Mənim nakam məhəbbətim

Mənim nakam məhəbbətim

26 Mart 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Mənim nakam məhəbbətim

Qəlbimizdə sevinc dolu,

Qoşa gedək dedik yolu.

Tufan kəsdi sağı, solu,

Mənim nakam məhəbbətim

***

Söndü ocaq oldu külüm

Boran gəldi soldu gülüm.

Kim eylədi bizə zülüm,

Mənim nakam məhəbbətim

***

Qismət oldun sən bir yada,

Saldın məni yanar oda.

Heç kim çatmaz daha dada,

Mənim nakam məhəbbətim

***

Damarlarda dondu qanım,

Alovlanıb yandı canım.

Axı onu necə danım?

Mənim nakam məhəbbətim

***

Qınamasın mənə heç kim,

Yana-yana dərdi çəkim.

Çarəsizdir yüz min həkim,

Mənim nakam məhəbbətim

***

Nə ağırmış mənim daşım,

Axıtmağa yox göz yaşım.

Necə dolum, necə daşım,

Mənim nakam məhəbbətimn

***

Qönçə oldun, gül açmadın,

Günəş oldun nur saçmadın.

Mənə doğru heç qaçmadın,

Mənim nakam məhəbbətim

***

Sinən üstə baş qoymadım,

Daşın üstə daş qoymadım.

Yar, gözündə yaş qoymadım,

Mənim nakam məhəbbətim

***

O ağladı, mən ağladım,

Çeşmə olub dərd çağladım.

Can çəkişən göz bağladım,

Mənim nakam məhəbbətim

***

Saçlarıma düşən dənsən,

Həm dumansan, həm də çənsən.

Hara getsəm mənimləsən,

Mənim nakam məhəbbətim

***

Pərvanə tək o da yandı,

Nalə çəkib od da yandı.

Məhəbbətdən kim doyandı?

Mənim nakam məhəbbətim

***

Bulaq olub içilmədik,

Torpağına əkilmədik.

Zəmi olub biçilmədik,

Mənim nakam məhəbbətim

***

Mən səndəyəm, sən məndəsən,

Həm gecəmsən, gündüzümsən .

Son mənzilim, beşiyimsən,

Mənim nakam məhəbbətim...

Mənim nakam məhəbbətim...

Əziz Mustafa