DÖNMÜŞ TALEYİMLƏ BAŞ-BAŞA QALANDA

DÖNMÜŞ TALEYİMLƏ BAŞ-BAŞA QALANDA

22 Dekabr 2023 10:54
Bəyəndim (5) Bəyənmədim (0)

Dəniz kənarında gəzirdim. Narın-narın yağış yağırdı, hava da küləkli idi. Qağayılar səmada qatarlaşıb başqa bir səmtə yol alırdı. Şahə qalxaraq coşan dalğalar sahilə çırpılırdı. Hava soyuq olduğundan dəniz kənarında gəzintiyə çıxanlar olduqca az idi. Yağan narın yağış qəfildən gücləndi. Sanki yağış deyil, leysan yağırdı. Dəlisov əsən külək də sürətini artırdı. İnsanlar dolu yağan yağışdan islanmasınlar deyə, sahildən çəkilib dayanacaqlara üz tutdular. Bir cavan oğlan isə yağışa, küləyə əhəmiyyət vermədən elə hey dənizi seyr edirdi. Dolu yağan yağış altında başdan ayağa islanmışdı, heç çətiri də yox idi.

Mobil telefonuna gur səs verib Xalq artisti Gülyaz Məmmədovanın ifasında “Dönmüş taleyim” mahnısına qulaq asırdı. Mahnının sədası ətrafı bürüyərək sakitliyi, sükutu pozurdu. Yağışın bizi islatmasına baxmayaraq evə getmək yox, həmin oğlana yaxınlaşmaq istədik. Əvvəl bir qədər tərəddüd etdik, sonra özümüzü toparlayıb ona yaxınlaşaraq salam verdik. Salamımızı aldı. Gördük ki, yağan yağış kimi, gözlərdindən də yaş sel kimi axır. Sən niyə ağlayırsan?-deyə, soruşduq. “Xeyr, xeyr, o göz yaşları deyil, yağışın damcılarıdır,-deyib yanağına damla-damla axan göz yaşlarını sildi: “Məni yağışda tək qoymayın, bir az söhbət edəyin. Bir azdan qardaşım gəlib məni evimizə aparacaq”-dedi. Birdən əliylə bərk-bərk yapışdığı əsasını gördük, ayağını da tam yerə basa bilmirdi. Ürəyimiz param-parça oldu. Özü başladı danışmağa:

- “Mən qaziyəm, adım Ayxandır. Bakıda yaşamıram. II-ci Qarabağ müharibəsində şəhid olan döyüşçü yoldaşlarımı ziyarət etməyə gəlmişdim. Şəhidlər Xiyabanından çıxıb bura gəldim. Qardaşımın maşını var, məni dəniz kənarına həmişə o, gətirir. Çox əziyyət verirəm ona. Dedim ki, getsin fikrini dağıtsın. Şəhəri gəzsin, bir az dincəlsin. Mən də dənizlə dərdləşim, dalğalarla söhbət edim.

Məni tək qoymadığınız üçün təşəkkür edirəm sizə. “Dönmüş taleyim” mahnısını Gülyaz xanım sanki, mənim üçün oxuyub. Elə yanıqlı oxuyub ki, elə bil ki, mənim dərdimi duyub fəryad edir. Mən və mənim kimi neçə-neçə bəxtsiz gənclərin acısına şərik olaraq oxuyub. İnanın mənə, Gülyaz xanımın “Dönmüş taleyim” mahnısı ilə yatıb, o mahnı ilə də yuxudan oyanıram. 6 yaşında atamı itirmişəm. Müharibədən qayıdandan sonra qayğımı nur üzlü anam, zəhmətkeş bacım və hər əzabıma dözən, məni tək buraxmayan qardaşım çəkir. Sevdiyim qız biləndə ki, mən müharibədə yaralanmışam, əliləm, məndən üz çevirdi, başqasına ərə getdi. Hər sözümə can deyən dostlarımın ayağı yavaş-yavaş evimizdən kəsildi. Son tikəmi böldüklərim məni unutdular. Çoxları haqqı nahaqqa verdi. Əhdini dananaları, yalançı, istifadəçi yoldaşları da gördüm. Heyf ki, onları gec tanıdım. Şükürlər olsun, yenə ayaq üstəyəm, özümə görə imkanım var. Məclislərinin başında məni əyləşdirən, sağlığıma birinci içənlər qeyb oldular. Mən ayağa durandan sonra onları ətrafıma buraxmıram. Ona görə “Dönmüş taleyim” mənim həm dostum, həm sirdaşım, həm də yeganə təsəllimdir. Dövlətimiz məni mənzillə də təmin edib. Özümü, həyatımı və həyatı bu mahnıda tapdım.

Məni Gülyaz xanımın nəğmələri, “Dönmüş taleyim” mahnısı yaşadır. Onun səsi mənim dərmanımdır. Dedirdilər musiqi dərmandır, səs var ki, şəfadır. İnanmırdım. Ancaq gördüm ki, səhv etmişəm. Ən təsirli dərman musiqi imiş. Yaxşı ki, Gülyaz xanım var. Üzünü görməsəm də, səsiylə yaşayıram”.

Bu anda qazimizin gözləri payız buludu kimi doldu. Hər üçümüzün gözləri yaşardı. Telefonuna zəng gəldi. Qardaşı Ayxanı aparmağa gəlmişdi.

- Sizdən ayrılmaq istəməzdim, yolumuz uzaqdır, getməliyəm,-deyib qardaşına yaxınlaşdı və sahildən uzaqlaşdı. Sonra Ayxan geri baxaraq var səsiylə bizə dedi:

- Bir də bura, mənimlə söhbət etdiyiniz yerə tut yetişəndə gələcəyəm. Sevənlərə nəğmə deyə-deyə gələcəyəm, “Mehriban olaq” deyəcəyəm ucadan. “Vətənimsən Azərbaycan”, “Aydan şövq alırsan” deyib Günəşdən işıq diləyəcəyəm. Mən mütləq gələcəm. Çünki “Dönmüş taleyim”i dənizə, dalğalara əmanət qoyub gedirəm. Məni yaşadan “Dönmüş taleyim”i.

Son söz əvəzi: Əgər bir sənətkarın səsi, ifası sınıq, küskün qəlbli gəncə məlhəm, yaşam eşqidirsə, ayaq üstə dayanmağında güc, qüvvətdirsə, nə xoş o sənətkara.

Gülyaz Məmmədova xoşbəxt sənətkardır ki, səsiylə, nəğmələriylə insanları yaşamağa, həyatdan zövq almağa, daha da güclü olmağa stimul verir!

Qələmə aldılar: Alim Nəbioğlu,

İsa Rəvan.