TƏSİRLİ ANLARLA DOLU QALİBİYYƏT

TƏSİRLİ ANLARLA DOLU QALİBİYYƏT

6 Dekabr 2023 10:49
Bəyəndim (2) Bəyənmədim (0)

“Xalqın səsi” musiqi yarışması artıq sərhədlər aşır. Hər kəs bazar ertəsi, saat 22:00-da doğma kanalımız Dünya televiziyasına hakim kəsilərək yarışmanı izləyir, öz fovoritini dəstəkləyir. Yarışmanın 4 dekabr 2023-cü il buraxılışı təsirli anlarla yadda qaldı. Çünki II-ci Qarabağ müharibəsinin iştirakçısı, cəsur döyüşçü, döyüş xidmətlərinə görə medallarla təltif olunan, musiqi müəllimi Aydın Əsədov həmkarı muğam müəllimi, xanəndə Əhəd (Yaqub) Təhməzov ilə musiqi duelinə çıxmışdı. Yarışmaya, duelə ciddi hazırlaşan ifaçılar dolğun məzmunlu repertuar təqdim etdilər. Əbədiyaşar retro mahnıları, muğam və təsniflər, klassik melodiyalar, vətənpərvərlik şərqləri yarışan ifaçıların avazında qüsursuz, əsərə xələl gətirmədən tamaşaçılara təqdim olundu. Layihə rəhbəri İsa Rəvanın veriliş öncəsi iştirakçıları psixoloji hazırlaması da qələbəyə gedən yola təməldir.

Verilişin aparıcısı, Əməkdar artist, gülüş əfsanəsi Çingiz Əhmədovun şən yumorlu atmacaları yarışan gənclərə stimul verərək onların ürəkdən oxumasına baza yaradırdı. Münsiflər heyətinin üzvləri ustad sənətkar, ehtiyatda olan gömrük polkovniki Azad Zamanov, Əməkdar artist, peşəkar xanəndə və muğam müəllimi Sevinc Sarıyevanın ifalara qərəzsiz rəy bildirmələri, ifalara yanaşma tərzinə rəyləri, qazi ifaçıya xüsusi diqqətləri, hətta onlara dostlarından, tanışlarından səs istəmələri gənclərə göstərdikləri dəstəyin əyani və canlı təcəssümü idi. Həyəcanlı musiqi fonunda səsvermə başa çatdı. Səs faizləri hesablandıqdan sonra toplanan səslər axırıncı dəfə ekranda göstərildi. Müəyyən səs faizi üstünlüyü ilə Ağcaədi rayonunu təmsil edən Əhəd (Yaqub) Təhməzov qalib gələrək növbəti tura vəsiqə aldı.

Əziz oxucular, siz də seçim etdiyiniz ifaçıya həftə boyu səs verə bilərsiniz. Gəlin, həmrəng yox, həmrəy olaq və ən layiqlini “Xalqın səsi” musiqi yarışmasının qalibi edək.

P.S: 11 dekabr 2023-cü il tarixində isə 2 ən iddialı, qətiyyətli ifaçılar Babək Hacıyev və Şücaət Mirzəliyev arasında duel yarışması olacaq. Siz də maraqlı və gərgin keçəcək bu yarışmanı izləyərək bəyəndiniz ifaçıya səs verib dəstək ola bilərsiniz.

Alim Nəbioğlu