BİR QADIN TALEYİ

BİR QADIN TALEYİ

28 Mart 14:09
Bəyəndim (1) Bəyənmədim (0)

(Əsər real həyatda baş vermiş hadisələr əsasında qələmə alınıbdır)

I-ci hissə

Cahan ziyalı bir ailədə doğulub boya-başa çatmışdır. Əslində Cahan ailədə atası Fazil müəllim tərəfindən istənilməyən, arzulanmayan bir uşaq idi. Atası həmişə övladları arasında ayrı-seçkilik salır, Cahanı böyük bacısı Arzu, qardaşı Azərdən ayrı tuturdu. Bütün bunlar Cahanın gözündən yayınmır, atasının nədən onu sevmədiyini düşünür, özünə suallar verir, verdiyi suallara isə cavab tapa bilmirdi.

Atası Fazil müəllimdən fərqli olaraq, anası Gülzar xanım hər zaman Cahanın qayğısına qalır, ondan ana sevgisini əsirgəmirdi. Onun üçün Cahan tam fərqli idi, onun gəlişi Gülzar üçün Allahdan bir hədiyyə idi. Cahanla bərabər bütün övladlarına diqqət, qayğı göstərməsinə baxmayaraq, Cahanı daha çox müdafiə edir, onu bütün pisliklərdən qorumağa çalışırdı. İxtisasca həkim olan Gülzar xanım bilirdi ki, qəfil hər hansısa bir hadisə Cahanın həyatını qaralda bilər. Çünki Cahan riyakar dünyanın saf bir mələyi idi. O zamana qədər ki...

Son dönəmlərdə səhhətində problemlər yaranmışdı Gülzar xanımın. Hətta səhhətilə bağlı tibbi müayinələrdən belə keçib cavablarını almışdı. Artıq bilirdi ki, illərdir ona əziyyət verən xəstəlik artıq onu ram etmişdi. Amma Gülzar xanım bütün bunlara baxmayaraq heç ölmək istəmirdi, əksinə, yaşamaq və yaşayaraq qızı Cahanı oxudub ali təhsilli bir qız kimi görmək istəyirdi. Anası Gülzar xanımın xəstəliyindən 15 yaşlı Cahanın da xəbəri var idi. O, anasının xəstəliyini təsadüfən öyrənsə də, anasının özünə deməyə qorxurdu. Gülzar xanın isə xəstəliyini bacısı Məlahətdən başqa heç kəsə deməmişdi. Düz o günə qədər ki...

Günlərin bir günü yenə Gülzar xanım dərmanlarını qəbul etdikdən sonra işə getməyə hazırlaşırdı. Güzgü qabağında özünə çəki düzən verərək qızı Cahanın maraqla ona baxdığını görüb gülümsədi. Ona göz vurub, gözləri ilə oxşadı. Cahan yerindən durub: “ana səni çox istəyirəm” deyə, qaçaraq onun boynunu qucaqladı. Gülzar xanım onun saçlarını oxşayıb öpərək “mən də səni”, dedi. Cahan ona baxdı, qorxa qorxa-qorxa: “ana, sənə bir söz deyə bilərəm”, dedi.

- Buyur, gözlərimin işığı.

- Amma qorxuram bu sözü deməyə, ana. Ana, mən qorxuram, səni itirməkdən çox qorxuram.

Gülzar xanım onu qucaqlayıb bir də öpdü:

- Məni niyə itirəsən ki, Cahanım?

Cahan doluxsunmuşdu, ona baxıb:

- Mən hər şeyi bilirəm ana, dedi. Sən öləcəksən, hə?!

Cahanın bu sualı Gülzar xanımı duruxdurdu. Nə cavab verəcəyini bilmədiyindən ayağa durdu. Pəncərəyə yaxınlaşıb çölə baxaraq dərindən ah çəkdi. Cahan isə cavab gözləyirdi. Sualının cavabsız qalmasını istəmirdi:

-Ana, -dedi, -mən cavab gözləyirəm, sən öləcəksən hə?! Sən xəstəsən?

- Sən bunu hardan çıxartdın? - deyə, Gülzar xanım gözünü pəncərədən ayırıb, qızı Cahana baxdı.

- Ana, bilirəm hər şeyi. Sən xəstələnmisən və öləcəksən. Bəs mən, ana? Əgər sənə nəsə olsa, mənə nə olacaq? - deyə, özünü saxlaya bilməyən Cahan ağlamağa başladı. Onun gözyaşlarına dözə bilməyən Gülzar xanım yaxınlaşıb onu qucaqladı. Saçlarını oxşayıb, alnından öpdü:

- Mən yaxşıyam, ananın ürəyi. Sadəcə bir qədər nasazlamışam, o da bir müddət sonra keçib gedəcək, Cahanım.

- Ana, mən hər gün Allaha dua edəcəm ki, sənə heç nə olmasın. Sənə heç bir şey olan deyil.

- Əlbəttə.

- Əgər sənə bir şey olsa, mən də səninlə ölərəm.

Cahanın son sözləri Gülzar xanımı kövrəltdi. Onu yenidən bağrına basıb, başından öpərək saçlarının ətrini içinə çəkib öz-özünə - “mən yaxşıyam, mən ölməyəcəyəm, mən yaşayacağam”-deyib, istər-istəməz gözündən axan yaşı gizlincə sildi. O, yaxşı bilirdi, bilirdi ki, xəstəliyi ciddidir, artıq atdığı həblər belə ona kömək etmir. Bilirdi ki, qəfil bir gün o, həyata “əlvida” deyərək gözlərini yumacaq. Ömrü boyu qızı Cahana yalan danışmayan Gülzar xanım, indi məcburiyyətdən yalan danışmışdı. Əlbəttə, yalan danışmasına baxmayaraq, 15 yaşlı Cahan bu yalana inanmamışdı. Anası Gülzar xanımın xəstəliyini biləndən sonra Cahan özünə yer tapa bilmirdi. Xəstəliyi artmışdı Gülzar xanımın, işə belə getmirdi. Yalnız evdə olur, günün yarıdan çoxunu uşaqlarla birgə keçirdirdi. Sadəcə ölmək istəmirdi Gülzar xanım. O, yaxşı bilirdi ki ölümündən sonra heç də hər şey Cahan üçün yaxşı olmayacaq. Məhz elə bu səbəbdən də hər gecə Allaha dua edərək belə tezliklə ölməməsi üçün, Cahanın xoş gününü görmək üçün Allahdan möhlət istəyirdi. Cahan da heç nəyə laqeyd qalmamışdı. Otağındakı çarpayısında oturub, əlini göyə açaraq Allahdan anası üçün şəfa istəyirdi. Amma sən saydığını say, gör fələk nə sayır...

Ardı növbəti buraxılışımzda.