Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

1 Dekabr 2023 10:18
Bəyəndim (2) Bəyənmədim (1)

Elvin Ramizoğlu

QALSIN

Qazi verdi ayağını,

Vətən ayaqda qalsın.

İtirdi gözlərini,

Həsrət uzaqda qalsın.

***

Siz ki, canlı şəhidsiz,

Hər acıya şahidsiz.

Qəhrəmansız, igidsiz,

Haqq elə haqda qalsın.

***

Ana, sevincdən ağla.

Döndülər şeirə, nağıla.

Qismət olmur hər oğula,

Qanı, bayraqda qalsın.

***

Yoxsa da qol-qanadın,

Vətənlə çəkilir adın.

Qazi, şəhid övladın,

Qoyma qıraqda qalsın

***

Bitsin həsrət, intizar,

Demə “qara xəbər” var.

Büs-bütün ayrılıqlar,

Qoy Qarabağda qalsın.

ƏSGƏR MƏKTUBU

Aramızda səngər qədər uzaqlıq,

Ölüm qədər soyuqluq var, bilirsən?

Atılmayan güllə özü bir həyat,

Bomba oyan oyuqluq var, bilirsən?

***

Cəbhədə mən, arxada sən durmusan,

Düşməni mən, uğuru sən görürsən.

Azadlığın şəhidiyəm, bağışla,

Mən şəhidi ürəyinə hörürsən.

***

Əsir düşsəm sirrinizi vermərəm,

Qumbaranı ürəyimə sıxaram.

Güllə boyda, qəlpə qədər qorxmuram,

Düşmənimin gözünə dik baxaram.

***

Raketlərin qabağını kəsərəm,

Elimizə, obamıza düşməsin.

Nifrətim var məğlubiyyət sözünə,

O da gəlib dilimizə düşməsin.

***

İnanmazdım, sağ qalmışam, gəlirəm

Sevgi adlı döyüşdə də qalibəm.

Vətən bütöv, səndə mənim, ağlama,

Qoy yaşasın, qoy yaşasın, qələbə.

ANAYAM

(Şəhid anasının dilindən)

Şəhid balam, ayağa qalx, son dəfə,

Qucaqlaşaq, bir qucaqlıq anayam.

Yanıb-yanıb köz olmuşam dərdindən,

Görən deyir, od-ocaqlıq anayam.

***

Yer üzündən silahları kürüyəm,

Yüz minlərdən, milyonlardan biriyəm.

Xəbərin var, ölüyəm, həm diriyəm.

Həm o çağlıq, həm bu çağlıq anayam.

***

Ruhun duysun sən andığın qələbə,

Gəlib çatdı, inandığın qələbə.

Can vermisən, qazandığın qələbə,

Tapdı məni bu ucalıq, anayam.

Hazırladı: Isa Ravan