ELƏ BAXMA, GÖZLƏRİNIƏ GÖZ DƏYƏR...

ELƏ BAXMA, GÖZLƏRİNIƏ GÖZ DƏYƏR...

8 Yanvar 16:24
Bəyəndim (9) Bəyənmədim (1)

Bu dəfə oxucularımızı retro duyğuların ağuşuna almaq istəyirik. Onları ötən illərə qaytarmaq, dünəndən bu günə boylanıb uzaqlara aparmaq istəyirik. Bir zamanlar konsert salonlarımızı, efirlərimizi bəzəyən, səhnəyə, efirə çıxdığı ilk gündən minlərlə tamaşaçının sevimlisinə çevrilən bir xanımı, müğənnini yaddaşlarınıza qaytaracağıq. Nostalji hisslərinizlə sizləri baş-başa buraxacağıq. Yəqindir ki, siz də onu illərdir görmürsünüz, darıxmısınız onun nəğmələri, özü, sözü üçün. Söhbət 7-17 televiziya müsabiqəsinin laureatlarından olan, ali musiqi təhsilli Mehriban xanım Səfərovadan gedir.

Daha yaxından yaddaşlarınızı təzələmək üçün bir dueti xatırlatmaq yerinə düşər: “Qonşunun qızı” mahnısı. Əməkdar artist Qorxmaz Əlili və Mehriban Səfərova dueti. O zaman dillər əzbəri idi bu duet. Artıq 20 ildən çox vaxt keçib o illərdən. Ancaq yenə Mehriban xanım əsl musiqi sevərlərin, sənətə qiymət verənlərin qəlbindədir.

Səhnə mədəniyyəti, geyim mədəniyyəti, ifaçılıq mədəniyyəti ilə seçilən, oxuduğu mahnılarla yaşayan, mahnıların hər bir sözünü obraza çevirib mənasını tamaşaçıya dolğun məzmunda çatdıran sevilən müğənnimiz Mehriban Səfərova. Plastikası, dinamikliyi, meydangirliyi, hər zaman nurlu üzündəki təbəssümü ilə tamaşaçıya yalnız müsbət enerji, ovqat bəxş edən ifaçı. Hər zaman yaradıcılıqla məşğul olsa da, fasilələrlə efirlərdə görünməsə də, el şənliklərimizin, qadın toy-nişanlarımızın ən təlabatlı, arzuolunan müğənnisidir.

Bakı kəndlərində düzənlənən qadın toy-düyünlərini, xınayaxdılarını Mehriban xanımsız təsəvvür etmək qeyri-mümkündür. Toyları o dərəcədə şux idarə edir ki, hər kəs oynayır. Qeyd edək ki, qadın məclisləri çox ağır olur və fasiləsiz istənilən, sifariş olunan mahnıları bilmək, oxumaq, onların nəbzini tutub məclisi başa çatdırmaq xüsusi bacarıq tələb edir. Elə ona görədir ki, illərdir Mehriban xanım liderliyini qoruyub saxlayır.

İllər öncə onun axtarışına çıxdıq. Əlaqə nömrəsini tapdıqdan sonra onu birbaşa ANS-də Kamran Həsənlinin apardığı “Günəbaxan” verilişinə dəvət etdik. “Elə baxma, gözlərinə göz dəyər” Ələkbər Tağıyev bəstəsi ilə efirdə göründü və dəyişməz Mehriban olduğunu tamaşaçıya göstərdi. Daha sonra ardıcıl olaraq Ulvira Qarayevanın apardığı “Evdəyik” verilişinin qonağı oldu. Hər efir görüşü uğurla qarşılandı, alqışlandı. Və həmin zamanlar “Siyəzən broyler”in reklamına çəkildi. Ulvira Qarayeva, Əvəzxan Xankişiyev və Mehriban Səfərova səhnəcik formasında çəkilən reklam çarxında özünü bir aktrisa kimi də təsdiqlədi. Kəndçi qadın obrazını elə yaratdı ki, gəl görəsən. Bu reklam çarxı aylarla ANS-də yayımlandığından Mehriban Səfərova bir daha yaddaşlara həkk olundu. Azər Axşamın, Mətanət xanımın da verilişlərində qonaq oldu. Hətta “N” saylı hərbi hissədə də Azərbaycan əsgəri qarşısında çıxışlar etdi. Əməkdar artistlər Çingiz Əhmədov, Zeynəb Behbudova, Elza Qaybalıyeva kimi sənətkarlarla bərabər əsgərlərimizi nəğmələriylə sevindirdi, “Fəxri Fərman”la təltif olundu.

Nədənsə müğənni tamaşaçılarını tez-tez intizarda qoyur. Ancaq sosial şəbəkələrdə fəal olan müğənni xanım efirlərdə görünmür. Ona pərəstiş edən tamaşaçılarını həsrətdə qoyur. Heç olmasa sosial şəbəkədə paylaşımlarına baxıb musiqi zövqümüzə zövq qatırıq. Yeriniz görünür, səsiniz, ifalarınız üçün çox darıxıb tamaşaçı. Səsi, sənəti olmayanların at oynatdığı bir vaxtda görünün. Qoy onlar sizin ifanızı, səhnə hərəkətlərinizi, oxu tərzinizi görüb utandıqlarından mikrofona əlvida desinlər. Hər zaman ciddi, ancaq rəngarəng, 7 rəngli muğamımızın rənglərini özündə cəmləşdirən səhnə geyimlərinizdən ibrət götürsünlər. Siz bir nümunə olaraq həm xanım tərbiyəniz, həm də müğənni mədəniyyətinizlə seçilmisiniz. Bunun üçün var olun. Onu da qeyd edək ki, yeni aranjemanda Mehriban Səfərova “Qonşunun qızı” mahnısını Elnur Məmmədovla duet oxuyub.

Səhnə, efir sizin üçün yaman darıxıb. Yeriniz yaman görünür. Həmişə toy-nişan məclisləri, xoş günlər nəsibiniz olsun.

Efirlərdə yeriniz yaman görünür, yaman görünür.

Hazırladılar: Alim Nəbioğlu,

İsa Rəvan