Mənim nakamlığım kasıblıq oldu...

Mənim nakamlığım kasıblıq oldu...

10 Mart 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Mənim nakamlığım kasıblıq oldu....

Kül olmuş bir eşqin səssiz fəryadı,

Sinəmi dağlayar, ağladar yadı.

Qəlbimə möhürtək vurulub adı,

Mənim nakamlığım kasıblıq oldu...

***

Nə mən Məcnun oldum, nə də o Leyli,

Salmışdı o mənə, mən ona meyli.

Fələk ayrı saldı, olduq gileyli,

Mənim nakamlığım kasıblıq oldu...

***

Coşqun bir çay idik, axa bilmədik,

Sevinclə dünyaya baxa bilmədik,

Şimşək olduq, amma çaxa bilmədik,

Mənim nakamlığım kasıblıq oldu...

***

Yağış olub, çöllərinə yağmadıq,

Selə dönüb düzlərinə axmadıq.

Barmaqlara heç üzük də taxmadıq,

Mənim nakamlığım kasıblıq oldu...

***

Ürək sevdiyini çətin unuda,

Min yol qurban oldum gündə o ada.

Yetmədi Allahım, yetmədi dada

Mənim nakamlığım kasıblıq oldu...

***

Qanadı qırılmış bir quşa döndüm,

Gah yandım, gah dondum, gah da ki, söndüm..

O mənim bir qibləm, mən ona döndüm,

Mənim nakamlığım kasıblıq oldu...

***

İsladacaq məzarımı göz yaşım,

Ağlayacaq həm torpağım, həm daşım

Eşitməz naləmi daha sirdaşım,

Mənim nakamlığım kasıblıq oldu...

Mənim nakamlığım kasıblıq oldu...

Əziz Mustafa,yazıçı-jurnalist,

Azərbaycan YazıçılarBirliynin üzvü

Masazır 10.03.2024