POEZİYANIN REYHANƏ ASLAN ZİRVƏSİ

POEZİYANIN REYHANƏ ASLAN ZİRVƏSİ

25 Dekabr 2023 07:16
Bəyəndim (41) Bəyənmədim (0)

Göylərin ədalət prinsipi ilə idarə olunduğu kainatda söz varlıq aləminin canlı əşrəfi olan insanlara səmadan, Ulu Yaradandan gəlibdir. Sözün qüdrəti onun kəsərində və gücündədir. Lakin söz onu anlamayanlar yanında öz dəyərini itirir, sözə qiymət verənlər yanında isə dəyərli və hörmətli olur. Sözün ən çox geniş işləndiyi sahə bədii ədəbiyyatdır. Ədəbiyyatın bətni sözlə yoğurulub, sözlə də zahiri bir əsər yaradır. Əgər sözün qüdrəti poeziyamızda Nizami, Xəqani, Füzuli, Nəsimi, Şirvani və. s. ilə tükənmiş olsaydı, sonradan bu qədər poeziya incilərimiz yaranmazdı. Şairin gücü ilham təbindən gələn sözü ruhu ilə duyub məna dolu ifadələrlə düzgün və dolğun şəkildə nəzmə çəkməsindən asılıdır. Poetik duyğuların hakim kəsildiyi qəlb istər-istəməz o duyğuların təəssüratında yaşayır və poeziya yolunda özünə yeni cığırlar açır. Reyhanə Aslan da poeziyamızda fəlsəfi duyğuları ilə özünəməxsus poetik cığırlar açan, ruhunun müqəddəsliyi və gücülə sözün qüdrətini yerində təbinin mənasına mirvari kimi düzən şairlərdəndir. Şairlik sonradan bir sənət kimi seçilmir, o insanda fitrən olduğundan təb və ilham vasitəsilə özünü büruzə verir. Reyhanə Aslan qəlbində tüğyan edən poetik duyğulara biganə qalmayır. Poeziyaya ürəkdən bağlanan şair çoxlu sayda bir-birindən gözəl şeirlər yazıb yaradır. Yorğun olan beyin onun poeziyasının kölgəsində öz dincliyini tapır. Özünəməxsus, dərin düşüncə tərzində nəzmə çəkdiyi poetik deyimlər insanda duyumsal duyğular yaradır. Məhəbbət müstəvisində cilalanan duyğuların pıçıltısını eşidirsən. Nakam məhəbbətin hicran dolu ağrı-acısını görürsən. Bu da şair öz hislərini oxucusuna duyğusal tərzdə çatdıra bilməsindən və poetik duyğuları ilə oxucusunun qəlbinə hakim olmaq iqtidarından irəli gəlir. Reyhanə Aslanın poeziyasında sanki bir nisgillik, nigaran və narahatçılıq, acı təəssüratlar da yer alır. Bu, onun taleyinin gedişatındanmı, vətənindən və doğmalarından uzaq qürbətdə yaşanan qəriblik həsrətindənmi, deyə bilmərəm. O, öz daxili hisslərini, təəssüratlarını güclü poetik bir seçimdə nəzmə çəkə bilir, ürəyəyatım ifadələrlə oxucusuna çatdırmağı bacarır. Reyhanə Aslan qəlbində tüğyan edən poetik duyğulara biganə qalmayaraq onları şövqlə çatdırmağa qələmini təhrik etmişdir. Şair yaşadığı və şahidi olduğu hadisələri özünəməxsus tərzdə bədii formada oxucusuna çatdırır. Fikirlərinin dolğunluğu Reyhanənin poeziyasının məna və dərinliyini daha da artıraraq onun yaradıcılığını həqiqi mənada zirvələrə qaldırır. Bu onun qələminin və qəlb duyğularının vəhdətindən irəli gəlir. Qəlbini bütün pisliklərdən uzaq edib və bütün yaxşılıqlara sövq edərək yaşamaq naminə deyil, yaşadaraq yaşamağı bacarır. O, düşünərək qəlbinin hisslərini vərəqlərə köçürə-köçürə yazıb-yaradır. Çünki yaradıcı insan düşünmədən, duyğularını qəlbən yaşamadan yazıb-yarada bilməz. Ona görə də fəlsəfi dünyasını özündə ehtiva edən dolğun şeirlər əxz edir. Rasional formada ərsəyə gətirdiyi şeirlərində bunu aydın görürük. Duyumsal şeirlərində o, vəfadar aşiqdir, qəhrəmanlıq mövzusunda – dünyəvi, dövrün zaman kəsiyindən qopan haraylara biganə qalmayan, humanizm prinsiplərində insanlıq fədaisidir. Van Qoqun deyimi ilə desək başqalarının halına yana bilən insan yaşamağa layidir. Bu mənada Reyhanə fələyin çəkdirdiyi iztirablara dözərək başqalarının da halına yanan şairdir. O, gördüyü və şahidi olduğu hadisələri, gözəllikləri incə şair ruhu ilə vəsf etməyi bacarır.

Aristotel deyir ki, “Ruhun gözəlliyi bədənin gözəlliyi qədər asanlıqla görünə bilməz”. Biz Reyhanənin şeirlərinin məzmun və mənasında onun ruhunun gözəlliyini, saf və müqəddəsliyini aydın şəkildə görə bilirik. Əvəzolunmaz insan yoxdur. Lakin əvəzolunmaz olmaq üçün həmişə fərqli olmaq lazımdır. Reyhanə Aslan da poeziyada öz üslubu, sözünün ifadə tərzi və qüdrətiylə əvəzolunmazdır. O, hər mövzuda qələmini sınağa çəkir və de-fakto bu sınaqdan uğurla çıxır. Yaratdığı mövzulara konstruktiv yanaşaraq poetik duyğularını, duyumsal olan təfəkkür və düşüncələrini bədii çalarlarla rəngarəng biçimdə oxucuya çatdıra bilir. Mənən zövq alaraq qəlbini saflaşdırır. Ümidvaram ki, aşağıda təqdim etdiyim şeirləri Reyhanə Aslanın oxuculara qiymətli bir töhfəsi, onlarla debat halında söhbətləşməsi və poetik fikir mübadiləsi olacaq.

