düzgün repertuar seçimi, tamaşaçı rəyi öz sözünü dedi. Münsiflər ustad sənətkar Azad Zamanovun və Əməkdar artist xanəndə Sevinc Sarıyevanın irad və tövsiyələrindən nəticə çıxararaq daha da püxtələşən, Çingiz Əhmədovun səhnə siyasətindən, tamaşaçını ələ almaq qabiliyyətindən bəhrələnərək ifalarını mükəmməlləşdirən ifaçılar arasında gərginlik, ziddiyyət, qalibiyyət əzmi də artır. Yarışmada repertuar seçiminin düzgün olması, xaric notların olmaması, bayağı ifaların səsələnməməsi layihənin möhtəşəmliyi və uğurudur. Qeyd etmək lazımdır ki, bu möhtəşəmlik “Xalqın səsi” layihəsinin rəhbəri İsa Rəvanın televiziya sahəsindəki peşəkarlığının buna qədər də qazandığı uğurların dəsti xəttidir.

Günbəgün maraq dairəsi genişlənən “Xalqın səsi”ndə iştirak edən, yarışan gənc müğənnilərə siz oxucular da səs verin, onlara dəstək olun. Qalib olan iştirakçıya da uğurlar arzulayırıq. İnanırıq ki, gələn həftənin birinci günü axşam saat 10:00-da başlayacaq “Xalqın səsi” verilişində də qalibiyyət uğrunda növbəti duel iştirakçıları arasında gərgin və maraqlı bir yarışmanın şahidi olacağıq.

Alim Nəbioğlu