“Alpan etüdləri”nin davamı: “Alpanımız”

“Alpan etüdləri”nin davamı: “Alpanımız”

20 Dekabr 2023 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

Quba ölkəsində Alpan adlı bir kənd vardır, alban sözündən dəyişilmiş ola bilər”. (A. Bakıxanov. Gülüstani- İrəm. Bakı, 1951, səh.21)

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist-publisist Qvami Məhəbbətoğlunun (Rəsulov) “Alpanımız” kitabı çapdan çıxıb. Bəri başdan qeyd edək ki, bu, müəllifin boya-başa çatdığı Quba rayonunun Alpan kəndi ilə bağlı yazdığı ikinci kitabıdır. (Onun birinci kitabı “Alpan etüdləri” adlanırdı).
Qvami Məhəbbətoğlu bu kitabında oxucunu, ilk növbədə, Alpan kəndinin yer adları və onların etimologiyası ilə tanış edir. Bunu təsadüfi hesab etmək olmaz, çünki toponimlər informasiya daşıyıcıları olub, keçmişi vərəqləməyə də imkan verir.


Şühbəsiz, tarixlə bağlı istənilən fikir dəlil və sübutlara əsaslananda obyektiv və inandırıcı olur. Bu mənada Qvami Məhəbbətoğlunun arxiv materiallarına müraciəti, Alpan kəndinin tarixi ilə bağlı konkret tarixi faktlara istinadı təqdirəlayiq haldır. Müəllifin istifadə olunan arxiv materialları sırasında kameral təsvirlər də xüsusi yer tutur. Belə ki, Qvami Məhəbbətoğlu Alpan kəndi ilə bağlı 1831, 1850, 1863 və 1874-cü illərdə tərtib olunmuş kameral təsvirləri təhlil edir, həmin illərdə kənddə mövcud olan evlərin sayı, kişi cinsindən olan kənd sakinlərinin sayı, adları, yaşı, sosial mənsubiyyəti, məşğuliyyəti, ödədikləri vergilər haqqında, onların bir hissəsinin Alpanı tərk edərək, Xəzər dənizi sahilində yerləşən Seyidli kəndində məskunlaşmaları barədə maraqlı məlumatlar verir. Kitabda 1796-cı ildə baş vermis Alpan döyüşü barədə də ətraflı məlumat yer alıb.

Şübhəsiz ki, İslam mədəniyyətinin inkişafında dini ayin və mərasimlərin həyata keçirildiyi məscidlər də böyük rol oynamışdır. Bu mənada Alpan
kənd məscidi istisna deyildir. Qvami Məhəbbətoğlu, dini obyektlərin təyinatı üzrə fəaliyyətini maksimum səviyyədə məhdudlaşdıran sovet rejiminin süqutundan sonra yenidən dindarların ixtiyarına verilən kənd məscidi, Alpan dini icmasının yaranması və qeydiyyata alınması, məsciddə aparılan təmir işləri və bu zaman qarşıya çıxan problemlər haqqında məlumatları oxucunun diqqətinə çatdırır.
Müəllifin, Alpan kəndində təhsilin və səhiyyə xidmətinin təşkili və bu sahələrdə xidmətləri olan şəxslər haqqında verdiyi məlumatlar oxucuda bu sahələrin keçdiyi yol barədə ümumi təsəvvür yaratmağa imkan verir. Yeri gəlmişkən, müəllifin, təxminən 4 min nəfər sakini olan kənddə xəstəxananın ləğv edilərək, əvəzində həkim məntəqəsinin yaradılması ilə bağlı iradını bölüşməmək mümkün deyildir.
Qvami Məhəbbətoğlu kitabda Alpan kəndi ilə bağlı gülməcə və baməzə
əhvalatlara yer verib, doğma kəndinin tarixini, müasir vəziyyətini və
özəlliklərini işıqlandırmaq üçün poeziya nümunələrinə və fotoşəkillərə
də müraciət edib. Ümumilikdə, onun hazırladığı “Alpanımız” kitabı
zəngin informasiya bazasına malikdir. Bu mənada tarix, coğrafiya, etnoqrafiya, linqvistika, ədəbiyyat, jurnalistika və s. sahələrdə tədqiqat aparan mütəxəssislər üçün əhəmiyyətli ola bilər.

“Şəfəq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qəhrəman Qasımov