İsa Rəvan

Reyhanə Aslanın şeirləri

QƏZƏL

Sorma kim paytaxt edib, məni bu can məkanında?

Can onun, paytaxt onun, məkan onun divanında.

Söhbəti məclis edir sirri dəhan ilə dilim,

Sirr onun, söhbət onun, məclis onun cahanında.

Günümü dara çəkib əqlimin ol vəhşi yanı,

Gün onun, əqlim onun, vəhşim onun zindanında.

Məni idrak eləyir ağlım ürək bağçasında,

Mən onun, ağlım onun, bağçam onun nihanında.

Sözlərim nəqş eyləyir qanımda qan dövranını,

Qan onun, dövran onun, sözlər onun məhtabında.

Hakimi vəhdət odur, mülkində canan olduğum,

Həm canım, həm cananım, yalnız onun fərmanında.

Eşqimi agah edən ruhuma məcnunluq edir,

Eşq onun, ruhum onun, məcnunu mən Reyhanında.

***

BU ŞƏHƏR

Yenə də gecənin dodaqlarından,

Uduram həsrətin dağ havasını.

Yenə yuxuların dar qapısından,

Düşürəm göylərin zər naxışına,

Bu şəhər inanmır gözüm yaşına.

***

Yenə qərib ölkə, yenə yad məkan,

Dörd yanım buz dolu, dörd yanım tikan.

Yenə qəmli baxan Ay işığından,

Baxıram bəxtimin qır yağışına,

Bu şəhər inanmır gözüm yaşına.

***

Yenə öz-özümdən düşmüşəm ayrı,

“Qapısız, bacasız” hicran evində...

Yenə ağlım çaşqın, qəlbim yaralı,

Fikirlər dolutək vurur başıma,

Bu şəhər inanmır gözüm yaşına.

***

Yenə də taleyin fırtınasında,

Əsir qasırğalar qaradan qara.

Nə ömrə vəfa var, nə zalım yara,

Bir gün çəkəcəklər məzar daşına,

Bu şəhər inanmır gözüm yaşına...

İTİRMİŞƏM ÖZÜMÜ

Səndən əvvəl gülüşlərim var idi,

Gözlərimdə işıl-işıl parlayan.

Səndən əvvəl hüzur mənə yar idi,

Heç yox idi ürəyimi dağlayan.

***

Rəngi çoxdu səndən əvvəl həyatın,

Səndən sonra iki rəngə büründü.

Səndən əvvəl vardı qolum-qanadım,

Qırıldılar, dizin-dizin süründüm...

***

Səndən əvvəl dünya gözəl dünyaydı,

Səndən sonra çirkinləşdi, kirləndi.

Baxışlarım dupduru bir dəryaydı,

Səndən sonra gözlərim də lilləndi.

***

Səndən əvvəl yox idi ayrılıq da,

Bilməz idim, dadı nədir, tamı nə.

Səndən əvvəl bir mən vardı yanımda,

Səndən sonra həsrət qaldım o mənə.

BƏYAZIM

Sənə sığan cahanam,

Mənə dar gələn canda.

Sənə məndən yaxınam,

Mənə uzaq dünyada.

***

Sən elə dəryasan ki,

Dərinlərdən də dərin.

Həyat incidir sanki,

Mən üstündə əsərin.

***

Gözdə görünməyənim,

Əlimin əl yerisən.

Mənə bələd mələyim,

Qəlbimin pak dirisən.

***

Möcüzəli Bəyazım,

Dəli təbiətimsən.

Bəxtimdə qar ayazım,

Ömrümə doğan günsən!

GƏLİR

Tökülür bağrımın qanı,

Ağrıyır ağrımın canı.

Sənsiz qalan bu dünyanı,

Tərk edib getməyim gəlir.

***

Ömür məndən kənar keçir,

Saat ölçür, zaman biçir.

Ölüm də yaxşını seçir,

Ölümdən içməyim gəlir.

***

Gündən-günə dəyişirəm,

Gözdən yanağa düşürəm.

Əllərimdən sürüşürəm,

Əlimdən düşməyim gəlir.

***

Ah çəkirəm, yanır ahım,

Acıdan ağlar günahım.

Bağışla məni, Allahım,

Özümdən getməyim gəlir.

YENƏ

Yenə sənsiz gün yarı,

Yenə sənsiz bir axşam.

Başdakı ağrıları,

Ürəyimə yığmışam.

***

Yenə sənsiz, səninlə,

Yürüyür ayaqlırım.

Sükut gəzir dilimdə,

Çatlayır dodaqlarım.

***

Yenə qəlbimdə kədər,

Düşüncələr buz kimi...

Küləklər səndən betər,

Silkələyir hissimi.

***

Yenə fəsil dəyişir,

Xəzan çökür içimə.

Gözlərimə cən düşür,

Qəm yağır sevincimə.

***

Yenə də dumanlanıb,

Sənə doğru gəlirəm.

Özümü məndən alıb,

Məni sənə verirəm.

***

Qaldır göz qapağını,

Səndən yağan məni gör!

Sonra da bu dünyanı,

Payız çələnginlə hör.